26 Kasım 2025 Çarşamba

Linç Mədəniyyəti: Ədalət, İnfaz və Dijital Nəzarət | Günümüz Məsələləri

Linç mədəniyyəti bir tərəfdən güc sahiblərinin hesaba çəkilməsini tələb edir, digər tərəfdən isə sürətli “məhkəmələrin” doğrudan da mənəvi bir rahatlıq verib-vermədiyi və ədalətin əslində kimin əlində qaldığı sualını ortaya çıxarır.

I. Məsələnin mahiyyəti və psixoloji əsasları

Müasir populyar mədəniyyət artıq təkcə istehsal vasitəsi deyil, eyni zamanda bir cəza mexanizminə çevrilib. Sosial mediada yayılan “is over party” kimi ifadələr linç mədəniyyətinin qalıcılaşmasına xidmət edir və hər kəsə gec-tez “sıra sənə də gələcək” mesajı verir. İnternetdə yaranmış milkshake duck termini də hər qəhrəmanlıq hekayəsinin içində öz çöküşünü daşıdığı ironiyasını anlatmaq üçün istifadə olunur. Linçə qatılan kütlə özünü sanki ədaləti daha sürətli, daha effektiv və daha ədalətli şəkildə təmin edən bir qrup kimi görür; çünki onlara görə rəsmi qurumlar bu öhdəliyi yerinə yetirə bilmir. Bu davranışın arxasında psixologiyada “proyeksiya” deyilən mexanizm dayanır: insan və ya cəmiyyət daşımaqda çətinlik çəkdiyi günah, utanc və ya qəzəb kimi duyğuları seçdiyi bir qurbanın üzərinə ataraq özünü təmiz, düzgün və haqlı yerdə hiss edir. Əslində isə bu, insanın içindəki pisliklə üzləşmək yerinə onu başqasının üzərində “öldürməyə” çalışmasıdır. Linç, həm də bir böhran əlamətidir; ictimai və ya fərdi bir sarsıntı yaşandıqda, cəmiyyət özünü yenidən qurmaq üçün çox vaxt linçə əl atır. Bu mənada linç kollektiv zorakılığın qədim formalarından biridir.

II. Tarixi fon və güc münasibətləri

Birini cəmiyyətdən təcrid etmək insanlığın ən qədim cəza üsullarından biridir. Antik Afinada bu prosesə ostrakismos deyilirdi. Şəhər məclisi adını gil parçalarına yazaraq bəzi şəxsləri 10 il müddətinə şəhərdən uzaqlaşdırırdı. Maraqlısı odur ki, bu insanlar cinayətkar olduqları üçün deyil, çox güclü olduqları üçün sürgün edilirdi — demokratiyanın öz içindən tiran çıxmasın deyə. Orta əsr Avropasındakı cadı ovları və meydan infazları da eyni döngünün parçaları idi. Bu, həm şərin aradan qaldırılması kimi göstərilir, həm də cəmiyyətin qorxu və çaşqınlıqla baş etmə üsulu kimi işləyirdi. Foucault bu infazları sadəcə cəza yox, hakimiyyətin özünü nümayiş etdirməsi kimi dəyərləndirirdi. Kütlə isə bunu zalımlıq kimi yox, “yaxşılığın yanında dayanmaq” kimi görürdü. 20-ci əsr Amerikanın cənubunda isə linç artıq tam şəkildə institusionallaşmış bir terror forması idi. Sam Hos kimi hadisələrdə minlərlə insan toplaşıb “xalq ədaləti” adı altında dəhşətli işgəncələr tətbiq edir, hətta bu səhnələr kartpostal kimi satılırdı. Linç burada sadəcə cəza yox, cəmiyyətin öz birliyini qurduğu qaranlıq bir mərasimə çevrilmişdi.

III. Rəqəmsal dövrdə ləğv mədəniyyəti və fərdi nəticələr

Günümüzdə meydanlar bağlansa da, “tamaşa” bitməyib. Ləğv etmək mədəniyyəti rəqəmsal aləmdə, hər kəsin hər kəsi izlədiyi Byung-Chul Hanın dediyi şəffaf cəmiyyətdə davam edir. Artıq Panoptikonun nəzarətçisi dövlət deyil — bir-birimizik. Başlanğıcda anonimlik bərabərlik kimi dəyərləndirilsə də, zaman keçdikcə bu, sosial medianın nifrət və qorxu təşkil edən bir məkana çevrilməsinə yol açdı. Linç mədəniyyətində susdurulan insanlar olduğu kimi, özünü susdurub qorxu içində yaşayan böyük kütlələr də var. Artıq insanlar səhv etməkdən deyil, yanlış başa düşülməkdən qorxurlar. Bu isə spontane davranışı, yaradıcılığı boğur; insan “mən kiməm” sualından çox “digərləri mənim barədə nə düşünür” sualına əsir düşür. Beləcə, insan özünə aid olmayan bir “performans şəxsiyyəti” yaratmağa başlayır. Özünü qorumağın yeganə yolu isə məhz məxfiliyin qorunmasından keçir.

IV. Ədalət–hüquq dilemması

Ləğv mədəniyyətini iki istiqamətdə görmək olar:
Cəzalayıcı ləğv: qəzəb və intiqam hissi ilə hərəkət edən linç forması
Yenidən paylayıcı ləğv: diqqətin, nüfuzun və söz haqqının ədalətli şəkildə yönləndirilməsi.

Me Too kimi hərəkatlar bu mədəniyyətin müsbət tərəfini göstərdi — gizli qalmış zorakılıq formalarını üzə çıxardı, güc sahiblərinin hesab verməsinə şərait yaratdı. Amma qısa müddətdə bu da öz içində yeni bir güc mexanizminə çevrildi. İngilis etik düşünürlərinin bu mövzuda iki fərqli mövqeyi var:

  1. Perse Ben: Ləğv mədəniyyəti bir “əxlaqi isteriyadır”. Kiçik bir səhv, köhnə bir ifadə, pis bir zarafat — hamısı bağışlamaz bir mexanizmə çevrilir.

  2. Jeremy Stangrom: Bəzi fikirlər (irqçilik, cinsiyyətçilik və s.) sadəcə yanlış deyil, həm də zərərlidir və bunları “söz azadlığı” adı ilə müdafiə etmək güclünün zülmünə xidmət edir.

Sosial medianın yüksəlişi hüququ çətin vəziyyətə salıb. Hüquq mexanizmi təbiətcə yavaşdır — sübutların toplanması, araşdırmanın gizliliyi, məsumiyyət prezumpsiyası buna görədir. Bu boşluqdan istifadə edən sosial platformalar isə nə məhkəmədir, nə də mətbuat, amma hər ikisi kimi davranaraq öz “platform ədaləti”ni tətbiq edir. Linç artıq siyasi strategiyaya da çevrilib; partiyalar sosial media reaksiyalarını ölçərək hansı qrupun hansı linçə necə reaksiya verdiyini təhlil edir.

Nəticə etibarilə, linç mədəniyyəti ilk baxışda ədalət istəyindən doğsa da, zamanla qəzəbin “bəyənməyə”, ittihamın isə “trafik gətirən kontentə” çevrildiyi bir əxlaqi iqtisadiyyata dönür. Əsas sual isə dəyişmir: məsələ linçin yaxşı və ya pis olması deyil, ədalətin kimin əlində olduğu və səsin kimdə qaldığıdır.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...