26 Şubat 2026 Perşembe

Həyat, Yaxşılıq və Allahın İsimləri

İslam düşüncəsinin əsasını təşkil edən mühüm prinsiplərdən biri budur ki, həyat özü dəyərli bir nemətdir və varlıq yoxluğa üstün tutulmalıdır. Bu yanaşma, müsəlman təfəkkürünün ayrılmaz hissəsi olaraq, insanın hansı şəraitdə olursa-olsun həyatı müdafiə etməsini və sevgini qorxuya üstün tutmasını zəruri sayır. Dinimizin təməlini təşkil edən mərhəmət və məhəbbət kimi anlayışlar, əgər fikri əsas prinsipə çevrilərsə, insanın dünyaya və digər varlıqlara baxış tərzini kökündən dəyişər.

Həyat və Varlığın Üstünlüyü

İslam təliminə görə, yaşamaq yox olmaqdan, var olmaq isə yoxluqdan üstündür. Həm insanın, həm də təbiətin — məsələn, bir ağacın belə — həyatda qalması onun məhvindən daha qiymətlidir. Bu əsas prinsip göstərir ki, bir müsəlmanın əlindən ölüm gətirən davranış yalnız istisnai və zəruri hallarda baş verə bilər. Quranda Habilin Qabili öldürməməyə qərar verməsi bu yanaşmanın arxasındakı əxlaqi mövqeyi nümayiş etdirir: müsəlman üçün qatillik heç vaxt seçim olmamalıdır, hətta özü risklə üz-üzə qalsa belə.

Müasir dövrdə “önləyici tədbir” adı altında hələ həyata keçməmiş ehtimallar əsasında insanların öldürülməsi, İslamın yanaşmasına görə yalnız barbarlıqla izah edilə bilər. Bu cür təcavüzkar və dağıdıcı düşüncənin kökü isə bəzi qaynaqlarda Amerikanın “kəşfi” adı ilə təqdim edilən, əslində isə işğal və talan tarixinə bağlanır. İslam baxımından isə “talançılıq” kimi bir ideologiyanın mövcudluğu belə qeyri-mümkündür.

“Hüsn” Anlayışının Üç Mənası: Əxlaq, Həqiqət və Gözəllik

İslam təlimində Allahın gözəl adlarını ifadə edən “Əsmaül-Hüsna” ifadəsindəki “hüsn” kəlməsi əslində üç təməl mənanı daşıyır:

1. Əxlaqi Yaxşılıq (Əxlaqi mənada gözəllik):

Allahın adları əxlaqın əsas qaynağıdır və onların hər biri xeyirlidir. Hətta “Qahhar” (əzab verən) və ya “Müntəqim” (intiqam alan) kimi adlar belə, içində mərhəmət daşıyır. Rahmətdən məhrum bir “Qahhar” və ya “Müntəqim” təsəvvür edilə bilməz. Quranda Zəkəriyyə peyğəmbərlə (ə.s) bağlı ayədə "Bu sənin Rəbbinin öz qulu Zəkəriyyaya olan mərhəmətinin xatırlanmasıdır!" (Məryəm, 2) göstərilir ki, bir bəndənin həyatında baş verən hadisələr Allahın mərhəməti ilə bağlıdır.

Bu mənada, Allahın adlarını anlamada gündəlik dildəki anlayışlara deyil, daha çox metafizik dəyərlərə əsaslanmaq lazımdır. Çünki Allahın “Mənim mərhəmətim qəzəbimi keçmişdir” (Buxari, Müslim) ifadəsi də bunu təsdiqləyir. Odur ki, Allahın hər adını izah edərkən, mərkəzdə rəhməti görmək zəruridir.

2. Məntiqi Doğruluq (Həqiqətə uyğunluq):

“Hüsn” həm də məntiqi baxımdan düzgün olan deməkdir. Allahın adları O’na tam uyğun gəlir, yəni bu adlar nə insanın təsəvvür məhsuludur, nə də təxəyyülün nəticəsi. Allah bizim düşüncəmizdən və təsəvvürlərimizdən tamamilə müstəqil olan həqiqi bir varlıqdır.

Bu, “İxlas” surəsindəki “Ləm yəlid və ləm yuləd” ayəsi ilə də əlaqələndirilir. Elmalılı Hamdi Yazır bu ifadəni belə yozur: “Biz Allahı yaratmamışıq, O bizi yaradıb.” Beləliklə, bəzi müasir psixoloji yanaşmalarda iddia olunduğu kimi, Tanrı anlayışı qorxuya əsaslanan bir uydurma deyil; əksinə, Allah əbədi və real varlıqdır.

3. Estetik Dəyər (Gözəllik):

İnsan təbiətcə gözəlliyə meyillidir — məsələn, çiçəyi tikanlı bitkidən, axar suyu quru torpaqdan, yaşıllığı çılpaq torpaqdan üstün tutur. Bu cür estetik seçimlər son nəticədə “doğru” və “yaxşı” olanla birləşir. Peyğəmbərin (sav) “Allah gözəldir, gözəli sevər” (Müslim) kəlamı da bu anlayışa dəlalət edir.

Allahın sevmədiyi şeylər Quranda və hədislərdə daha çox əxlaqi problemlər kimi qeyd olunur: zülm, təkəbbür, səbirsizlik, xəsislik və s. Bu isə göstərir ki, “hüsn” eyni zamanda həm əxlaqi, həm də estetik bir anlayış daşıyır. Gözəllik təkcə fərdi yox, ümumi olmalıdır — Hz. Yusifin (ə.s) gözəlliyi yalnız özünə aid deyil, ətrafındakı gözəlliyi də artırmışdır.

İnsan və Hüsn: Üç Baza Fikrə Dayanan Dəyərləndirmə

“Hüsn” anlayışının bu üç mənası insana da şamil olunur və belə bir nəticə ortaya çıxır:

  • İnsan yaxşıdır (əxlaqi baxımdan),

  • İnsan həqiqi varlıqdır (fəlsəfi baxımdan),

  • İnsan gözəldir (estetik baxımdan).

Müsəlman cəmiyyəti bu üç əsas ideyanı qoruyacaq və müdafiə edəcək gücə sahib olmalıdır.  İnsanın fitrətən yaxşıdır, lakin zamanla bu keyfiyyətləri itirə də bilir.

Qorxunun Aşılması və Metafizik Düşüncə

Tarixdə yazılmış fəlsəfi risalələrdə qəm-qüssəni aşmaq yolları axtarılıb və bu kədərin kökündə ölüm qorxusunun dayandığı vurğulanıb. Ağılın tərbiyəsi də əslində bu qorxulara qalib gəlmək üzərində qurulub. Metafizik düşüncə tərzi, klassik İslam elmi məktəbinin əsasını təşkil edib. Bu sayədə həm dil problemləri, həm də dini və fəlsəfi mətnlər daha doğru anlaşılır və insan dünyanı sağlam şəkildə dərk edə bilir.

Dünyanı insansız təsəvvür etdikdə hər şeyin gözəllik içində olduğunu görmək olur; problemlər isə əslində insanın mənəvi boşluğu ilə bağlıdır. Ona görə də, Allahın “rəhmətim qəzəbimi keçmişdir” anlayışını əsas tutaraq, qorxuları sevgi və mərhəmət ilə aşmaq və həyata ümid və şövqlə yanaşmaq İslam düşüncəsinin əsas qayəsi olmalıdır.

Hiç yorum yok:

Yorum Gönder

Həyat, Yaxşılıq və Allahın İsimləri

İslam düşüncəsinin əsasını təşkil edən mühüm prinsiplərdən biri budur ki, həyat özü dəyərli bir nemətdir və varlıq yoxluğa üstün tutulmalıdı...