İnsan nədir, necə yaşamalıdır, nəyə möhtacdır – bu sualların cavabı çox zaman çətin anlarda üzə çıxır. Bu sualları düşündürən əsas mövzulardan biri də fəqirlik və ehtiyac halıdır. Adətən fəqirlik bir bədbəxtlik, zəruri vəziyyət kimi qəbul olunur, zenginlik isə bəzən bir uğur və Allahın mərhəməti kimi görülür. Amma məsələ bu qədər sadə deyil.
Dinimizin bu iki halı – fəqirlik və zənginliyi – yalnız dünyəvi ölçülərlə deyil, mənəvi bir baxışla da qiymətləndirməsi vacibdir. Peyğəmbərimizin (sav) həyatına baxdıqda görürük ki, nə fəqirliyi bütövlükdə pisliyə yozub, nə də zənginliyi ucaldıb. Hər bir hal öz yükü və məsuliyyəti ilə bir imtahandır. Dini yalnız zənginlərin rahatlıqla yerinə yetirə biləcəyi bir sistem kimi təqdim etmək və ya zənginliyi dinin təqdir etdiyi bir hal kimi göstərmək, ciddi bir yanlışlığa yol açır. Din hər kəsə eyni məsafədədir və imanın əsası da bu ədalətdə gizlidir.
Əsl Fəqirlik – Allah’a Möhtac Olmaq
İnsanın “mümkün varlıq” olması – yəni yoxdan var edilmiş və hər an varlığına davam etməsi üçün Allahın qüdrətinə ehtiyacı olması – onun ən dərin həqiqətidir. Quranda “Ey insanlar! Siz Allaha möhtacsınız, O isə Qəniyy və Həmid olandır” (Fatir, 15) ayəsi bu ehtiyac halını açıq şəkildə ortaya qoyur. Bu möhtaclığı dərk etmək, bəlkə də insanın ən böyük azadlığına aparan qapıdır.
Peyğəmbərlərin Həyatında İnsan Halı
Bu mənəvi ehtiyac halı, sadəcə fəlsəfi və ya teoloji bir məqam deyil, eyni zamanda peyğəmbərlərin həyatlarında da bariz şəkildə görünür:
-
Hz. Musa – Mədyən səfərində hər şeyini itirdiyi anda etdiyi dua: “Ey Rəbbim! Mən Sənin göndərəcəyin hər cür xeyrə möhtacam!” (Qasas, 24) – bu, insanın ən çarəsiz anında belə Allahdan gözünü çəkmədiyinin nümunəsidir.
-
Hz. Nuh – “Rəbbim, mən məğlub oldum, mənə yardım et!” (Qəmər, 10) deməsi – bir peyğəmbərin xalq qarşısındakı məğlubiyyəti deyil, insanın dünya ilə mübarizəsindəki acizliyinin ifadəsidir. İnsan bu dünyada daim məğlub olur: arzuları reallaşmır, həyat sonsuz deyil, ölüm isə ən böyük ehtiyac və acizlik halıdır.
Müasir İnsanın Möhtaclığı: Yalnızlıq Qorxusu
Bunları düşünəndə insanın müasir dövrdə yaşadığı “yalnızlıq qorxusu” da daha aydın görünür. Texnologiyanın, telefonun, internetin bu qədər həyatımıza daxil olması sadəcə ünsiyyət ehtiyacı deyil, bir boşluğun göstəricisidir. İnsan özünə dözə bilmir, tək qala bilmir, içindəki səsi eşitməkdən qorxur. Və nəticədə, azadlığını könüllü şəkildə bu “rəqəmsal səslər”ə təslim edir.
Özünü Tanımaq və Allaha Yönəlmək
Bu nöqtədə sufilikdəki “inziva” və “xəlvət” anlayışlarının mahiyyəti ortaya çıxır. İnsan bəzən öz səsini eşitmək, düşüncələrini aydınlaşdırmaq və dərinliklərini kəşf etmək üçün tək qalmalıdır. Bu təkliyə qaçmaq deyil, əksinə, orada özünü tapmaqdır. Çünki özünü tanımayan biri, nə başqasını anlaya bilər, nə də Allaha yönələ bilər. Həqiqi ibadət, həqiqi dua, həqiqi möhtaclıq – insanın öz acizliyini qəbul etməsindən doğur.
Bu səbəblə, Allaha möhtac olmaq utancverici bir şey deyil. Əksinə, insanın kimliyini, həddini və yerini anlaması üçün bir fürsətdir. Bu möhtaclıq insanı aşağı çəkmir, yüksəldir. Çünki Allah qarşısında aciz olduğunu bilmək, başqa heç kim qarşısında əyilməməyə gətirib çıxarır.
Hiç yorum yok:
Yorum Gönder