10 Kasım 2025 Pazartesi

Düşüncələrimiz Dardır?

Ümmət olaraq əsrlərdir içində olduğumuz əsas problemlərdən biri düşüncə sahəsində yaşanan daralma olmuşdur. Halbuki əlimizdə Qurani-Kərim kimi ilahi bir rəhbər və Peyğəmbərimizin (s.ə.s) sünnəsi kimi əvəzsiz bir miras varkən, bu darlıq səbəbilə nəinki bəşəriyyətə bir töhfə verə bilmişik, hətta bir çox sahədə durğunluq və məhsuldarlıqdan uzaq bir mənzərə ilə üzləşmişik.

Bu intellektual durğunluğun səbəbləri çoxdur. Ən önəmlilərindən biri isə tariximizin şanlı səhifələrinə həddindən artıq bağlanaraq, "atalarımız belə idi, biz də onların davamçılarıyıq" deyə özümüzü rahatlatmaqla yetinməyimizdir. Halbuki tarix, bizə yeni tarixlər yazmaq üçün bir təkan olmalı idi. Lakin təəssüf ki, bəzi çevrələr bu bağlılığı manipulyasiya vasitəsinə çevirərək, bizi kiçik düşüncələrə yönəltmiş, böyük ideallardan uzaqlaşdırmışdır.

Bu dar düşüncə mühiti nəticəsində, "Nəbəvi üfüq" adlanan o ali peyğəmbər baxışına yaxınlaşa bilməmiş və insanlığa yol göstərəcək məzmunlar istehsal edə bilməmişik. Bu vəziyyət, Ümmət-i Muhəmmədin (s.ə.s) qarşı-qarşıya olduğu ən böyük imtahanlardan biri olaraq, zamanın çətinliklərinə boyun əymək və "şərait belədir, nə edək" deyə təslimiyyət göstərmək şəklində təzahür edir. Bu təslimiyyətin nəticələrindən biri də, fiqhi bir rüxsət olaraq "əhvəni şər"ə razı olmaqdır. Ancaq bu hal, küfrə, batilə və zülmə qarşı qəlbdə heç bir razılıq və məhəbbət bəslənməməsi prinsipi ilə ziddiyyət təşkil edir. Çünki "əhvəni şər" məsələsi əslində iki şərdən ən az şər olanını seçməkdir, yoxsa heç bir halda şərrə razı olmaq deyil. Ən böyük zərərlərin bəzən bizə ən yaxın olan çevrələrdən gəlməsi və bunun çox ağır nəticələr doğurması isə artıq acı bir təcrübə olaraq qarşımızda durur.

Bu vəziyyətdən çıxış yolları da açıq şəkildə ortadadır:

1. Nəbəvi və Qurani Üfüqə Yaxınlaşmaq:
Düşüncə baxışımızı Qurani-Kərimin və Rəsulullahın (s.ə.s) göstərdiyi istiqamətə yönəltmədən, indiki zamanın imkanlarını dəyərləndirmək və gələcəyə dair bir yol xəritəsi cızmaq mümkün deyil. Şəraitin məcburiyyətlərini qədərimiz kimi qəbul etmək əvəzinə, onları imkan olaraq dəyərləndirməliyik. Nəbəvi üfüq bizə bunu öyrədir.

2. Səfər və Zehni Açılış:
Peyğəmbərimizin (sav) "Səfər edin, sağlamlıq tapın" (Əhməd b. Hənbəl) buyuruşu yalnız fiziki sağlamlıqla deyil, zehni sağlamlıqla da əlaqəlidir. Səfərin insana qazandırdığı bəzi mühüm faydalar bunlardır:

  • Dar düşüncələri və fanatik yanaşmaları aradan qaldırmaq,

  • Qərəzlilikdən xilas olmaq,

  • Dünyanın yalnız öz çevrəmizdən ibarət olmadığını dərk etmək,

  • Kimlərin dost, kimlərin düşmən olduğunu tanımaq,

  • Dəyişən zaman və şərtlərə dair məlumat qazanmaq.

Görüldüyü kimi, tanıdıqca insanın baxış bucağı genişlənir və bu genişlik, mövcud şəraitə uyğun məsuliyyətli bir müsəlman şəxsiyyətinin formalaşmasına kömək edir.

3. Yönləndirmələrə Razı Qalmamaq:
Bizə təqdim olunan məhdud və dayanıqsız yönləndirmələrlə kifayətlənmək yerinə, Qurani və Nəbəvi mənbələrə qəlbimizi, ağlımızı və düşüncəmizi açmalı, bu mənbələrdən qidalanmalıyıq. Əks halda, başqalarının gətirdikləri fikirlərlə məşğul olar və öz yolumuzu itirərik.

Nəticə etibarilə, bu daralmış fikri mühiti aşmaq üçün keçmişimizin zəngin irsindən düzgün istifadə etməyə, sadələşdirilmiş, dayanıqsız qavramlardan uzaq durmağa və ən əsası, Qurani-Kərim və sünnənin işığında öz düşüncə üfüqümüzü genişləndirməyə ehtiyac vardır. Unutmamalıyıq ki, səfər yalnız fiziki bir hərəkət deyil, həm də ağlın və ruhun bir genişlənməsidir.

Düşüncə sahəsindəki inkişaf, kiçik bir çayın axıb böyük dənizə çatması kimidir. Kiçik çay olaraq qalmaq, məhdudiyyətlər içində boğulmaq deməkdir. Ancaq dənizə çıxmaq, sonsuzluğa açılan imkanlara qovuşmaq və orada öz yolumuzu müəyyənləşdirmək deməkdir. Beləliklə, zamanın dalğalarına təslim olmaq yerinə, istiqamətimizi özümüz təyin edərək irəliləyə bilərik.

Hiç yorum yok:

Yorum Gönder

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...