Oruc, təkcə İslam mədəniyyətinə məxsus bir ibadət deyildir. Dünyanın müxtəlif qədim sivilizasiyalarında – Hindistan, Çin, Yaponiya kimi coğrafiyalarda da uzun əsrlərdir tətbiq olunan bir təcrübədir. Bu praktikada əsas məqsəd, insanın ruhu ilə bədəni arasında bir tarazlıq yaratmaq, bədəni idarə altına alaraq düşüncə və mənəviyyat üçün geniş bir sahə açmaqdır.
Oruc, bədənin istəklərindən geri çəkilməsi, ehtiraslardan, aqressiyadan uzaqlaşması və bir növ “sakit rejimi”nə keçməsi deməkdir. Bu da əxlaqi formalaşma və mənəvi təkamül baxımından olduqca önəmlidir. Peyğəmbərimizin (s.ə.s) “Oruc tutun, sağlamlıq tapın” (Təbərani) hədisi bu mənada zahiri (bədənə dair) və batini (daxili) qatlarda dəyərləndirilə bilər. Zahiri baxımdan az yemək bədən sağlamlığına fayda verir. Ənənəvi təbabət məktəblərinin də əsasında məhz düzgün və az qidalanma dayanır. Qədim yunan düşünürlərindən tutmuş Çin və Hind hikmətinə qədər qidalanma mədəniyyəti əsas rol oynamışdır.
Bu günümüzdə “sağlam ağıl sağlam bədəndə olar” fikri çox vaxt əzələli, fiziki cəhətdən güclü bir bədənlə əlaqələndirilir. Halbuki əsl məna bədənin tarazlıqda və ölçülü bir vəziyyətdə olmasıdır. Aşırı qidalanma və ya idmanla bədəni gücləndirmək mümkündür, lakin bu, çox vaxt zehni tarazlığı pozur. Tarazlanmış bir bədən – qədim dillə desək, "mizac" – nəfsani istəkləri də nəzarət altına alır. Bu isə düşüncə və duyğuların daha sağlam bir istiqamətə yönəlməsi ilə nəticələnir.
Bu məqamda, Asiyalı müdrik bir obrazın güclü bir xarici kəşfiyyat agentinə “çox zəifsən, bədənin sağlam deyil, bu səbəbdən diqqətin formalaşmır” deməsini nümunə olaraq xatırlamaq olar. Yəni, bədənin tarazlıqda olmaması insanın konsentrasiyasına da təsir edir. Bu baxımdan oruc, bədənin “təmkinləşməsi” ilə ruhun, düşüncənin və könül dünyasının sərbəstləşməsi üçün bir açar funksiyası daşıyır.
Əslində orucun əsas hədəfi, bədəni yüklənmədən azad edib düşüncəyə və ruhaniyyətə bir zəmindir yaratmaqdır. Həddindən artıq yemək, həm daxildən həzmlə, həm də yaranan enerjinin boşaldılması ehtiyacı ilə bədəni yorur. Yemək və içməyi azaltmaq isə bədənin hərəkətliliyini azaldır, insanı həyatın həqiqi ehtiyaclarını düşünməyə sövq edir. “Bu mənə həqiqətən lazımdırmı?”, “Bunu etməsəm də olarmı?” kimi suallar, insanın həyat prioritetlərini yenidən gözdən keçirməsinə şərait yaradır.
Müasir dövrün ən ciddi problemlərindən biri də, artan enerji istehlakı və bunun nəticəsində yaranan qeyri-faydalı məşğuliyyətlərdir. Günlük yalnız 2200 kalori ehtiyacı olan bir insanın 3000-4000 kalori alması, onu bu artıq enerjidən xilas olmaq üçün məcburən fəaliyyətə yönəldir. Bu da özünü sosial mediada vaxt itirmək, mənasız mübahisələr və ya gecəyə qədər televizor izləmək kimi hallarda göstərir. Nəticədə insan yorulur, fikirləşməkdən uzaqlaşır və mənasızlıq hissi ilə baş-başa qalır.
Oruc, bədəni "zəiflədərək", yəni nəfsani istəkləri azaldaraq, həyatdakı vacib olanlarla olmayanlar arasında sərhəd çəkməyə kömək edir. Tarix boyu heç bir müdrik insan “doğruya çatmaq üçün çox yeməlisən” deməmişdir. Əksinə, həmişə deyilib ki, az yeyərək və az danışaraq hikmətə çatmaq mümkündür. Həddindən artıq yemək daha çox hərəkət tələb edir, bu isə həm su ehtiyacını artırır, həm də həyatın öz axarından çıxmasına səbəb olur. Oruc isə bu ehtiyacları azaltmaqla insana ömrünün qısalığını və gerçək ehtiyaclarını düşündürür.
Bu baxımdan, orucla düşüncə arasında qurulan bu əlaqə, insanın daxili dünyasına bir aydınlıq, bir nəfəs verir. Hətta sahur və iftarın bolluğu belə bu məqsədi kölgədə qoymamalıdır. Peyğəmbərimizin (sav) təvazökar və ölçülü həyat tərzi burada bir örnək olaraq daim ön planda tutulmalıdır.
Hiç yorum yok:
Yorum Gönder