Oruc ibadəti çox zaman cəmiyyət içində bir sosiallaşma forması kimi təqdim olunsa da, əslində daha dərindən baxıldıqda müasir dünyanın insana zorla qəbul etdirdiyi həyat tərzinə qarşı bir etiraz, bir dirəniş aktı kimi çıxış edir. Həzrət Peyğəmbərin (sav) Ramazanın son on gününü etiqafda keçirməsi də orucun yalnız fiziki deyil, həm də zehni və mənəvi sağlamlıqla nə qədər bağlı olduğunu göstərir.
Oruc və “Məcburi” Dünya Düşüncəsi
Bugünkü kapitalist və texnoloji həyat tərzi insanı daima “mütləq etməliyəm” deyə düşündürən bir hala salıb. İnsanlar indi bir çox şeyi öz istəkləri ilə deyil, sanki məcbur olduqları üçün edirlər. Beləcə, həyat bir sıra məcburiyyətlər zəncirinə çevrilir. Bu vəziyyət, bizə dünyanın sanki “mümkün” yox, “məcburi” olduğu fikrini aşılayır. Halbuki İslam düşüncəsində yalnız Allah zəruridir (vacibül-vücuddur), Onun xaricindəki hər şey isə mümkündür, yəni ola da bilər, olmaya da bilər.
Oruc Bir Etirazdır: “Olmasa da Olar” Deməkdir
Oruc bu məcburiyyət düşüncəsinə qarşı bir duruş, bir mənəvi itaətsizlik formasıdır. Bizə “olmasa olmaz” kimi qəbul etdirilən bir çox şeyin əslində heç də mütləq olmadığını göstərir. Bu, orucun bizə öyrətdiyi əsas prinsiplərdəndir. Məsələn, yemək və içmək kimi insanın təməl ehtiyacları belə, oruc vasitəsilə bir müddət ərzində təxirə salınır və məlum olur ki, bunlar olmadan da yaşamaq mümkündür. Geyim, texnologiya, alış-veriş kimi gündəlik həyatın bir çox ünsürləri də əslində ehtiyacdan daha çox alışqanlıq və ya kütləyə qarışmaq istəyindən qaynaqlanır. Oruc bu “məcburi ilə mümkün” arasındakı fərqi yenidən düşünməyə bizi təşviq edir.
Dünyaya Baxışın Dəyişməsi: Mülkiyyətdən Emanətə
Oruc insanın dünyaya və ətrafındakı insanlara münasibətində əsaslı bir təfəkkür dəyişikliyi yaradır. Bizi narahat edən, bəzən hətta insani münasibətləri zədələyən “mülkiyyət” hissinə qarşı dinin göstərdiyi yol “əmanət” anlayışıdır. Bu, hər şeyi özümüzə aid görmək əvəzinə, bizə əmanət edilmiş bir vəzifə kimi qəbul etmə perspektividir. Belə bir yanaşma həm insanla insan, həm də insanla dünya arasındakı münasibətləri daha dərin və məsuliyyətli bir səviyyəyə qaldırır. Dünya artıq qalınacaq bir yerdən çox, qonaq kimi gəlinmiş bir məkan olur.
Hayatımızın mərkəzinə nəyi qoyduğumuz həyati əhəmiyyət daşıyır. Əgər həyat sistemimizin mərkəzində qorxularımız, ehtiraslarımız və zəifliklərimiz dayanırsa, nəticə olaraq bir həyat kabusu ilə qarşılaşırıq. Oruc bu baxımdan bizə bir məna dəyişikliyi təklif edir: “Olmazsa olmaz” dediklərimizin bir çoxu əslində “olmasa da olar”. Bu, təkcə düşüncə deyil, bütöv bir həyat fəlsəfəsinin bünövrəsidir.
Hiç yorum yok:
Yorum Gönder