Dindarlıq, insanı adi və mexaniki bir həyat axarından çıxarıb daha fərqli, daha dərin bir varlıq səviyyəsinə daşıyan bir yaşam tərzidir. Bir insan gündəlik qayğıların içində birdən ayılıb “Bu həyatın bir Sahibi var” dedikdə, əslində mövcud sistemin, içində yaşadığı sıradan dünyanın sərhədindən kənara çıxmış olur. Allahın varlığını qəbul etmək, Onun yaradıcı qüdrətini dərk etmək – bu, həyatın zahiri səviyyəsindən ayrılıb daha mənalı, daha hədəfli bir məna aləminə keçməkdir. Əgər Allah olmasaydı, insan həyatı doğumla başlayıb ölümlə bitən məhdud bir çevrədən ibarət olardı. Deməli, Allaha iman insanın düşüncəsini, baxış bucağını və varlıq üfüqünü kökündən dəyişdirir, onu adiliyin içindən çıxarıb qeyri-adi bir həqiqətə yönəldir.
Amma bu qeyri-adi mövqe – yəni dindarlıq – qorunmağa möhtacdır. Çünki zaman keçdikcə din adətə, formaçılığa və təkrara çevrilə bilir. Cəmiyyətlər bəzən dindarlığı qəliblərə salaraq fərdiliyi, ruhu, yaradıcı təfəkkürü boğa bilirlər. Bu təhlükəyə qarşı isə həm alimlərin, həm də aydınların insanın şəxsiyyətini və ruhi azadlığını qorumağa yönəlik ciddi bir məsuliyyəti var. Çünki dindarlıq əslində, rutinə, avtomatizmə, təəssübə və kor instinktlərə qarşı bir başqaldırıdır – daxili bir inqilabdır.
İman və Etiqad: Düşüncə və Bağlanma
İslamda dindarlığın təməlini iman və etiqad təşkil edir. Bu iki anlayış çox vaxt bir-birinin yerinə işlədilsə də, mahiyyət baxımından fərqli tərəfləri ehtiva edir:
-
İman – "əmənə" kökündən gəlir, yəni güvənmək, sığınmaq və bağlanmaq deməkdir.
-
Etiqad isə – “əqd” sözündəndir, yəni bir bağ qurmaq, bir sözlə özünü məsuliyyət altına almaqdır.
Ümumilikdə, Allahı və Onun vəhylərini qəbul etmək – bu bir iman hərəkətidir. Bu qəbul insanın zehnində, düşüncəsində gerçəkləşdiyində etiqad adını alır. Və əgər bu etiqad həyatın içində davranışlara çevrilirsə, artıq bu, İslam olur. Bəzi düşünürlər iman və əməlin ayrılığından bəhs etsələr də, əslində düşüncə özü də bir növ əməldir. İnsan sadəcə danışmaqla deyil, düşünərək də inanır.
Peyğəmbər Qapısı: Dindarlığın Əsl Mənbəyi
Dində təqlid qaçılmazdır. Biz iman edərkən Rəsulullahı (sav) təqlid edirik. Sadəcə Allahın varlığını qəbul etmək – bu, tam mənada dindarlıq deyil. Bir insan düşünərək Tanrının varlığını qəbul edə bilər, bu, intellektual bir nəticə də ola bilər. Amma dindarlıq – Allahı, Rəsulullahın yolu ilə qəbul etməkdir.
Metafizik ənənədə Peyğəmbərə “qeyb qapısının açarı” (Miftahul-Qeyb) deyilməsi də təsadüfi deyil. Qapı Onundur – biz o qapını açmadan içəri daxil ola bilmərik. Sədrəddin Konəvinin “Miftahul-Qeyb” adlı əsərinin mahiyyətcə Peyğəmbəri işarə etməsi də bu həqiqəti vurğulayır: dini bilik yalnız onun vasitəsilə qazanıla bilər.
Müasir dövrdə belə, nübuvvətin bu ontoloji dərinliyi yetərincə dərk edilmir. Peyğəmbər sadəcə vəhy gətirən bir elçi deyil – varlığı ilə bir “qeybə açılan qapıdır”. Məhz buna görə hər bir müsəlman "Lə iləhə illəllah Muhəmmədur-Rəsulullah" şəhadətini birlikdə deməlidir. Ədəb baxımından əvvəlcə Allah zikr olunur, lakin insanın Allahı tanıması, Ona yönəlməsi Peyğəmbər vasitəsilə mümkündür.
Yol Rəsulullah, Məqsəd isə Allahdır. Siratəl-Müstəqim – düz yol, doğru yol – əslində Rəsulullahın yoludur və bu yolun başlanğıcında bizi Allah qarşılayır. Yəni dindarlıq dediyimiz şey – Allahı Rəsulullah vasitəsilə tanıyıb qəbul etməkdən ibarət bir bağlılıqdır.
Hiç yorum yok:
Yorum Gönder