15 Temmuz 2025 Salı

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən danışanda bugünkü geniş mənada iqtisadiyyat nəzərdə tutulmurdu. Əsas diqqət dövlətin gəlir mənbələri və bu gəlirlərin necə xərcləndiyinə yönəlirdi. Ticarət, əkinçilik, heyvandarlıq və sənətkarlıq da iqtisadi həyatın ayrılmaz hissəsi olsa da, həmin dövr üçün ən vacib mövzu dövlət büdcəsinin gəlir və xərcləri idi. Bu dövrdə iqtisadi dəyişikliklər əsasən Peyğəmbərimizin (sav) dövründən fərqli olaraq yeni ortaya çıxan tətbiqlərlə bağlı idi və mövzunun böyük bir hissəsi Hz. Ömərin siyasətinə əsaslanırdı. Hz. Osman və Hz. Əli dövründə isə əvvəlki siyasətə ciddi dəyişikliklər edilmədi.

İslam dünyasında iqtisadi mövzularla bağlı qələmə alınan əsərləri ümumən iki böyük başlıq altında toplamaq olar:

  • Kitabül-Xərac (Xərac kitabları): Bu əsərlər əsasən vergilərdən bəhs edir. Əbu Yusufun Kitabül-Xəracı bu mövzuda ilk və ən vacib nümunələrdən biridir. Əbu Yusuf, İmam Əzəmin ən məşhur tələbələrindən hesab olunur.

  • Kitabül-Əmval (Mallar kitabları): Bu əsərlər isə dövlətin ümumi gəlir və xərclər sistemini araşdırır. Bu sahədə ilk əhəmiyyətli nümunələrdən biri, hədis elmi sahəsində də adı çəkilən Əbu Ubeyd əl-Qasım ibn Səllamın Kitabül-Əmval əsəridir. Ondan sonra İbn Zəncəveyhin Kitabül-Əmval əsəri də bu mövzuda əhəmiyyətli mənbədir.

Bundan əlavə, bu məsələlərə dair əsas istinad mənbələri Quran, təfsirlər, fiqh kitabları, hədis topluları, siyər və tarix kitablarıdır.

Dövlətin Əsas Gəlir Mənbələri və Hz. Ömərin Yenilikləri
Hz. Ömər dövründə beytülmalın gəlirləri əsasən üç əsas sahəyə bölünürdü: fey, xüms və sədəqə (zəkat). Xüsusilə fey gəlirləri Hz. Ömərin iqtisadi siyasətinin təməlini təşkil edirdi.

1. Xərac (Torpaq Vergisi)

"Xərac" sözü bugünkü dildə ümumi vergi mənasında işlədilsə də, İslam hüququnda əsasən qeyri-müsəlmanların əkin torpaqlarından alınan vergi mənasındadır. Maraqlıdır ki, bir müsəlman bir qeyri-müsəlmandan xərac torpağı alarsa, torpağın statusu dəyişmir və həmin torpaq üçün xərac vergisi verilməyə davam olunur. Bu, xəracın şəxsdən deyil, torpağın statusundan asılı olduğunu göstərir. Xəracla zəkatın əsas fərqi bundadır: zəkat məhsul vergisidir – məhsul olmadan zəkat düşmür. Amma xərac, torpaq əkilsə də, əkilməsə də müəyyənləşdirilmiş miqdarda alınır.

Hz. Ömərin mühüm qərarlarından biri də fəth olunan torpaqları (məsələn, İraq ərazisindəki Sevad bölgəsi) qənimət kimi əsgərlərə bölüşdürməməsi, yerli əhalinin istifadəsində saxlaması və əvəzində xərac alması idi. Bu məsələ o vaxt sahabələr arasında geniş müzakirə olunmuş, bəzi səhabələr buna etiraz etmişdilər. Onlar, qılıncla əldə etdikləri torpaqların savaşda iştirak etməmiş uşaqlara qalmasının ədalətsiz olduğunu bildirirdilər. Hz. Ömərin əsas məqsədi gələcək nəsillərin əllərində heç bir imkan qalmamasının, insanların kölə vəziyyətinə düşməsinin və torpaqların atıl vəziyyətdə qalmasının qarşısını almaq idi. O deyirdi ki, əgər bu torpaqlar bölünsə, gələcək nəsillərin öz zəhməti ilə bir şey qazanması çətinləşəcək. Bu qərar həm də İslamın yayılmasını asanlaşdıran və insani dəyərləri qoruyan mühüm addım hesab olunur.

Hənəfilər Peyğəmbərimizin (sav) Xeybərdə torpaqları bölüşdürməsi ilə Hz. Ömərin Sevad bölgəsi qərarının hər ikisinin də faydalı nümunə olduğunu qəbul edirlər. İmam Şafii isə torpağın ayədə keçən "mə" (mal) anlayışına daxil olduğunu deyərək qənimət kimi bölüşdürülməli olduğunu iddia etmişdir.

2. Cizyə (Baş Vergisi)

Cizyə qeyri-müsəlmanlardan, əsasən Əhli-Kitabdan alınan vergidir. Quranın Tövbə surəsinin 29-cu ayəsində, Allah (azzə və cəllə) Əhli-Kitabdan cizyə alınmasını açıq şəkildə əmr edir. Bu ayəyə görə, Allah və axirət gününə inanmayan, Allahın və Rəsulunun haram buyurduğunu haram saymayan və haqq dini qəbul etməyən Əhli-Kitabla, cizyə verib təslim olana qədər döyüşmək əmr olunur.

Cizyə bəzən ümumi, bəzən də fərdi şəkildə yığılırdı. Hz. Ömər fəth edilən ərazilərdə qeyri-müsəlman əhalini öz yerlərində saxlayaraq (məsələn, Qüds, Misir, Suriya fəthlərində) bu ayəyə əməl etmişdir. Eyni məntiqi Fatih Sultan Mehmet də İstanbulun fəthində Rum və Erməni əhalini yerində saxlayaraq tətbiq etmişdir.

3. Sədəqə (Zəkat)
Qurani-Kərimdə və ümumən ərəb dilində “sədəqə” sözü bu günkü gündə bizim işlətməyə öyrəşdiyimiz “sədəqə” mənasında deyil, daha çox “zəkat” mənasında işlədilir. Məsələn, Tövbə surəsinin 60-cı ayəsində “İnnəməs-sədəqatu lil-füqara…” (Yəni, zəkatlar yalnız kasıblar üçündür…) deyilir.
Bizim gündəlik dildə “sədəqə” deyib nəzərdə tutduğumuz könüllü yardımların Qurandakı qarşılığı isə əsasən “infaq” sözüdür.
Zəkat dövlət üçün çox önəmli gəlir mənbələrindən biri idi və Hz. Ömər də bu mövzuda ayələr açıq şəkildə mövcud olduğuna görə əhəmiyyətli dəyişikliklər etməmişdi.

4. Ticarət Malları Vergisi (Öşr)
Hz. Ömər dövründə bir yenilik olaraq ticarət mallarından öşr adı ilə vergi tutulmağa başlanmışdı.
Bu vergi yalnız müsəlmanlardan deyil, həm də hərbilərdən (müharibə vəziyyətində olanlardan) və zimmilərdən (İslam dövlətində yaşayan qeyri-müsəlmanlardan) yığılırdı.
Müsəlmanlardan alınan hissə zəkat fonduna yönləndirilirdi, zimmilərdən və hərbilərdən alınan isə fey gəlirlərinə əlavə olunurdu.
Beləliklə, fey gəlirləri cizyə, 
xərac və ticarət malları vergisindən ibarət olmaqla üç əsas qaynağa dayanırdı.

Divan Təşkilatı və Sərvətin Paylanması
Fey gəlirlərinin artması ilə Hz. Ömər (r.a) bu sərvəti müsəlmanlar arasında daha ədalətli şəkildə bölüşdürmək üçün Divan Təşkilatını yaratdı. Bu qurum tarixdə çox orijinal və düşünülmüş bir mexanizm hesab olunur.
İlk illərdə gəlirlər daha çox Mədinədə ehtiyacı olanlara üstünlük verilərək paylanırdı.
Hz. Ömər bu bölüşdürməni illik “atiyə” (maaş deyil, illik verilən yardım) və aylıq ərzaq yardımı şəklində təşkil etmişdi.
O, iştirak etdiyi döyüşlərə və İslama xidmətlərinə görə insanları beş təbəqəyə ayırmışdı.
Peyğəmbərimizin (sav) sağ qalan xanımlarına illik 10.000 dirhəm verilirdi.
Bədir döyüşündə iştirak edənlərə isə illik 5.000 dirhəm atiyə ayrılmışdı.
Həmçinin hər bir müsəlmana aylıq iki cəlib miqdarında ərzaq verilirdi və kölələr də bu ərzaq yardımından faydalanırdı.
Uşaqların divan dəftərinə qeydiyyatı əvvəlcə süddən kəsildikdən sonra aparılırdı, amma bəzi anaların uşaqları süddən tez ayırdığı məlum olanda, doğulan kimi qeydiyyata alınması qərara alındı.
Məkkəlilər kimi “ümumiyyətlə İslam cəmiyyətinə qarışmayan” və ya cihada qatılmayan bədəvi müsəlmanlara (Ərabül-Müslimin) isə ümumiyyətlə illik atiyə və aylıq ərzaq yardımı verilmirdi, amma ehtiyac düşdükdə beytülmaldan kömək ala bilirdilər.
Bu qurum bəzən səhvən “Divanül-Ceyş” (Ordu Divanı) adlandırılsa da, əsl adı “Divanül-Ata” (Atiyə Divanı) idi.

Hz. Ömərin İrsi
Hz. Ömərin bütün bu islahatları yalnız dövrünün iqtisadi həyatını dəyişmədi, həm də gələcək nəsillərə və yazılacaq əsərlərə örnək olacaq bir sistem və düşüncə tərzi qoyub getdi. Məsələn, Əbu Ubeyd əl-Qasım ibn Səllam Kitabül-Əmval əsərini yazarkən fey, xüms və sədəqə başlıqları ilə məhz Hz. Ömərin sisteminə əsaslanıb.
Bu isə göstərir ki, Hz. Ömərin qurduğu sistem dərin Quran biliklərinə, Peyğəmbərin (sav) sünnətinə bağlılığa söykənirdi.
Hz. Ömərin divan təşkilatındakı təbəqələşdirmə yanaşması, sonrakı dövrdə İbn Sədin Təbəqat kitabında da Bədir əhlindən başlayaraq səhabələri mərhələlərə ayırmasında və soy kitablarında Qureyş qəbiləsini Bəni Haşimdən başlayaraq təsvir etməsində də öz təsirini göstərmişdir.
Bu, Hz. Ömərin təkcə dövlət idarəçiliyində deyil, həm də dini dərinliyi və uzaqgörənliyi ilə seçilən böyük bir şəxsiyyət olduğunu sübut edir.

Ömər b. Əbdüləziz və Xilafəti | Raşidi Xəlifələr - 6

Ömər ibn Əbdüləziz (Allah ona rəhmət eləsin) İslam tarixində səhabə olmamasına baxmayaraq, öz dövrünün səhabə kimi dəyərə sahib olan, tabiun dövrünün ən önəmli şəxsiyyətlərindən biridir. Tarixdə adətən beşinci Raşid xəlifə kimi tanınır, amma Hz. Həsənin altı aylıq xilafətini də nəzərə alsaq, əslində altıncı Raşid xəlifə hesab edilməlidir. Ona tez-tez “ikinci Ömər” deyirlər, çünki o, yaşadığı dövrü Hz. Ömərin (r.a) dövrünə bənzətməyi bacarmış nadir insanlardan idi.

Bəzən soruşulur: Niyə bu gün yeni Ömərlər yetişmir? Ömər ibn Əbdüləzizin həyatına baxanda bu sualın cavabı aydın olur: Çünki Ümmü Asım kimi nənələr, Əbdüləziz ibn Mərvan kimi atalar, Fatimə binti Əbdülməlik kimi həyat yoldaşları, Əbdülməlik ibn Ömər kimi övladlar və Həsən əl-Bəsri kimi alimlər yoxdur. Heç nə öz-özünə baş vermir, bu adlar Ömər ibn Əbdüləzizin formalaşmasında mühüm rol oynayıb.

Bir Neçə Əsas İsim:

  • Ümmü Asım (Nənə) – Ömərin nənəsi Ümmü Asımın hekayəsi maraqlıdır: Hz. Ömər bir gecə küçələri dolaşarkən, südünə su qatmaq istəyən anaya etiraz edən qızın səslərini eşidir. Qız anasına deyir ki, xəlifə görməsə də, Allah görür. Hz. Ömər belə təmiz qəlbli bir qızı öz nəslinə qatmaq istəyir və oğlu Asımı həmin qızla evləndirir. Beləcə, halal-harama həssaslıq göstərən bir nəslin təməli qoyulur. Məhəmməd Akifin təsəvvüründəki “Asımın nəsli” də bu ruhun davamıdır.

  • Əbdüləziz ibn Mərvan (Ata) – Əməvilərin Mərvan ibn Hakəmin oğlu olmasına baxmayaraq, son dərəcə diqqətli ata idi. Oğlunu Mədinəyə, o dövrün ən nüfuzlu alimlərinin yanına göndərmiş, Salih adlı müəllimdən tələb edib ki, Öməri yaxşı tərbiyə etsin, ehtiyac olarsa, saçını belə qırxsın. Məsuliyyətli ata oğluna Hz. Ömərin adını vermişdi.

  • Hz. Ömərin Yuxusu – Hz. Ömərin bir yuxusuna görə, onun nəslindən alnında nur nişanəsi olan bir nəfər çıxacaq və zülm dolu dünyanı ədalətlə dolduracaq. Əbdüləziz ibn Mərvan oğluna Ömər adını verəndə bu ümidlə addım atmışdı.

  • Fatimə binti Əbdülməlik (Həyat Yoldaşı) – Əməvi sarayından olsa da, Fatimə binti Əbdülməlik ərinə bütün çətinliklərdə dayaq durub, sərvətini ərinin idealları yolunda fəda edib.

  • Həsən əl-Bəsri (Müəllim) – Həsən əl-Bəsri kimi bir alimin varlığı, Ömərin həyatını dəyişən amillərdən biridir. Xilafətə gələndə Həsən əl-Bəsri ona uzun məktub yazaraq, rəhbərliyin bir çoban kimi şəfqət və qoruma məsuliyyəti daşıdığını xatırladıb.

Qısa Amma Dərin Xilafət

Hicri 61-ci ildə (Miladi 680) Mədinədə dünyaya gələn Ömər ibn Əbdüləziz cəmi 2,5 il xəlifə olub, amma bu qısa müddət tarixdə dərin iz buraxıb.

  • Əsri Səadətin Ab-havası: Mədinə valisi olarkən Ənəs ibn Malik onun imamlıq etdiyi bir namazda Peyğəmbərin (sav) dövrünü hiss etdiyini deyib. Ömər ibn Əbdüləziz qısa müddətdə Əməvilərin yaratdığı pozuntuları islah edib.

  • Ümid və Hədəf: O, insanlara “əsri səadət”in yenidən mümkün ola biləcəyini göstərib.

  • Cəmiyyətin İslahı: Deyirdi ki, əgər alimlər (ulema) və idarəçilər (umera) düzəlsə, cəmiyyət düzələr.

  • Əsas İslahatlar:

    • Əhli-beytə qarşı küfrlərə son qoydu, Fədək torpaqlarınının gəlirlərini əhli-beytə verdi (ki Raşid xəlifələr dönəmində də gəlirləri onlara aid idi), Hz. Əlini dörd Raşid xəlifənin sırasında tanıtdı.

    • Xaricilərlə barış şəraitini bərqərar etdi.

    • Ərəb olmayan Məvali təbəqəsinə qarşı ədalətsizlikləri aradan qaldırdı.

    • Məzalim məhkəmələrində özü xalqın şikayətlərini dinlədi.

    • Zəkat paylanması nəticəsində zəkat veriləcək yoxsul belə tapılmadı, dövlət evlənməyənləri evləndirdi, ev və minik təmin etdi.

  • Elm və Məsləhətləşmə: Çox gənc yaşda fəqih və müctəhid idi, amma yenə də məşhur alimləri ətrafına toplayıb özü üçün nəzarətçi etmişdi. Deyirdi: Məsləhət və müzakirə bərəkətin açarıdır.

  • Təvazö və Məsuliyyət: Özünü qanun qoyucu deyil, sünnəyə tabe biri kimi görürdü. Haqsızlığa qarşı özünü belə istisna etmirdi. İslamı qəbul edənlərdən artıq vergi alınmamasını əmr etmişdi.

  • Zöhd və Şəhadət: Saray mühitində doğulsa da, saray adamı olmamışdı. Lüksü rədd etdi, israfı qadağan etdi. Nəticədə yaxınlarının narazılığı səbəbindən zəhərləndirilərək şəhid edildi.

Bugünkü Mesajı

Ömər ibn Əbdüləziz qısa xilafətində İslam rəhbərliyinin əsası olan tövhidi, ədaləti və şuranı (istişarə, məsləhətləşmə) gerçəkləşdirdiyi üçün tarixdə “ikinci Ömər” kimi xatırlanır. Düşmənləri belə onun ədalətini etiraf edirdi. Rum diyarının hökmdarı belə demişdi: Əgər Məsihdən sonra ölüləri dirildən biri olsaydı, bu, Ömər ibn Əbdüləziz olardı. Onun həyatı göstərdi ki, əsl zahidlik sərvəti rədd etmək deyil, sərvətə sahib ikən qəlbin ona bağlı olmamasıdır.

Bizim Payımıza Düşən

Bu gün bizə düşən, sadəcə ümidlə baxmaq deyil, həm alimləri, həm də idarəçiləri daha yaxşıya doğru yönəltməkdir. Hər kəsin öz payına düşəni etməsi vacibdir:

  • Alimləri cəmiyyətin əsas problemlərinə yönəltmək, bir araya gətirmək.

  • Qəbiləçilik və mənsubiyyətləri müqəddəsləşdirməkdən çəkinmək.

  • İdarəçilərdən tövhid, ədalət və məsləhətləşmə əsaslı idarəçilik tələb etmək.

  • Pis olanla barışmaq əvəzinə, daha yaxşı üçün cəsarətlə səs qaldırmaq.

Unutmayaq ki, bu ruh davam etdikcə, yeni Ömərlər yetişəcək.

14 Temmuz 2025 Pazartesi

Hz. Həsən: Xilafəti və Muaviyə ilə Anlaşması | Raşidi Xəlifələr - 5

Hz. Əlinin sui-qəsd nəticəsində şəhid edilməsindən sonra İslam tarixində mühüm bir mərhələ başlamış və Hz. Həsən xilafətə gətirilmişdir. Bu dövr əsasən Muaviyə ilə yaşanan qarşıdurmalar və nəticədə əldə olunan razılaşma ilə yadda qalmışdır. Bu mövzuda əsas diqqət yetirilməli məqam, Hz. Həsənin xilafətə gəlişi, Muaviyə ilə bağladığı müqavilə və bunun arxasında duran səbəblərdir.

Hz. Həsənin Xilafətə Gətirilməsi

Hz. Əlinin vəfatından sonra Kufə əhalisi Hz. Həsənə beyət edərək onu xəlifə seçmişdi. Kufəlilər, ümumiyyətlə, döyüşdən bezdiklərini bildirərək ondan sülh tərəfdarı olmağı istəsələr də, bir qrup insan “Allahın Kitabına, Rəsulullahın sünnəsinə əməl edəcəyik və zəruri olsa, üsyançılarla vuruşacağıq” deyə təkid edirdi. Hz. Həsən isə ümumi bir beyəti qəbul etmiş, şərt qoyaraq “Mənə itaət edəcək, mənim döyüşdüyümlə döyüşəcək, sülh bağladığımla sülh edəcəksiniz” demişdi. Rəvayətlərə görə, Hz. Əli yaralandıqdan sonra yeni müharibə hazırlıqları görülürdü, sui-qəsd baş verəndə Şam əhalisinin İraq tərəfə hücumu gözlənilirdi.

Muaviyə ilə Razılaşmaya Gətirən Şərtlər

Hz. Həsən xilafətin əvvəlində Kufədən çıxaraq Muaviyə ilə üz-üzə gəlmək üçün 40 minlik ordu hazırlamışdı. Lakin ordu içində nizam-intizamın pozulması, Qays ibn Sədin öldürüldüyü xəbərləri və digər qarışıqlıqlar orduda təşviş yaratdı. Mədaində Hz. Həsənin yaralanması ilə ordu tamamilə dağılmış, bəzi başçılar isə Hz. Həsəni Muaviyəyə təslim etmək fikrinə düşmüşdülər.

Gedişatı düzgün qiymətləndirən Hz. Həsən, daha çox qan axıdılmaması üçün Muaviyəyə məktub göndərmişdi. Bəzi mənbələrə görə, Muaviyə də sülh təklifini əvvəlcədən irəli sürmüş və Hz. Həsən də əslində döyüşə meyilli olmamışdır. Razılaşmanı zəruri edən əsas amillər bunlar idi:

  • Qan tökülməsinin qarşısını almaq: Hz. Həsən üçün ən vacib məsələ müsəlman qanının axıdılmaması idi. Muaviyə ilə razılaşmadakı bəzi şərtlər də bununla əlaqəlidir.

  • Kufəlilərin etibarsızlığı: Kufəlilərin mövqeyinin qeyri-sabit olması, ixtilafların davam etməsi təhlükəsi sülhü daha məqbul etmişdi.

  • Ümmətin birliyi: Ümmətin parçalanmaması, birliyin qorunması Hz. Həsənin əsas məqsədlərindən idi. Hətta o, ümmətin rifahı üçün xilafətdən çəkilməyə qərar vermişdi.

Razılaşmanın Şərtləri

Hz. Həsən və Muaviyə arasında bağlanan razılaşmada bir neçə şərt qoyulmuşdu:

  • Kufə beytülmalı Hz. Həsənə veriləcəkdi.

  • Hz. Həsənə beş milyon dirhəm ödənəcəkdi (bəzən bu məbləğin illik verildiyi deyilir).

  • Darabcərd bölgəsinin gəlirləri Hz. Həsənə məxsus olacaqdı.

  • Minbərlərdən Hz. Əlinin lənətlənməsi qadağan ediləcəkdi (bəzi mənbələrdə bu şərtin sonradan pozulduğu da deyilir).

  • Muaviyə özündən sonra varis təyin etməyəcək, xilafət ya Hz. Həsənə, ya da şuraya keçəcəkdi, lakin Muaviyə sonradan oğlu Yezidi varis təyin etdi (fəqət bu bəndin qaynağının sihhətində (doğruluğunda) problemlər var).

  • Hz. Hüseynə iki milyon dirhəm veriləcəkdi.

  • Hz. Həsənin ailəsinə və tərəfdarlarına toxunulmayacaq, təhlükəsizlikləri qorunacaqdı.

  • İdarəçilik Quran, Sünnə və Raşid xəlifələrin yolu əsasında davam etdiriləcəkdi.

  • Heç kim cəzalandırılmayacaqdı.

Nəticə və Hz. Həsənin Vəfatı

Bu razılaşma İslam cəmiyyətində davam edən daxili qarşıdurmaları müvəqqəti də olsa dayandırdı, qan tökülməsinin qarşısı alındı. Hz. Həsən böyük bir fədakarlıq göstərərək xilafətdən əl çəkdi və birliyi üstün tutdu. Razılaşma nəticəsində Hz. Həsən Muaviyədən maddi dəstək aldı və müqabilində xilafətdən çəkildi.

Daha sonra Hz. Həsən Kufədən ayrılıb Mədinəyə getdi. Onun xilafət müddəti ilə bağlı fərqli rəvayətlər olsa da, ümumilikdə Raşid xəlifələr dövrünün otuz ili Hz. Həsənin altı aylıq xilafəti ilə tamamlanmış sayılır.

Hz. Həsən Mədinədə vəfat etdi və Bəqi qəbiristanlığında dəfn olundu. Vəfatı ilə bağlı ən çox müzakirə edilən məsələ isə həyat yoldaşı tərəfindən zəhərləndiyi iddialarıdır. Bəzi mənbələr bu sui-qəsddə Muaviyənin və ya Yezidin rol oynadığını desə də, bunun dəlili yoxdur və bu rəvayətlər uydurmadır.

Peyğəmbərimizin (sav) Bir Günü

Bu yazıda, Peyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.s.) adi bir gününün necə keçdiyini – xüsusilə də Ramazan ayı olmayan bir cümə axşamını – qısaca təsvir etməyə çalışacağıq. Məqsədimiz Onun gündəlik həyatına bir qədər də yaxınlaşıb bəzi mühüm məqamları daha aydın başa düşməkdir.

Sübh namazı və ondan sonrakı məclis

Peyğəmbərimizin (s.ə.s.) günü, Mədinə məscidinin müəzzini Abdullah ibn Ümmü Məktumun səsləndirdiyi azanla açılırdı. Çox vaxt artıq oyanıq olurdu, bəzən isə azan səsinə qalxırdı. Dəstəmaz alıb bir qədər uzanır, bu zaman belə zikr və dua ilə məşğul olurdu. Sonra Bilal-i Həbəşi bir azan daha oxuyar, Peyğəmbərimiz hansı xanımının otağındadırsa (çox vaxt Hz. Aişənin otağı yaxın idi, amma 9 otaq mövcud idi) ordan çıxardı. Ənəs ibn Malikdən (r.a) gəlib çatmış rəvayətə görə, O, Məscid-i Nəbəviyə çox asta addımlarla gedərdi ki, görənlər Onu izləyib feyz alsınlar.

Namaz vaxtı çatanda iqamə oxunar, Allah Rəsulu (s.ə.s.) imam kimi önə keçər, camaata düz saf tutmağı, çiyin-çiyinə, ayaq-ayağa durmağı tövsiyə edərdi. Bu, təkcə namazın deyil, həyatın da bir nizamda olmasının simvolu idi. Hz. Ömərin (r.a) də bu mövzuda camaatı düzəltmək üçün arxa sıralarda saf düzənini yoxladığı məlumdur.

Sübh namazında adətən 40-50 ayə oxuyardı. Bəzən daha uzun çəkərdi. Hz. Aişə (r.a.) deyir ki, Rəsulullah Quranı o qədər açıq-aşkar və aydın oxuyardı ki, sözləri saymaq mümkün olardı. Bir çox səhabə sadəcə Onun arxasında namaz qılmaqla Quranı əzbərləmişdir. Sübh namazı təxminən 20-25 dəqiqə çəkərdi.

Namaz bitəndə hamı öz yerində zikrini, təsbihini edərdi. Peyğəmbərimiz də orada oturur, bəzən yarım saat, bəzən bir saata qədər zikr və dua ilə məşğul olardı. Səhabələr də Onu izləyər, eyni ilə edərdi. Osmanlı dövründə bu təsbihatın camaatla edilməsi də insanların fərdi şəkildə etməməsi ehtimalına qarşı düşünülüb.

Zikrini tamamladıqdan sonra camaata üz tutar, çox vaxt suallar verər, yuxuları soruşar və yozardı. Bəzən özü də gördüyü yuxunu danışar, ya da Mədinədə baş verən bir hadisəni izah edərdi. Çöl tərəfdən gələnlər sual verdikcə, səhabələr daha çox öyrənərdi.

Suallara dair nümunələr:

  • Biri Peyğəmbərimizin (s.ə.s.) nəsəb kökünü soruşmuş, O da: “Mən atam İbrahimin duası, qardaşım İsanın müjdəsi, anam Aminənin yuxusuyam” – demişdi.

  • Başqa biri babası Əbdülmuttəlib haqqında soruşmuş, Peyğəmbərimiz də 8 yaşında babasının yanında keçən xatirələrini bölüşmüşdü.

  • Bir sual da valideynlərinin axirət vəziyyəti ilə bağlı idi. Rəsulullah onların hənif (tövhid əhli) olduqlarını bildirmişdi.

Bu söhbət bəzən bir saata qədər davam edər, səhabələr üçün ruhani bir qida olardı.

Duha namazı və günlük işlər

Söhbət bitdikdən sonra Peyğəmbərimiz (s.ə.s.) yerində oturur, duha vaxtı girəndə 2 rükət duha namazı qılardı. Bəzən isə mühüm səbəblərdən dərhal məsciddən ayrıldığı da olurdu – məsələn, İla hadisəsi zamanı bir ay xanımları ilə danışmadığı vaxtlarda belə söhbətlər olmamışdı.

Namazdan sonra, yəni təxminən saat 7:30-8 arası hansı xanımının evində qalıbsa ora geri qayıdar, “Nə var?” deyə soruşar, varsa səhər yeməyi yeyərdi. Əgər süfrədə bir şey yox idisə, “Allah bu gün bizə ruzi verməyibsə, oruc tutarıq” deyərək oruca niyyətlənərdi. Lakin bu seçdiyimiz cümə axşamı günü Peyğəmbərimiz (s.ə.s.) oruclu deyildi.

Təxminən saat 8:30-dan sonra Mədinə küçələrində idi: xəstə ziyarət edər, ehtiyacı olanlara baş çəkər, bazarı nəzarətdə saxlayar, Mədinənin idarə işlərinə baxardı. Peyğəmbərimiz (s.ə.s.) yeriyərkən dik durar, addımlarını sürətlə atar, israf etmədən, ehtişam göstərmədən yeriyərdi.

Zöhr və Əsr namazları

Peyğəmbərimiz günorta, əgər yaydırsa namazdan əvvəl, qışdırsa sonra bir qədər yuxu (qaylulə) edərdi. Zöhrün ilk sünnətini evində qılar, məscidə gedər, fərzi camaatla qıldırar, sonra ya yerində, ya da evində zikrini edərdi. Zöhrdən sonra son sünnəti də evində qılardı, bunu, evlərin qəbiristan olmaması tövsiyəsinə uyğun edərdi.

Hicrətin altıncı ilindən sonra Peyğəmbərimiz (s.ə.s.) xüsusilə cümə axşamı günorta vaxtını qadınlara ayırardı. Məscid böyüdükcə qadınlar suallarını rahat soruşa bilmədiyi üçün xüsusi bir gün təyin edilmişdi. Peyğəmbərimiz bu vaxtda qadınlarla bir saata qədər söhbət edər, suallarını cavablayardı.

Sonra yenə işlərinə dönər, məktublar, Suffa tələbələrinin təhsili kimi işlərlə məşğul olardı.

Əsr vaxtı yenə məsciddə olar, namazını qılar, sonra xanımlarını ziyarət edərdi. Bu ziyarətlər həm ailəvi, həm də dini tərbiyə baxımından əhəmiyyətli idi. 

Axşam və işa namazları

Axşam namazını camaatla qıldırar, o gecə hansı xanımının evində qalacaqsa, digər xanımlarını da ora toplayar, birlikdə söhbət edər, axşam yeməyini yeyərdi. Yemək çox vaxt sadə olardı – bir stəkan süd, bir neçə xurma kifayət edərdi.

İşa namazından sonra isə əgər zərurət yoxdursa, artıq danışmaz, birbaşa evinə çəkilər və gecə həyatına başlayardı...

Bu qısa xülasə, Peyğəmbərimizin (s.ə.s.) gündəlik həyatına dair kiçik bir pəncərədir. Onun bu gözəl nizamını öyrənib həyatımıza daşımaq bizim üçün böyük bir qazanc olar.

13 Temmuz 2025 Pazar

İslam İqtisad Düşüncəsinin Qaynaqları | İslam İqtisadı Tarixi - 7

Müasir mənada iqtisad elmi nisbətən yeni sayılır və əsasən 18-ci əsrin ikinci yarısında, xüsusilə də Adam Smith'in 1776-cı ildə nəşr edilən “Millətlərin Sərvəti” əsərindən sonra formalaşmağa başlamışdır. Amma insanların iqtisadi ehtiyaclarını ödəmə səyi insanlıq tarixi qədər qədimdir və ilk insandan bu yana davam edən bir fəaliyyət sahəsidir. Buna görə də tarix boyu müxtəlif dövrlərdə bir çox alimlər öz zamanlarının şərtlərinə uyğun şəkildə iqtisadi mövzularda fikir yürütmüş, yazılar qələmə almışdırlar. Müsəlman alimlər də İslamın ilk dövrlərindən etibarən iqtisadi məsələlərə maraq göstərmiş, mövcud problemlərə dair öz baxışlarını müxtəlif əsərlərdə əks etdirmişlər.

İslam iqtisad fikrini öyrənərkən alimlər və onların əsərləri adətən müəyyən qruplar üzrə təsnif edilir. Bu cür yanaşma, keçmişdə iqtisadi mövzuların hansı mənbələrdə araşdırılmalı olduğunu müəyyənləşdirmək baxımından faydalıdır. Aşağıda İslam iqtisad düşüncəsinə işıq tutan əsas əsər qrupları və həmin sahədə ön plana çıxan nümunələrə yer vermək istərdik:

1. Kəsb (Qazanc) Kitabları

İlk dövrlərdə iqtisadi fikrin təməl mövzuları məhz kəsb kitablarında toplanmışdır. “Kəsb” sözü qazanc, əmlak əldəetmə, əmək kimi məfhumları əhatə edir. Bu əsərlərdə əsasən qazancın mahiyyəti, işləməyin zəruriliyi, iqtisadi fəaliyyətin yaranması və cəmiyyət üçün əhəmiyyəti, əmək bölgüsü, zənginlik-yoxsulluq qarşılaşdırması, israf və xərcləmə məsələləri müzakirə edilir. Eyni zamanda kənd təsərrüfatı, sənaye və ticarət sahələrinin bir-birinə görə mövqeyi, peşələrin üstünlük səbəbləri kimi mikroiqtisadi mövzular da toxunulur.

Nümunələr: İmam Muhəmmədin “Kitabul Kəsb”i (ilk nümunələrdəndir və iqtisadiyyata müsəlman baxışını göstərir), Cəmaləddin ibn Əbdürrəhman əl-Hubeyşinin “əl-Bərəkə fi Fəd Səy vəl-Hərəkə”si, Əbu Bəkr əl-Həllalın “əl-Has alət-Ticarə və Sına”sı və Haris əl-Muhasibinin “Kitabul Məkasib”i.

2. Ticarət Kitabları

Bu əsərlər geniş iqtisadi nəzəriyyə təqdim etməsə də, dövrün iqtisadi münasibətlərinə, ticarət həyatına və əsas anlayışlara dair vacib məlumatlar verir. Burada mal və pulun tərifi, qiymətlərin formalaşması və dəyişməsi, ticarət əxlaqı, tacir və alıcı üçün məsləhətlər, mühüm ticarət yolları və beynəlxalq ticarət kimi mövzular əks olunur.

Nümunələr: Cəfər ibn Əli əd-Dıməşqinin “əl-İşara ilə Məhasini Ticarə”si, Cahızın “Fi Mədhit Tüccar və Əməli Zəmmis-Sultan” əsəri.

3. Hisbə Kitabları

Hisbə əsərləri dövlətin bazar üzərində tənzimləmə rolu ilə bağlı ən geniş qaynaqlardandır. Burada bazarın ədalətli işləməsi, alıcı-satıcıların aldadılmaması, monopoliyaya, qara bazara, fürsətçiliyə, fahiş qiymətə, haqsız qazanca qarşı tədbirlər kimi mövzular izah olunur. Bəziləri daha nəzəri və hüquqi, bəziləri isə praktik və tətbiq yönümlüdür. Eyni zamanda həmin əsərlər dövrün iqtisadi mühiti və sosial qaydaları barədə də dəyərli məlumat verir.

Nümunələr: Yəhya ibn Ömər əl-Əndəlüsinin “Əhkamüs-Suq”u (ilk və tətbiqə yönəlik), İbn Teymiyyənin “Hisbə”si (nəzəri məzmunlu), Şeyzərinin “Nihayətül Rutbə Fi Tələbil Hisbə”si, İbn Uhuvvənin “Məalimüt Turbə Fi Əhkamil-Hisbə”si.

4. Siyasətnamələr və Əhkam əs-Sultaniyələr

Birbaşa iqtisadi əsərlər olmasa da, bu qrupda yer alan əsərlər dövlət idarəçiliyi, gəlir bölgüsü, vergi, yoxsulluğun azaldılması və ümumi rifahın artırılması mövzularına toxunur. Dövlət adamlarına verilən tövsiyə və məsləhətlər vasitəsilə iqtisadi münasibətlərə dair əhəmiyyətli baxışlar təqdim edir.

Nümunələr: Yusif Hacibin “Kitabul Bilig”i, Nizamül Mülkün “Siyasətnamə”si, Keykavusun “Kabusnamə”si, İmamül Hərameyn Cüveyninin “Qiyasül Üməm”i, Turtuşinin “Siracul Müluk”u, Qəzalinin “Nəsihətül Müluk”u və Mavərdinin “Əhkamül Sultaniyə”si.

5. Əmval və Xərac Kitabları

Əsasən maliyyə mövzularına həsr olunmuş bu əsərlərdə vergi növləri, vergi dərəcələri, torpaqların idarəolunması, dövlətin iqtisadi inkişafa töhfə verən tədbirləri, qiymətlərin formalaşması və ümumi rifah məsələləri müzakirə olunur.

Nümunələr: Əbu Yusufun “Kitabul Xərac”ı, İbn Zəncuyənin “Kitabul Əmval”ı və Əbu Ubeydin “Kitabul Əmval”ı.

6. Fəlsəfə və Əxlaq Kitabları

18-ci əsrə qədər iqtisad ayrıca elm kimi mövcud olmadığından, bu mövzular əsasən fəlsəfə və əxlaq çərçivəsində, ailə idarəçiliyi (tədbir-i mənzil) və şəhər idarəçiliyi (tədbir-i mədinə) daxilində araşdırılırdı. Bu səbəbdən, bir çox iqtisadi anlayışlara fəlsəfi və əxlaqi mənbələrdə rast gəlinir.

Nümunələr: Rağib əl-İsfəhaninin “Əz-Zəria ilə Məkarimi Şəriə”si, Nəsirəddin Tusinin “Əxlaq-ı Nasiri”si, Kınalızadənin “Əxlaq-ı Alai”si, İbn Sinanın “Əs-Siyasətül Mənziliyə”si, Fərabinin “Mədinətül Fazilə”si.

7. Təsəvvüf, Nəsihət və Fütüvvət Kitabları

Bu əsərlər daha çox iqtisadi psixologiya, iqtisadi əxlaq, ticarət əxlaqı və iş əxlaqı ilə bağlı mövzuları əhatə edir. Bəzən əxlaq və təsəvvüf kitablarının mövzuları iç-içə keçir.

Nümunələr: Həsib əl-Muhasibi, Hakim Tirmizi, Cüneyd Bağdadi, Əbu Talib əl-Məkkinin əsərləri, Mövlana Cəlaləddin Rumi və Muhyiddin Ərəbi kimi sufilərin əsərlərində də bu mövzulara geniş yer ayrılıb. Fütüvvət sahəsində isə Süləminin “Kitabul Fütüvvə”si və İbnül Mimarin “Kitabul Fütüvvə”si.

Bu əsər qrupları İslam iqtisad düşüncəsini dərindən başa düşmək, alimlərin baxışlarını öyrənmək üçün əsas qaynaqlar sayılır. Lakin bütün zənginlik yalnız bunlarla məhdudlaşmır; tarix, fəlsəfə, fiqh, coğrafiya kitablarında da iqtisadi məsələlərə dair fikirlərə rast gəlmək mümkündür. Məsələn, İbn Xəldunun “Müqəddimə”si yalnız iqtisad sahəsinə deyil, bir çox sosial elmlərə təsir etmiş, həm İslam dünyasında, həm də Qərbdə dərin iz buraxmışdır.

Müasir dövrdə inkişaf: 19-cu əsrdə Avropada baş verən inkişaflar İslam dünyasında da iqtisad düşüncəsinin yeni əsərlərdə əksini tapmasına yol açdı. Xüsusilə 20-ci əsrdə, müstəmləkəçilikdən azad olmağa başlayan İslam ölkələrində iqtisad mövzusunda müstəqil əsərlər artdı və İslam iqtisadiyyatı ayrıca bir sahə kimi müzakirə edilməyə başladı.

Bütün bu əsərlər və alimlərin baxışları İslam iqtisad düşüncəsinin zənginliyini və tarixi dərinliyini anlamaq baxımından əvəzsizdir.

12 Temmuz 2025 Cumartesi

Hz. Əli və Xilafət Dönəmi | Raşidi Xəlifələr - 4

Hz. Ömər zamanında İslam dövləti idarə baxımından möhkəm idi, ortaya çıxan problemlər dərhal nəzarət altına alınırdı. Ancaq Hz. Osman dövründə bu problemlər getdikcə böyüyərək daha da mürəkkəbləşdi. Peyğəmbərimizin (sav) vəfatından hələ 25 il belə keçməmişdi, sahabə nəsli də hələ həyatda idi, amma baş verən hadisələr çoxlarına ağır və anlaşılmaz gəldi.

Hz. Osman dövründə İslam torpaqları sürətlə genişləndi, fərqli tayfa və qövmlər müsəlman oldu, amma bu yeni vəziyyət bir çox yeni məsələni də özü ilə gətirdi. İslamı qəbul edənlərin dərhal kamil bir müsəlman olması real deyildi. İslamı tam qəbul edib, içsəlləşdirmək vaxt tələb edirdi və bu da bəzi narahatlıqlar yaratdı. Hz. Osman idarəçilikdə Hz. Ömər qədər sərt və prinsipial olmadığından problemlər dərinləşdi. “Birinci Fitnə” adlanan bu qarışıqlıq Hz. Osman’ın dönəmində başladı və Hz. Əlinin dövrünü də əhatə etdi.

Hz. Osman’a qarşı irəli sürülən ittihamların böyük hissəsi valilər məsələsi ilə bağlı idi. Ümeyyə oğullarından valilər seçilməsi xalq arasında ciddi narazılığa səbəb oldu. Hz. Ömərin məmurlara qarşı sərt mövqeyi ilə müqayisədə, Hz. Osman valilərə daha yumşaq davranırdı ki, bu da ona qarşı yönələn əsas tənqidlərdən biri idi.

Hz. Osman’ın Şəhid Edilməsi və Hz. Əlinin Mövqeyi

Nəhayət, bəzi əyalətlərdən gələn üsyançılar Hz. Osman’ın evini mühasirəyə aldılar və onu 82 yaşında şəhid etdilər. Onu öldürməyə cəhd edənlərdən biri Hz. Əlinin ögey oğlu və Hz. Əbu Bəkrin oğlu Muhəmməd ibn Əbu Bəkr idi ki, bu da tarix üçün acı bir təsadüfdür. Rəvayətə görə, Muhəmməd ibn Əbu Bəkr qılıncını Hz. Osman’ın boğazına dirəyir, amma Hz. Osman ona “Əgər atan Əbu Bəkr səni belə görsəydi nə deyərdi?” deyəndə, Muhəmməd utanıb geri çəkilir və bundan peşmanlıq duyur, lakin yarımçıq qoyduğu işi digərləri tamamlayır.

Hz. Əli, Hz. Osman’ı bəzən tənqid etsə də, ona qarşı çıxmağı heç vaxt düşünməmişdi. Hətta Misirlilər ona xəlifə olmağı təklif etsələr də, Hz. Əli bu təklifləri qəbul etməmişdi. O, əksinə, Hz. Osman’ı yanlış qərarlardan çəkindirməyə, üsyançıları dayandırmağa çalışmışdı. Oğulları Hz. Həsən və Hz. Hüseyni Hz. Osman’ın mühafizəsi üçün göndərmiş, hətta onlar bu mühasirə zamanı yaralanmışdılar. Lakin Hz. Əli vəziyyətin bu dərəcəyə çatacağını, Hz. Osman’ın öldürüləcəyini gözləmədiyi üçün özü birbaşa müdaxilə etməmişdi. Üsyançıların əvvəlcə sadə şikayətlərlə gəlməsi, gah dağılıb gah da yenidən toplaşmaları, hətta Hz. Osman ilə birlikdə namaz qılmaları bu işi əvvəlcədən tam anlamağı çətinləşdirirdi.

O dövrdə Ümeyyə ailəsi Hz. Osman hələ sağ ikən Hz. Əliyə qarşı təbliğata başlamışdı. Muaviyə də Hz. Osman şəhid edildikdən sonra artıq Hz. Əliyə qarşı bir duruş sərgiləməyə başlamışdı. 

Hz. Əlinin Xəlifə Olması və Qanunilik Məsələsi

Hz. Osman qətlə yetiriləndən sonra üsyançılar yeni xəlifə seçməkdə tərəddüd etdilər. Talha, Zübeyr və Hz. Əliyə müraciət etdilər. Onların heç biri üsyançılar tərəfindən hakimiyyətə gətirilmək istəmirdi, hamısı imtina etdi. Lakin üsyançılar Hz. Əlini məcbur edib, hətta Mədinəni yandırıb-dağıtmaqla hədələyərək xəlifəliyi qəbul etdirdilər. Hz. Əli isə yalnız Mədinəlilər də beyət etsələr qəbul edəcəyini bildirdi və bu şərtlə xəlifə oldu.

Hz. Əlinin xilafətə gəlişi əvvəlki xəlifələrdən fərqli olaraq çox çətin və qarışıq bir şəraitdə baş verdi. Bu prosesdə üsyançıların böyük təsiri olduğu üçün Hz. Əli taxtda olduğu müddətcə daim qanunilik problemi ilə üzləşdi. Əvvəlkilər fəthlər və abadlıq işləri ilə məşğul idisə, Hz. Əli isə hakimiyyətini qəbul etdirmək, daxili birliyi qorumaq uğrunda daimi mübarizə aparmalı oldu.

Hz. Əlinin Qarşılaşdığı Əsas Çətinliklər

1. Qanunilik Problemi:
Hz. Əlinin xilafəti dövründə ən böyük problem məhz qanunilik məsələsi idi. Cəmiyyətin əhəmiyyətli bir hissəsi – təxminən yarısı – Hz. Əlinin hakimiyyətə gəlmə tərzini qəbul edə bilmədi, bir qismi ona beyət etməkdən imtina etdi, bir qismi isə Hz. Osmanı öldürənlərin Hz. Əlinin ətrafında olması bəhanəsi ilə geri çəkildi.

2. Siyasi Təcrübə və Dəstək Çatışmazlığı:
Hz. Əbu Bəkr və Hz. Ömər dövründə Haşimoğullarının dövlət idarəçiliyində önəmli yer tutmaması da Hz. Əlinin ailəsinin arxa planda qalmasına gətirib çıxarmışdı.
Hz. Əlinin vergi və zəkat yığımında sərt davranması, cəmiyyətdə ona qarşı narazılıq yaratmışdı.
Hz. Əli, Hz. Ömər kimi sərt idarəçi olmağa çalışsa da, Ömər kimi tam dəstəyi yox idi. Xüsusilə Şam və Misirin bir hissəsi ona beyət etməmişdi. Geniş dəstək olmadan sərt idarə üsulu işləmirdi, bəlk də, daha ehtiyatlı davranmalı idi.
Hz. Əli, əsas dəstəyi Haşimoğulları və Ənsardan alırdı. Digər tayfa və qruplara kifayət qədər yaxınlıq göstərməməsi onun sosial dayaqlarını daraltdı. Bu vəziyyət Hz. Osmanın Ümeyyə oğullarına güvənməsinə bənzədildi – çətin anlarda Hz. Əlinin yanında yalnız yaxınları qaldı.

3. İdarəçilik və Valilərin Dəyişdirilməsi:
Hz. Osman dövründə Ümeyyə oğullarına verilən valiliklər Hz. Əli hakimiyyətə gələr-gəlməz dəyişdirilməli idi. Çünki o, əvvəllər də Hz. Osmanı buna görə tənqid edirdi.
Hz. Əli isə “Sabah vəzifədən alacağım birini bu gün niyə yerində saxlayım?” deyərək valiləri dərhal dəyişdi. Muğirə ibn Şubə ona əvvəlcə valilərdən beyət almasını, sonra dəyişiklik etməsini məsləhət gördü, amma Hz. Əli bunu qəbul etmədi.
O da Hz. Osman kimi öz qohumlarından və Ənsardan bəzi şəxsləri vəzifəyə gətirdi. Bu addım Hz. Osman qədər sərt tənqid edilməsə də, eyni qaydada “qohumbazlıq” kimi qiymətləndirildi. Hz. Əli bunu Peyğəmbər dövründə və əvvəlki xilafət dövrlərində bu insanların kənarda saxlanmasını “əvəzləmək” üçün etdiyini bildirdi. Amma vəzifəyə gətirdikləri təbii ki bacarıqlı şəxslər idi.

4. Paytaxtın Kufəyə Köçürülməsi:

Hz. Əli dövlətin paytaxtını Mədinədən Kufəyə daşıdı. Çünki o dövrdə Kufə və Bəsrə həm vergi, həm də hərbi baxımdan əsas mərkəzlər idi. Mədinə isə daha çox dini ziyarət yerinə çevrilmişdi.
Ancaq bu addım Hz. Əli üçün ciddi problemlər doğurdu. Çünki Mədinə həm də hakimiyyətin qanunilik mərkəzi idi. Kufə isə qarışıq əhali ilə sabitliyi zəif bir şəhər kimi tanınırdı.

Əsas Döyüşlər

1. Cəməl Döyüşü:
Hz. Əliyə beyət etməyən, Hz. Osman’ın qətlinin qisasını almaq istəyən Hz. Aişə, Talha və Zübeyr Mək­kədə toplaşdı. Onların arasında Hz. Əlinin hakimiyyətə gəliş formasını qəbul etməyənlər və Osmanı öldürənlərin Əlinin tərəfində olmasına narazı qalanlar da var idi.
Talha və Zübeyr əvvəlcə Hz. Əliyə beyət etsələr də, sonradan valilik istədilər. İstəkləri yerinə yetirilmədiyi üçün onlarda narazılıq yarandı. Həm də Hz. Osmanın qisasını tələb edirdilər
Muaviyə isə bu hadisədən öz xeyrinə istifadə etdi. O, bu dəstənin Şama gəlməsini istəmədi, çünki onların dağınıq halda olması özünə zərər verə bilərdi. 
Döyüş nəticəsində Cəməl tərəfdarları məğlub oldu, Talha və Zübeyr münafiqlər tərəfindən şəhid edildi (şəhid edilməmişdən qabaq ikisi də Hz. Əliyə qarşı çıxdıqları üçün tövbə etdi), Hz. Aişə siyasətdən çəkildi və Hz. Əliyə qarşı çıxdığı üçün tövbə etdi. Hz. Əli isə müharibədən sonra qarşı tərəfdəki insanları “xətaya düşmüş mömin qardaşlar” adlandıraraq, qənimət arxasınca düşənləri tənqid etdi.

2. Siffin Döyüşü və Hakəmlik:
Cəməldən sonra Hz. Əlinin əsas hədəfi Muaviyə idi. Günlərlə davam edən bir savaş başladı.
Amr ibn As döyüşün gedişatını dəyişdi. Quran səhifələrini qaldıraraq “hakimlik” təklif etdi. Bəziləri bunu Muaviyəni məğlubiyyətdən xilas etmək üçün taktika kimi görsə də, bəzi mənbələr Amr ibn Asın məqsədinin qan tökülməsini dayandırmaq olduğunu bildirir.
Hakimlər (Hz. Əli tərəfindən Əbu Musa Əl-Əşari, Muaviyə tərəfindən Amr ibn As) qərara gəldilər ki, hər ikisi də vəzifədən kənarlaşdırılsın, yeni xəlifə seçimini ümmət etsin. Fəqət münafiqlər bu məsənin də olmasına icazə vermədilər (Amr ibn Asın bu mərhələlərdə hiylə işlətməsi rəvayətləri uydurmadır).
Hakəmlik, əksinə, birliyi təmin etmədi, yeni parçalanmalara səbəb oldu və xaricilərin meydana çıxmasına yol açdı. Muaviyə isə bunu əsas gətirərək özünü xəlifə elan etdi və ətrafında dəstəyi böyütdü.

Hz. Əlinin Şəhid Olması
Hakəmlikdən sonra Hz. Əli xariciləri daha yaxın təhlükə kimi gördü və onlarla Nəhrəvanda savaşaraq onları dağıtdı və Muaviyəni ikinci plana keçirdi. Bir sübh namazı vaxtı Hz. Əli sui-qəsd nəticəsində şəhid oldu.

Hz. Osman: Xilafət Dönəmi və Fitnələr | Raşidi Xəlifələr - 3

İslam tarixində ən çox müzakirə olunan və bəzən də ən çox sual doğuran dövrlərdən biri Hz. Osman (r.a) dövrüdür. Onun xəlifəlik illəri həm siyasi, həm də ictimai çətinliklərlə yadda qalıb. Hz. Osmanın Peyğəmbərə (sav) yaxınlığı, səhabələr arasında xüsusi mövqeyi və İslam tarixindəki yeri bu dövrü daha da mürəkkəb edir. Çünki insanlar bu qədər dəyərli və nüfuzlu bir səhabənin dövründə necə bu qədər fitnələrin və narazılıqların yarandığını başa düşməkdə çətinlik çəkiblər.

Hz. Osmanın xəlifəliyi ümumilikdə 12 il davam edib. Bu illərin ilk yarısı — təxminən 6 il — ümumiyyətlə uğurlu sayılır. Hətta bəzi tarixçilərin fikrincə, bu dövrdə insanlar Hz. Osman üçün Hz. Ömərdən də artıq məhəbbət bəsləyiblər. Onun yumşaq təbiətli, əliaçıq və fədakar olması, dövlət xəzinəsindən maaş almayan yeganə xəlifə kimi bütün sərvətinin böyük hissəsini müsəlmanlar yolunda xərcləməsi bu sevgini daha da artırıb. İlk illərin uğurunun başqa bir səbəbi isə Hz. Ömərin geridə qoyduğu möhkəm dövlət idarəçiliyi olub. Hz. Osman bu quruluşu qorumağa çalışaraq işləri əvvəlcə sabit saxlayıb.

Ancaq ikinci 6 ildə vəziyyət dəyişməyə başlayıb. Xüsusilə xəlifəliyinin son illərində (hicri 33, 34 və 35-ci illər) hadisələr tam nəzarətdən çıxıb və nəticədə müsəlmanların xəlifəsi öz evində üsyançılar tərəfindən şəhid edilib. Hətta şəhid edildikdən sonra onu dərhal dəfn etməyə də imkan verməyiblər, cənazəsi bir neçə gün yerdə qalıb və sonda gizli şəkildə dəfn edilib.

Hz. Osmanla bağlı səsləndirilən ittihamlarla əlaqədar tarixçilər arasında müxtəlif baxışlar var. Bəzi iddiaların həqiqət payı olsa da, bir çoxunun sübut olunmadığı, bəzilərinin isə süni şəkildə şişirilir. Bu ittihamlar əksər hallarda insanları ona qarşı qızışdırmaq üçün vasitəyə çevrilib. Məsələn, məşhur islam alimi Əbu Bəkir İbnül-Ərəbi əl-Malikinin "Əl-Avasım Minəl-Qavasım" adlı əsərində Hz. Osmana yönələn 21 başlıca ittiham ayrıca qeyd olunub. Hz. Osman isə bu ittihamların sadə bir insanı belə öldürməyi haqq etmədiyini söyləyib.

Əsas iradlardan bəzilərini belə sadalaya bilərik:

  • Ubeydullah ibn Ömər məsələsi: Hz. Ömərin qatili və ona kömək edənləri heç bir məhkəmə olmadan öldürən oğlu Ubeydullaha qisas verilməməsi çox müzakirə olunub. Hz. Osman bu məsələni öz cibindən diyət ödəməklə bağlayıb. O, həm də dövlət başçısı olaraq zərərçəkənin sahibi mövqeyində qatilə əfv vermək haqqı olduğunu söyləyib.

  • Qurani-Kərimin tək bir ləhcə ilə yazılması: Hz. Osman Quranın müxtəlif ləhcələrdə oxunmasının qarşısını almaq üçün onu Qureyş ləhcəsində toplatdırıb, digər nüsxələri isə yandırıb. Bu addım bəzilərini narahat edib.

  • Yeni otlaq yerlərinin ayrılması: Əhalidən toplanan zəkat artdıqca mal-qara sayı da çoxalıb, buna görə yeni himalar (otlaq və quruluq sahələri) yaradılıb. Bu torpaqların bəzilərinin bəzi şəxslərə verilməsi isə narazılıq yaradıb.

  • Əbu Zərrin sürgün edilməsi: Cəmiyyətin sərvət bölgüsünü sərt tənqid edən Əbu Zərr əl-Ğifari zənginlərə qarşı sərt sözlərinə görə Mədinədən Rəbəzəyə sürgün edilib. Təbii ki, bu sürgünü Əbu Zərr özü də qəbul edib. Hz. Osman isə yalnız fətva verə biləcəyini, insanlara təqva tələb edə bilməyəcəyini deyib.

  • Hakəm bin əl-Asın geri gətirilməsi: Peyğəmbərin vaxtında Məkədə zülm etdiyinə görə Taifə sürgün edilən əmisi Hakəmi və ailəsini Hz. Osman Mədinəyə qaytarıb, onlara imtiyazlar tanıyıb. Bu isə Əbu Zərrin sürgünü ilə ziddiyyət təşkil edərək qəzəb doğurub.

  • Bəzi dini fətvalar: Həccdə namazı qısaltmadan qılması, ikinci azanı əlavə etməsi, xütbəni namazdan qabaq oxutdurması kimi addımlar "bidət" adlandırılıb. Halbuki bu etdikləri bir ictihad idi və dəlilləri mövcud idi.

  • Peyğəmbərin üzüyünü itirməsi: Abdest alarkən Peyğəmbərin üzüyünü itirməsi bəziləri tərəfindən "uğursuzluq" kimi qəbul edilib.

  • Bədir və Rıdvan beyətlərində iştirak etməməsi: Bu ittiham isə açıq-aşkar böhtandır. Çünki Hz. Osman Bədir döyüşündə Peyğəmbərin əmri ilə xəstə həyat yoldaşının başında qalıb. Rıdvan beyəti isə Hz. Osman Məkkəlilər tərəfindən saxlanıldığı üçün onun xilasına görə edilmişdi. Hətta Peyğəmbər Hz. Osmanın adından da özü beyət edib.

  • Qohumlarını vəzifəyə gətirməsi: Hz. Osmana qarşı ən sərt tənqid məhz bu məsələ ilə bağlıdır. Ondan əvvəlki rəhbərlər öz qohumlarını yüksək vəzifələrə gətirməmişdi. Halbuki Hz. Osman yaxın qohumlarını mühüm valiliklərə təyin edib. Məsələn, Vəlid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir və Abdullah ibn Səad ibn Əbi Sərh kimi şəxslər. Bəzilərinin keçmişində problemli hadisələr, hətta irtidat etmiş olmaları cəmiyyətdə böyük narazılıq yaradıb. Hz. Osman isə onları bacarıqlı hesab etdiyini, onlardan bəzilərinin həmçinin Peyğəmbərin də qohumlarından olduğunu, Peyğəmbərin də qohumlarından birini idarəçi təyin etdiyini, bunu qadağan edən heç bir ayə və ya hədis olmadığını və qohumluq bağlarını qorumağın vacibliyini əsas gətirib. Amma tənqidçilər Hz. Ömərin qohumları rəhbərliyə gətirməməklə sözlərini və təyin olunan şəxslərin özbaşına davranışlarını daha əsaslı səbəb kimi göstəriblər.  Bunu da qeyd edək ki, necə ki, Hz. Osman 4 valini öz qohumundan seçmişdi, həmçinin Hz. Əli də öz dönəmində 4 valini öz qohumlarından seçdi. Amma niyəsə ona etiraz edənlər, Hz. Əliyə etiraz etmirlər. Buradan da görünür ki, məsələləri haqq deyil, məsələləri təəssübkeşlikdir.

Fitnə hadisələrinin əsl səbəbləri və pərdəarxası məqamları üzərində dayananda görünür ki, məsələ sadəcə səthi ittihamlardan ibarət deyil, cəmiyyətin içində baş verən dərin dəyişikliklərlə bağlıdır.

Fitnəyə meyilli bir mühitin yaranması: Peyğəmbərin nurundan uzaqlaşan, əvvəlki sadəlik və səmimiyyətini itirən cəmiyyətdə kiçik problemlər belə böyüyərək qarşıdurmalara yol açıb. İranlıların, yəhudilərin və xristianların bölgədə mövcudluğu, onların əvvəlki adət-ənənələrinin təsiri də bu prosesə təkan verib.

Qəbiləçilik hissinin yenidən güclənməsi: Xüsusilə Ümeyyəoğulları ilə Haşimoğulları arasındakı keçmiş çəkişmə və Qureyşlilərlə qeyri-Qureyşli tayfalar arasındakı gərginlik, cəmiyyəti iki yerə bölüb. Peyğəmbərdən (sav) sonra Qureyşə niyə itaət etməli olduqlarını sual edən qeyri-Qureyşli tayfalar öz mövqelərini axtarmağa başlayıblar.

Seçkin səhabələrin narazı salınması: Hz. Osman üçün ən böyük çətinliklərdən biri də Mədinə cəmiyyətinin dayağı sayılan aparıcı səhabələri özündən uzaqlaşdırması olub. Beləliklə, həm onların dəstəyini itirib, həm də Ümeyyə oğullarına arxalanmaq məcburiyyətində qalıb. Bir neçə nümunə:

  • İbn Məsud və Übey ibn Kab kimi səhabələrin maaşlarının kəsilməsi (Quran nüsxələri məsələsinə görə).

  • Hz. Aişənin maaşının azaldılması (bərabərlik məsələsinə görə).

  • Amr ibn As-ın valilikdən uzaqlaşdırılması.

  • Hz. Əlinin narazı salınması və baş verənlərin ortasında çaşqın qalması.

  • Abdurrəhman ibn Avf-ın dəstəyini geri çəkməsi.

İdarəetmədəki xətalar:

  • Hz. Ömərin əksinə olaraq, Hz. Osman seçkin səhabələrin Mədinədən çıxmasına şərait yaradıb və nəticədə ətrafında məsləhətləşə biləcəyi şəxslər ciddi şəkildə azalıb.

  • Fəthlərin həddindən artıq genişləndirilməsi və bu torpaqların idarə edilməsinin çətinləşməsi əlavə yük yaradıb.

  • Hz. Ömərin istəmədiyi bədəvilərin fəthlərə qoşulmasına icazə verilməsi, ordu nizamını pozub, bədəviləri qənimətə alışdırıb və onları fitnəyə açıq hala gətirib.

  • Qənimətlərin satışı ilə bağlı qaydaların yumşaldılması, əsgərlərin döyüşdən çox ticarətə meyil etməsinə səbəb olub.

Fəthlərin dayanması: Bu da fitnənin əsas səbəblərindən sayılır. Fəthlər davam edəndə cəmiyyətin diqqəti xarici düşmənlərə yönəlirdi, fəthlər dayandıqda isə daxili narazılıqlar ön plana keçdi.

Gizli əl (Abdullah ibn Səbə): Bəzi mənbələrdə bu dövrdəki qarışıqlığın başında yəmənli yəhudi əsilli Abdullah ibn Səbənin dayandığı açıq şəkildə görünür. Bu barədə "Həqiqətə Açılan Qapı" kitabında ətraflı şəkildə qeyd etmişik.

Hz. Osman isə Mədinədə mühasirədə olarkən vəziyyətin bu qədər böyüyəcəyini təxmin etməmiş, sui-qəsdə qədər gedəcəyini təsəvvür etməmişdi. Əslində nə Mədinə camaatı, nə də üsyançıların özləri hadisələrin bu həddə çatacağını gözləyirdilər. Onun ən böyük xətası bəlkə də problemləri müvəqqəti addımlarla yoluna qoymağa çalışması, davamlı bir həll mexanizmi qura bilməməsi idi. İstefa verməsi istənəndə isə, “Allahın mənə geyindirdiyi xilafət libasını siz istəmirsiniz deyə çıxarmaram” deyərək bu təklifi qəbul etməyib.

O dövrün müsəlman cəmiyyəti üçün bir xəlifənin necə və nə zaman vəzifədən alınmalı olduğu, səlahiyyətləri məhdudlaşdırılmalı olduğu ilə bağlı oturuşmuş bir qayda yox idi. Bu dövr tarixdə Əl-Fitnətül-Ula — yəni "ilk böyük fitnə" kimi tanınır və Hz. Osmanın şəhidliyi ilə nəticələnib. Yaşananlar həm xətalarıyla, həm də öyrədici dərsləri ilə İslam tarixində gələcək nəsillərə önəmli ibrət olaraq qalıb.

Raşidi Xəlifələr Dönəmində İqtisadi Vəziyyət (Hz. Ömər Nümunəsində) | Raşidi Xəlifələr - 7

Xüləfa-i Raşidin dövrü İslam cəmiyyətinin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyi bir mərhələdir. O vaxt iqtisadi vəziyyətdən d...