27 Mayıs 2025 Salı

Fərasətlə Baxmaq

 Bəzən elə baxışlar olur ki, yalnız gözlə deyil, könüllə görər. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Möminin fərasətindən çəkinin. Çünki o, Allahın nuru ilə baxar.” Belə bir baxış sadəcə səthə ilişib qalmır; dərinliyə enir, görünənin arxasındakı həqiqəti duyur. Çünki bu baxışın məqsədi, görünənin o biri üzünü də görməkdir.

Bəzən insanın gözləri açıqdır, amma yenə də kor kimidir. Hadisələrin yalnız zahiri tərəfini görür, daxili mənasını, hikmətini, Allahın işarəsini sezmir. Məhz bu nöqtədə fərasət meydana çıxır. Bu, adi diqqət ya da təcrübə deyil; Allahla yaxınlıq quran bir qəlbin ayıqlığıdır. Gözün deyil, qəlbin görməsidir.

“Fərasət” sözü ərəbcə “fəres” – yəni “at” sözündən yaranır. Atların bir qabiliyyəti var: eyni anda həm qabaqlarını, həm də arxalarını görə bilirlər. Bu səbəbdən də atlara gözlük taxılır ki, yalnız irəliyə baxsınlar. Amma bu məhdudiyyət, mömin üçün olmamalıdır. Mömin həyatın yalnız bir tərəfinə deyil, bütün tərəflərinə baxmalıdır. Görünənlə kifayətlənməməlidir.

Qurani-Kərim bizə dəfələrlə baxış bucağımızı genişləndirməyi tövsiyə edir. Xızır ilə Musa (ə.s) arasında baş verən hadisə, bizə göstərir ki, hər şey göründüyü kimi deyil. Bəzən bir hadisənin arxasında daha böyük, daha hikmətli bir plan olur. Rum surəsində Allah buyurur: “Onlar dünya həyatının yalnız zahirini bilirlər…” Yəni daxilə yönəlməyənlər həqiqətdən uzaq qalır.

Bəzən bizə zərərsiz görünən şeylər içində zəhər gizlənə bilər. Bəzən şeytan da qarşımıza insan surətində çıxar; gözəl sözlərlə, cəlbedici görüntülərlə bizi yoldan çıxarmağa çalışar. Elə bu anlarda özümüzə sual verməliyik: “Görəsən kimlərsə gözlərimizə nəsə taxıbmı? Baxışımızı daraldıblarmı? Gördüklərimiz həqiqətdirmi, yoxsa göstərilmək istənənmi?”

Belə zamanlarda bir dua keçməlidir könüldən:

“Allahım! Batili bizə batil olaraq göstər və ondan uzaqlaşmağı nəsib et. Haqqı bizə haqq olaraq göstər və ona tabe olmağı asanlaşdır. Bizə əşyanın həqiqətini göstər.”

Həqiqəti görmək üçün yalnız gözlər yetməz; bəsirət, dərinlik, ən çox da Allaha yaxın bir qəlb gərəkdir. Mömin yalnız hissələri deyil, bütünü anlamalıdır. Yalnız bu günü deyil, sabahı; yalnız dünyanı deyil, axirəti də düşünməlidir. Fərasət, bu geniş baxışla ortaya çıxır.

Bu qaranlıq çağda, əgər yolumuzu itirmişiksə, bilin ki, fərasətimizi itirmişik. Halbuki fərasət, Allahla səmimi əlaqə quranlara verilən bir nemətdir. O əlaqə zəiflədikcə, haqqla batili ayırd etmə gücümüz də zəifləyir. Amma yenə də ümid var. Çünki mömin nə qədər sarsılsa da, kökü torpaqdadır.

Mömin, rüzgarda əyilən, amma kökü yerə bağlı buğda başağı kimidir. Yıxılsa da, qalxar. Amma kafir şam ağacı kimidir – möhkəm görünər, amma bir dəfə yıxıldımı, bir daha ayağa qalxa bilməz.

Allahım! Bizə haqqla batili ayırd edə biləcəyimiz bir fərasət bəxş et. Gözlərimizi aç, qəlbimizi oyat. Əşyanın zahirini və batinini anlayacaq bir idrak nəsib et... Amin.

Hiç yorum yok:

Yorum Gönder

Dindarlıq və Tədəyyün

Dindarlığın ən əsas və mübahisəsiz qaynağı, onun sərhədlərini müəyyən edən yeganə şəxs Peyğəmbərdir (sav). Əslində İslam mədəniyyətini də Pe...