19 Şubat 2026 Perşembe

Oruc: Düşünməyə Zəmin Hazırlamaq

Oruc, təkcə İslam aləminə məxsus bir ibadət deyil, bəşəriyyətin formalaşdırdığı böyük mədəniyyətlərin və qədim düşüncə sistemlərinin bir çoxunda qarşılaşdığımız ortaq bir təcrübədir. Hindistandan Yaponiyaya, Çindən başqa qitələrə qədər müxtəlif formalarda tətbiq olunan bu təcrübə, insanın öz varlığı ilə bağlı əsaslı bir sual verməsinin vasitəsidir.

Orucun mahiyyəti, sadəcə yeməkdən və içməkdən uzaq durmaqdan ibarət deyil. Bu ibadət, insanın bədənini sakitləşdirməsi, ona hökm etməsi və nəticədə ruhuna və düşüncəsinə yer açması üçün bir vasitədir. Oruc, bədənlə ruh arasındakı tarazlığı bərpa etmək, nəfsi tərbiyə etmək və insanda əxlaqi bir intizam yaratmaq üçün tətbiq olunan bir yoldur.

Peyğəmbərimizin "Oruc tutun, sağlamlıq tapın" (Təbərani) hədisi yalnız fiziki sağlamlığı deyil, mənəvi və düşüncəvi tarazlığı da nəzərdə tutur. Klassik dövrlərdə bədənə dair düşüncə, bugünkü "güclü bədənlə güc qazanmaq" fikrindən fərqli olaraq, bədənin mütənasib, balanslı və ehtiyac qədər istifadə olunmasının üzərində dayanırdı. Çin və Hind təbabətində də oxşar bir xətt görürük: az yemək, az enerji sərf etmək, lakin daha dolğun düşünmək və hiss etmək.

Sağlam bir bədən, özünə hakim olan bədəndir - o bədən ki, nəfsin istəklərinə təslim olmur, öz sərhədlərini tanıyır. Bu sərhədlər müəyyənləşdikdə, insanın daxili tarazlığı – yəni mizacı – öz yerini tutur və düşüncə, iradə və duyğular daha sağlam bir məcrada hərəkət etməyə başlayır. Hər şeyin yerli-yerində olması, insanın özü ilə barış içində yaşamasının da əsas şərtidir.

Bu gün isə tam əks bir mənzərə ilə üz-üzəyik. Müasir insanın yaşadığı dövr, onu çox yeməyə, çox içməyə və bu səbəblə bədənini həddindən artıq işlətməyə məcbur edir. Bu isə həm fiziki, həm də zehni yorğunluq doğurur. Əslində, bizi düşünməkdən, təfəkkürdən və iç səssizliyə qulaq asmaqdan uzaqlaşdıran da məhz bu həddindən artıq enerji sərfidir. Davamlı olaraq nəsə etməyə məcbur hiss edirik özümüzü – çünki çox enerji var və bu enerjini boşaltmaq üçün mütəmadi fəaliyyətə ehtiyac duyuruq. Nəticədə isə qarmaqarışıq bir həyat və daxili təlatüm ortaya çıxır.

Oruc burada bir dirəniş nöqtəsi kimi meydana çıxır. O, bizə dayanmaq, nəfəs almaq və nəfsin səsindən bir qədər uzaqlaşaraq, ruhun, düşüncənin səsinə qulaq asmaq imkanı verir. Yediklərimizi və içdiklərimizi azaltmaq, zəruri ehtiyaclarımıza yenidən baxmağımıza səbəb olur. Həqiqətən də həyatımızda nə vacibdir, nə olmadan da yaşaya bilərik? Bu sualları vermək üçün oruc bir fürsətdir.

Oruc tutan insanın özünə verməli olduğu əsas sual – “Bunu etməsəm olmazmı?” (yəni bu yemək-içmək mənə doğurdan da lazımdırmı?) – sualıdır. Bu sual, həm cəmiyyətin, həm də öz nəfsimizin bizə hiss etdirdiyi “məcburiyyət” anlayışına etiraz etməyin açarıdır. Bir çox davranışımızı sorğulamağa başlayırıq: görəsən, bu həqiqətən də lazımdırmı?

Məsələn, bəzi sufilərin su içməyi belə artıq hərəkət kimi görməsi diqqətəlayiqdir. Çünki çox yemək, bədəni daha çox suya ehtiyaclı edir; nəticədə həm hərəkət, həm də düşüncə pozulur. Halbuki yemək azalanda suya, hərəkətə və səylərə də daha az ehtiyac qalır. Beləcə, həm bədən, həm də ruh rahat nəfəs almağa başlayır.

Oruc, bu baxımdan, sadəcə bir ibadət deyil — həyatla qurduğumuz əlaqəni yenidən qurmaq üçün bir çağırışdır.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...