Zaman keçdikcə ibadət anlayışımızda müəyyən dəyişikliklər baş verir. Müasir dünyada bir çox insan ibadətləri daha çox elmi və ya dünyəvi faydalarla əlaqələndirməyə meyillidir. Məsələn, oruc pəhriz və sağlamlıq vasitəsi, namaz fiziki hərəkətlərdən ibarət bir məşq, Həcc və Ümrə isə sadəcə mənəvi atmosferli bir səyahət kimi görülür. Halbuki, İslamın orijinal qaynaqları bizə göstərir ki, bu yanaşmalar ibadətlərin əsas hədəfini gözdən qaçırır və onları sanki “bədənimizə xitab edən” rituallar kimi səciyyələndirir.
Oruc: Ağıla və Ruha Yönəlmiş Bir İbadət
Oruc, İslam ibadətləri içərisində xüsusi məqamda dayanır. Bu ibadət yalnız müsəlmanlara xas deyil – demək olar ki, bütün mədəniyyətlərdə az yemək və aclıq bir dəyər kimi qəbul olunmuşdur. Qurani-Kərimdə də “sizdən əvvəlkilərə də fərz qılındığı kimi” ifadəsi ilə orucun insanlıq tarixi boyunca mövcud bir ibadət olduğu bildirilir.
Çox yemək heç bir mədəniyyətdə təriflənmir, əksinə aclıq və qənaət insanın özünə dönüşü üçün vasitə kimi qəbul olunur. Bəli, orucun bədənə faydası var – amma bu, onun əsas məqsədi deyil. Əsas fayda – ağıla yönəlikdir. Çünki bədən fasiləsiz işlədikcə enerjini tükədir, amma bədən sakitləşdikcə, zehnin gücü artır. Məhz bu səbəbdən, oruc insana daha çox düşünmək, dərk etmək və öz daxilinə yönəlmək fürsəti verir. Hətta Peyğəmbərimizin (sav) “Oruc tutun ki, sağlam olasınız” buyuruşu, bu gün artıq piylənmənin və qeyri-sağlam həyat tərzinin hökm sürdüyü dövrdə daha dərin məna kəsb edir.
İbadətin “Tələsi” və Əsl Məqsədi
İbadətlərin bəzi dünyəvi, sosial və fiziki faydaları ola bilər. Zəkat cəmiyyətə fayda verir, Həcc insanları tanış edir, namaz isə ruhi rahatlıq gətirir. Lakin bu faydalar bəzən bir "məkr", yəni bir tələ ola bilər. Əgər diqqət bu faydalarda qalırsa, ibadətin əsl ruhu unudula bilər. İbadət yalnız və yalnız “Allah üçün” ediləndə ibadət olur. Əsas məsələ də budur.
Digər İbadətlər və Onların Bəşəri Dəyərləri
-
Zəkat – yardımsevərlik dünyanın hər yerində uca tutulan dəyərdir. Məşhur “Həyy ibn Yəqzan” əsərində İbn Tufeyl səxavəti günəşin dünyaya nur verməsinə bənzədir. Bu – kamillik əlamətidir.
-
Həcc – səyahət və mənəvi yolçuluq anlamı daşıyır, bu da bir çox mədəniyyətdə yüksək qiymətləndirilir.
-
Namaz – insanın ruhi yönünü qidalandıran və Allahla rabitəsini gücləndirən universal bir ibadət formasıdır.
İbadətlərin Asanlığı və Ümumi Əhatəliliyi
İslam ibadətləri, xüsusilə oruc, elə müəyyənləşdirilib ki, hər kəs tərəfindən yerinə yetirilə bilsin. İslamda elitizmə, seçkiliyə, “xüsusi təbəqə” anlayışına yer yoxdur. İbadətlərin mümkün qədər sadə olması bu prinsiplə bağlıdır. Bədənən sağlam olan bir insan üçün 12-14 saatlıq oruc heç də ağır sayılmır. Xəstələr, hamilələr və digər üzrlü şəxslər istisnadır.
Din, bütün qullarını ibadət müstəvisində birləşdirmək istəyir. Məhz buna görə, iftar yalnız yemək vaxtı deyil, Allahın qulları üçün nəzərdə tutulmuş mənəvi bir bayramdır.
İbadətlərin Düşüncə Yaratma Tərəfi
İbadətlərin, xüsusilə orucun bəlkə də ən mühüm məqsədi – insanı düşünməyə təşviq etməsidir. Hər bir insan oruc vasitəsilə öz həyatına aid dərslər çıxara bilər. Bu fərdi düşüncələr bir yerə toplandıqda isə ümumi bir “ümmət ağılı” formalaşar.
Oruc – yalnız ac qalmaq deyil. Bu, “buğdayla aramıza məsafə qoyub üzümü xatırlamaq” – yəni, maddiyyatdan sıyrılıb ruhu yenidən hiss etməkdir. Bu bir təcərrüddür, xəlvətdir – insanın özünə dönməsi, sükutun içində Allahı tapmasıdır.
İbadətlərin məğzi yalnız hərəkət və vərdişlərdə deyil – niyyət, təfəkkür və ruhani istiqamətdə gizlidir. Hər ibadət, əslində bir çağırışdır: “Bədənini bir anlıq sakitləşdir ki, ruhun danışa bilsin...”
Hiç yorum yok:
Yorum Gönder