Yazmaq sadəcə düşüncəni ifadə etməyin passiv forması deyil, əksinə, düşüncənin formalaşması və bilginin gerçəyə çevrilməsi prosesidir. Bilik yazaraq mövcud olur; insan zehnindəki fərziyyələr, qərəzlər və zənlər yazı vasitəsilə aydınlığa çıxır və müəyyən bir anlayışa çevrilir. Bu baxımdan yazmaq yalnız akademik bir fəaliyyət deyil, eyni zamanda həyatda qarşılaşdığımız problemlərin həlli, sistemli düşüncə və irəliləyiş üçün əvəzsiz bir vasitədir.
Yazının Bilik Yaradılmasında Əsas Rolu
“Elm qələmlə sabit olar” deyimi də göstərir ki, həqiqi bilik yazmaqla formalaşır. Yazı yoxdursa, orada ya təxmini düşüncələr var, ya da məlumatsızlığın özü hökm sürür. Yazmağa başlamaq insanın nəyi bilmədiyini anlama prosesidir. Bir mövzu üzərində yazmaq istədikdə, təbiətən zehində suallar yaranır və həmin suallarla mətnə, qaynaqlara yaxınlaşırıq. Əks halda, oxunan hər şey sadəcə bir mətndə qalır, zehni fəallıq yaranmır. Bu səbəbdən “əvvəl oxu, sonra yaz” deyimindənsə, “əvvəl oxu, sonra yaz, sonra yenə oxu” prinsipi daha məqsədəuyğundur. Çünki yazmaq məqsədi müəyyənləşdirir, oxumağa isə məna verir. Yazı həm də bilginin hasil olunduğu bir “laboratoriyadır” – sadəcə mövcud biliklərin sərgiləndiyi bir vitrin deyil.
Təhsil Sisteminə Baxış və Yazı Bacarığının Əhəmiyyəti
Yazmaq bacarığı, xüsusilə bizim təhsil sistemimiz üçün bir “həyat-memat məsələsidir”. Orta məktəb dövründə yazmağı öyrənə bilməyən bir gəncin universitetdə ciddi mənada bilik əldə etməsi çətin olur. Çünki universitet təməli orta məktəbdə qoyulan bir mərhələyə söykənir. Məsələ təkcə test sistemi və standartlaşdırılmış qiymətləndirmə üsullarının problemli olması ilə bitmir. Yazı əsaslı öyrənmə mədəniyyəti bütün sahələrdə əsas prinsip kimi qəbul edilməlidir. Bəzən “şifahi mədəniyyət” və “söhbət mədəniyyəti” kimi anlayışlarla yazmama vərdişi əsaslandırılır, lakin bu yanaşma sadəcə yazma ehtiyacını anlamayan tənbəlliyin bir üzrüdür. Əslində “söhbət mədəniyyəti” danışmaqdan çox, ədəb, müşahidə və davranışla öyrənməni ifadə edir, sözlü ənənə isə yalnız xüsusi formalarda – məsələn, dastanlarda – daşıyıcı rolunu oynayır.
Uğur və İntellektual İnkişafda Yazının Yeri
Bir insanın iş həyatında uğurlu olması, hətta rəhbərindən gələn şifahi tapşırıqlara belə yazılı cavab verə bilməsinə, sistemli işləməsinə və qeydlərlə öz inkişafını izləməsinə bağlıdır. Qurum mədəniyyəti və institusional yaddaş da yalnız yazılı bilik və sənədləşmə ilə formalaşa bilər. Təhsildə kəmiyyətə deyil, keyfiyyətə – yəni tələbənin istənilən mövzuda ardıcıl və düşünülmüş yazı yaza bilmə qabiliyyətinə – fokuslanmaq lazımdır. Əgər bir məktəbli iki səhifəlik bir mətni sərbəst şəkildə yaza bilirsə, bu, həmin şagirdin doğru məktəbdə və düzgün müəllimlərlə işlədiyinin göstəricisidir. Əgər bir tələbənin “qələm həyatı” yalnız mesaj yazmaqdan ibarətdirsə, o zaman belə bir gəncin intellektual şəxsiyyət deyil, sadəcə “avomatik diplomlu” biri kimi yetişəcəyi artıq bəllidir.
Hiç yorum yok:
Yorum Gönder