5 Mart 2026 Perşembe

Aləm, Elm və Allah Münasibəti

İnsan, tarix boyu sonsuzu – yəni məhdud təfəkkür imkanlarını aşan bir varlığı – anlamaqda çətinlik çəkib. “Allahın zatı haqqında düşünməyin” (Məcməu’z-Zəvaid) hədisi, insan idrakının sərhədlərini qəbul etməyə çağıran önəmli bir xəbərdarlıq kimi dəyərləndirilə bilər. Çünki insan zehni, çox zaman Allahı özünə bənzədərək düşünməyə meyillidir – sanki konkret bir varlıq, cismani bir şəxs kimi. Bu tərz düşüncə, xüsusilə müasir dövrdə ateizmin ortaya çıxmasına zəmin hazırlayan səbəblərdən biridir. Çünki Allah, hər hansısa bir planet kimi konkret bir məkanda yerləşən obyekt deyil və bu “maddi Tanrı” anlayışı dağılanda, çoxları inanc böhranı yaşamağa başlayır.

Allahı Anlamağın Yolu: Fellər üzərindən Düşünmək

İslam irsində Allah haqqında düşünmək, əslində Onun felləri – yəni əməlləri – üzərindən düşünməklə mümkün hesab olunub. Allahın kainatda necə təzahür etdiyini dərk etməyə çalışmaq bu baxımdan önəmli yol sayılıb. Məsələn, Musa və İbrahim peyğəmbərlərin Firon və Nəmrudla dialoqlarında Allahın həyat verməsi, öldürməsi və ya Günəşi şərqdən çıxarıb qərbdə batırması kimi fellərini ön plana çəkiblər. Bu yanaşma, insanı kainatın quruluşu üzərində düşünməyə və həm də öz iç aləmini, insanlarla münasibətlərini sorğulamağa təşviq edir. Ancaq bu, hər hansısa bir elmi tədqiqatı mütləq şəkildə əmr etmir. Məsələn, Quranda dağlara baxıb Allahı xatırlamağa çağırılır, amma bu, geoloji prosesləri öyrənməyə konkret bir tapşırıq kimi təqdim edilmir.

İslam və Elm Arasındakı Boşluq

Müasir dövrdə müsəlman cəmiyyətinin qarşılaşdığı əsas problemlərdən biri də İslam qaynaqlarından elmi araşdırmalara yönəlik motivasiyanın necə çıxarıla biləcəyidir. Qərb alimləri illərlə bir mövzu üzərində – məsələn, quşlar və ya həşəratlar – işləmə motivasiyasına sahibkən, İslam dünyasında bu sistematik yanaşma formalaşa bilməyib. Bunun səbəbi qismən ondan qaynaqlanır ki, İslamda “həqiqət” anlayışı, əsasən mətn (Quran və hədislər) üzərindən qurulub. Quran ayələri və ya hədislər qədər, dağlar, heyvanlar və təbiət hadisələri üzərində ciddiyyətlə düşünülməyib. Nəticədə müasir dövrdə müsəlman zehni ilə elmi fəaliyyət arasında təbii bir bağ formalaşmayıb.

“Kainat Ayələri” Fikri və Niyə Tətbiq Olunmadı

Bədiüzzamanın daha sistemli şəkildə ifadə etdiyi və əslində İbn Ərəbinin əsərlərində də yer alan “kainat ayələri” düşüncəsi, çox düzgün və dəyərli olsa da, müsəlman düşüncəsində tam mənimsənilməyib. Əgər bu fikir cəmiyyətin dərin qatlarında kök salsaydı, insanlar təbiətdəki hər detalı araşdırmaq üçün sanki bir dini borc kimi bu işin ardınca gedərdi.

Bu gün müsəlman cəmiyyətinin yalnız mühəndislik kimi faydaya əsaslanan sahələrə deyil, həm də fizika, riyaziyyat, biologiya kimi fundamental elmlərə də güclü daxili motivasiya formalaşdırması vacibdir. Bir elm adamı illərlə timsah, ilan və ya hər-hansı bir quş haqqında niyə çalışmalıdır? Hansı mənfəət üçün? Bu tip araşdırmalar hansı əsasla maliyyələşdirilməlidir? Bu sualların cavabları hələ cəmiyyət içində tam formalaşmayıb. Çünki bir çoxları bu cür araşdırmaları “israf” hesab edirlər.

Məta­fi­zik Baza və Laboratoriyanın Məbədə Çevrilməsi

Bu problemin həlli üçün, müsəlman dünyasının kainat və təbiət araşdırmaları üçün dərin, metafizik əsaslara dayanan motivasiyalara ehtiyacı var. Burada “Əsmaül-Hüsna” – yəni Allahın gözəl adları – çox önəmli baza ola bilər. Əgər kainat bir gözəllik və tamaşa vasitəsi kimi dərk olunarsa, o zaman mikroskopikdən makroskopikə qədər həyatın bütün təbəqələrində düşünməyə ehtiyac yaranar.

Hiç yorum yok:

Yorum Gönder

Aləm, Elm və Allah Münasibəti

İnsan, tarix boyu sonsuzu – yəni məhdud təfəkkür imkanlarını aşan bir varlığı – anlamaqda çətinlik çəkib. “Allahın zatı haqqında düşünməyin”...