14 Şubat 2026 Cumartesi

Yazı, Düşüncə və Bilginin Qaynağı

Həqiqəti Demək Məsuliyyəti

Bir yazarın ən mühüm xüsusiyyətlərindən biri öz daxili səsini – yəni iradəsini və prinsipiallığını – qoruya bilməsidir. Cəmiyyətin hər kəsə uyğun gələn, ortaq razılıq axtaran ruh halına qarşı durmaq, bəzən inadkarlıqla adlandırıla biləcək bir mövqe tutmaq, əslində yüksək əxlaqi məsuliyyət və cəsarət tələb edir. Çünki yazar, həqiqəti necə görürsə, onu söyləmək məsuliyyətini daşıyır. İnsanlar çox vaxt onu bu həqiqətdən çəkindirmək, “daha yumşaq deməyi”, “zamana uyğunlaşdırmağı” tövsiyə edirlər. Lakin doğru söyləmək – bir şərtlə, amma-sız, qeydsiz-şərtsiz – əsas prinsip olmalıdır. “Doğruyu söylə, amma...” ilə başlayan cümlələr bu prinsipə kölgə salır. Burada yalnız bir istisna mümkündür – qeybət. Doğru da olsa, qeybət hər yerdə deyiləcək bir şey deyil. Amma yazı adamı üçün məsələ fərqlidir: yazan kəsin düşündüyünü, inandığını kiminsə kimliyinə baxmadan açıq şəkildə ifadə etməsi gözlənilir (amma yenə də qeybət olmaz).

Yazı – Biliyin Mənbəyi və Düşüncənin Ölçü Vasıtəsi

Bu kontekstdə üzərində dayanmalı olduğumuz əsas məsələlərdən biri də bilginin yaranmasında yazının rolu ilə bağlıdır. Klasik düşüncə irsində belə bir ifadə var: “Qiyam ilmi bil-qələm” – yəni “bilgi qələmlə ayaqda durur”. Başqa sözlə desək, bilgi ancaq yazılandan sonra formalaşır. Beynimizdə dolaşan düşüncələr yazıya çevrilmədikcə, onlar ya aydınlaşmır, ya da sadəcə keçici təsəvvürlər kimi itib gedirlər. Amma yazmağa başladığımız zaman, əslində nə düşündüyümüz, doğrudan da bir düşüncəyə malik olub-olmadığımız ortaya çıxır. Çox zaman elə zənn edirik ki, hər bir məsələ haqqında fikrimiz var. Amma bu fikirləri yazıya tökdükcə, əslində onların ya yetkinləşmədiyini, ya da mövcud olmadığını görürük.

Düşüncə yazılarını ədəbiyyat kimi qiymətləndirmək böyük bir yanlışlıqdır. Ədəbiyyat başqa bir sahədir, düşüncə isə özündə fərqli bir dərinlik və sistematiklik daşıyır. İbn Sina, Fərabi, İbn Ərəbi və Konəvi kimi mütəfəkkirlərin əsərləri ədəbi gözəlliklə deyil, fikri gücü ilə dəyərlidir. Əgər doğrudan düşünürüksə, bunu ifadə etmək də mümkündür. Yox əgər ifadə edə bilmiriksə, bu, ya düşüncənin zəifliyini, ya da formalaşmamış olmasını göstərir.

Bilgi təmiz və seçici mahiyyətə malikdir. Bilmək, yalnız nəyinsə nə olduğunu anlamaq deyil, eyni zamanda onun nə olmadığını da fərqləndirməkdir. Sadə dillə desək, “bəyannamə” – yəni “bəyan etmək” – təkcə açıqlamaq deyil, fərqləndirmək, ayırmaq, aydınlaşdırmaq deməkdir. Düşüncənin də konkretlik qazanması üçün onun nə olmadığını, nə ilə əlaqəsi olmadığını və hansı zəmin üzərində formalaşdığını aydınlaşdırmaq lazımdır. Bütün bunlar isə yalnız yazı ilə mümkündür. Çünki bəzən insanları inandıran onların düşüncəsi deyil, xarakterinin, şəxsiyyətinin təsiredici gücüdür. Ancaq fikrin özü, yalnız yazı ilə özünü göstərir.

Maarif və Yazı Mədəniyyətinə Tənqidi Baxış

Əxlaqi qorxutma üzərinə qurulmuş tərbiyə metodları insanlara düşünməyi və dirənməyi öyrətmir. Yazı bacarığının öyrədilməməsi isə daha dərin, epistemoloji bir problemə işarə edir. Avropanı dünyanın qalan hissəsindən ayıran əsas fərq oxumaq deyil, yazmaq vərdişidir. Avropa cəmiyyəti minillərdir ki, ardıcıl olaraq yazır, müsəlman cəmiyyətlər isə uzun zamandır bu ənənədən uzaq düşüb.

Bir məqam da budur ki, yazı əsaslı məktəblər və yazı laboratoriyaları qurulmalıdır – və bu fəaliyyətlər “hobbi” səviyyəsində deyil, peşəkar yanaşma ilə həyata keçirilməlidir. Danışıq əsaslı platformaların belə paralel olaraq yazılı mətbuat orqanları olmalıdır. Çünki yazı yoxdursa, bilgi də yox kimidir. Danışma, söhbət bəzən havada qalır. Maarif sistemimiz mütləq yazı yönümlü şəkildə yenidən dizayn edilməli və bununla bağlı cəmiyyətin müxtəlif təbəqələri arasında açıq müzakirələr aparılmalıdır.

Yazmaq – Oxumaqdan Əvvəl Gələn Hadisədir

“Əgər yazmırsansa, niyə oxuyursan?” Bu sual çox mühüm bir baxışı ifadə edir – yəni yazmaq, əslində oxumaqdan öncə gəlir, daha doğrusu, oxumaq, yazmaq və sonra yenə oxumaq. Yazmaq soruşmaqdır, sual verməkdir. Zehnimizdə bir sual formalaşmayıbsa, oxumağın da faydası azalır. Kitabı məqsədlə oxuduqda, oxunan bilik daha mənalı olur və oxucu ilə yazar arasında daha məhsuldar bir münasibət qurulur. Adətən insanlar düşünür ki, əvvəlcə bilgi toplanır, sonra yazılır. Halbuki, bunun əksi doğrudur: əvvəl zənnimiz olur, yazdıqca bu, bilgi halını alır. Beyində dolaşan qarmaqarışıq düşüncələr ancaq yazı ilə formalaşır və dəyərə çevrilir.

Ümumilikdə, yazı sadəcə bir ifadə vasitəsi deyil, eyni zamanda düşüncənin və bilginin özünün formalaşdığı bir məkandır.

Hiç yorum yok:

Yorum Gönder

Yazı, Düşüncə və Bilginin Qaynağı

Həqiqəti Demək Məsuliyyəti Bir yazarın ən mühüm xüsusiyyətlərindən biri öz daxili səsini – yəni iradəsini və prinsipiallığını – qoruya bilm...