İmanın düzgün şəkildə dərk olunması üçün istifadə olunan anlayışlar (qavramlar) olduqca vacibdir. Anlayışlar insan zehninə ötürülən məlumatlar kimidir: əgər bu məlumat doğru olarsa, ondan çıxan nəticə də doğru olar. Məhz buna görə Peyğəmbərimiz (s.ə.s.) risalətinin ilk günlərindən etibarən anlayışların düzgün formalaşmasına xüsusi əhəmiyyət verib. O, sağlam əqidənin qurulmasına, ağılların tərbiyəsinə və ruhların islahına fokuslanıb. Burada ağılı tərbiyə etməyin ən önəmli yolu düzgün anlayışların qurulmasıdır.
Peyğəmbərimizin (sav) Anlayışlara Yanaşması
Peyğəmbərimiz (s.ə.s.) cahiliyyə cəmiyyətinə söz söylədikdə, çatdırdığı vəhy dili ilə qarşısındakıların danışdığı dil eyni idi — hər ikisi də Qureyş ləhcəsindəki ərəb dili idi. Lakin anlayışlarla bağlı üç fərqli yanaşma sərgiləyib:
-
Mənanı dəyişmədən işlətmək: Cahiliyyə ərəblərinin istifadə etdiyi formada işlətmək (məsələn: leyl, qədr, bəşər, insan, tayyib, xəbis, mələ, mütrəf).
-
Mənanı genişləndirmək və ya daraltmaq: Sözün zahirini saxlayıb mənasına yeni anlayış qatmaq (məsələn: sədəqə, infaq, millət, sırat, səbil, rüşd, fisq, səbir).
-
Tamamilə yeni məna yükləmək: Sözün zahiri eyni qalır, amma məzmun tam şəkildə dəyişir (məsələn: təqva, salat). Bu halda, Peyğəmbər məktəbindən çıxan bir insanla xaricdəki bir insan eyni sözü işlətsə də, fərqli anlamlar ortaya çıxır.
Oxuma və Tədqiqatın Əhəmiyyəti
İslamı doğru başa düşmək təkcə mədrəsədə dərslərə qulaq asmaqla mümkün deyil. Əsas mənbələrə qayıtmaq, oxumaq, araşdırmaq, zəhmət çəkmək lazımdır.
Tağut Anlayışı
-
Lüğəvi mənası: Tağut sözü tuğyan kökündən yaranıb, “həddi aşmaq, azmaq” mənasındadır. Yəni həddindən artıq azğın, sərhədsiz davranan.
-
Termin mənası: Allahdan başqa ibadət edilən, insanı haqq yoldan çıxardan hər şey — büt, şeytan, kahin — tağut adlanır.
-
Alimlərin tərifləri:
Ümum alimlər: “Allahdan başqa ibadət edilən hər şey” və ya “azğınlıqda başçı olan”. Yəni bir nəfər təkbaşına azğınlıq edirsə, tağut sayılmır, ancaq başqalarına təsir edirsə, bu anlayışa daxil olur.
-
Mücahid (İbn Abbasın tələbəsi): “Allahın hökmündən kənar hökm verən və bu mövqedə duran insan surətindəki şeytanlardır”. Yəni Allahın hökmünü bəyənməyib öz hökmünü qoyanlar İblisin yolunu davam etdirirlər.
-
İmam Təbəri: “Allah qarşısında həddi aşan və istəsə də, istəməsə də, insanların ona ibadət etməsinə göz yuman”. Bura İsa (ə.s.) kimi saleh insanların sonradan tağutlaşdırılması və ya birinin buna razı olmasa belə mane olmaması da daxildir. Yəni ki, o insanlar bundan məsuliyyət daşımayıblar, çünki buna qarşı çıxıblar, razı olmayıblar, ancaq insanlar onları tağutlaşdırıblar, yollarını azıblar.
-
İbn Qayyim əl-Cövziyyə: “O kəs ki, ona ibadət edilir, itaət olunur, ardınca gedilir və bunda həddi aşır - tağutdur”.
-
Tağutun dairəsi: Bu təriflərə əsaslanaraq tağut həm fərd, həm idarə, həm ideologiya, həm siyasi lider, həm də özünü şeyx, mürşid adlandıran biri ola bilər. Əgər Allah və Rəsulu (sav) bir mövzuda hökm veribsə, kimsə fərqli hökm çıxarırsa, o hökm rədd olunur və onu çıxaran tağut sayılır.
Quranda Tağut Anlayışı
Qurani-Kərimdə “tuğyan” anlayışı 39 dəfə, “tağut” isə 8 ayədə keçir. Tağutun keçirildiyi ayələrdən bir neçə əsas məqam:
-
İlk İstifadə: Quranda tağut anlayışı ilk dəfə Zümər surəsinin 17-ci ayəsində (peyğəmbərliyin 11-ci ili) işlənib. Bu da anlayışların mərhələli formalaşdırılmasının əhəmiyyətini göstərir.
-
Tam Qulluq: Tağuta qul olan insan Allahın tam qulu ola bilməz (Zümər, 17). Tövhid tam olmalı, 100% Allaha aid olmalıdır, 99.99% yox.
-
Böyük Mükafat: Tağutu tərk edib Allaha qul olanlara böyük mükafat vəd edilir (Zümər, 17).
-
Peyğəmbərlərin Ortaq Missiyası: Bütün peyğəmbərlər insanları tağuta qulluqdan çəkindirib Allaha qulluq etməyə çağırıb (Nəhl, 36).
-
Sarsılmaz İman: Mədinə dövrünün ilk ayələrindən olan Bəqərə 256-da tağutu inkar etməyin möhkəm imana açar olduğu bildirilir. “Dində məcburiyyət yoxdur” ayəsi zorla müsəlman etməyi qadağan edir, amma yaxşılığı əmr edib pislikdən çəkindirməyi aradan qaldırmır.
-
Zülmətdə Qalmaq: Tağuta inananların zülmətdə qalacağı qeyd olunur (Bəqərə, 257).
-
Yoldan Sapdırmaq: Tağutların əsas xüsusiyyəti insanları haqqdan uzaqlaşdırmaqdır (Nisa, 51). Bu ayədə əhli kitabın və müşriklərin tağutla birlikdə doğru yolda olduqlarını iddia etmələri tənqid edilir.
-
Məhkəmələşmə: Tağutun qarşısında məhkəmə qurmağın doğru olmadığı vurğulanır (Nisa, 60). Lakin İslam məhkəmələrinin mövcud olmadığı yerlərdə zərurət qaydalarına görə haqqını qorumaq üçün məhkəməyə getmək tağutun qarşısında məhkəmələşmək sayılmır.
-
Allah Yolunda Döyüş: İnananlar Allah yolunda, kafirlər isə tağut yolunda döyüşərlər (Nisa, 76).
-
Ən Aşağı Hal: Tağuta inanmaq insanı ən aşağı mərtəbəyə endirir (Maidə, 60).
Səhabələrin Münasibəti
Səhabələr övladlarına tağut anlayışını öyrətməyə xüsusi diqqət yetirirdilər. Məsələn, Tabiindən olan İmam Zeynəlabidin (Hz. Hüseynin (r.a) oğlu) bu dərsi çox yaxşı öyrənmişdi ki, öz uşaqlarına davamlı olaraq “Qul, aməntü billəh və kəfərtu bittağut” (De: Allaha iman gətirdim və tağutu inkar etdim) deməyi öyrədirdi.
Vəla və Bəra Anlayışları
Vəla nədir?
Vəla sözlükdə “sevmək, dostluq etmək, dəstək olmaq, iki seçim arasında tərəf seçmək, birlikdə olmaq, müttəfiq olmaq və yoldaşlıq etmək” kimi mənalara gəlir.
Bəra nədir?
Bəra isə Vəlanın tam əksidir: “uzaq durmaq, aralanmaq, münasibəti kəsmək, əlaqəni qoparmaq, müttəfiq olmamaq” mənalarını daşıyır.
Əsas məqam: Dost olanla arada Vəla var, düşmən olanla isə Bəra.
Yanlış Anlayış:
Bəzən Vəla anlayışı yalnız “kafirlə sevgi bağı olmasın” kimi məhdudlaşdırılır. Halbuki bu, məsələn, müsəlman kişinin əhli-kitab (xristian və ya yəhudi) qadınla evlənməsi kimi hallarda ziddiyyət yaradır. Qurana görə, din uğrunda müsəlmanlarla döyüşməyən, onları yurdundan çıxarmayanlarla normal insani münasibətlər qurmaq olar. Mümtəhinə surəsinin 8-9-cu ayələri də bunu göstərir. Peyğəmbərimiz (s.ə.s.) də bir yəhudi ilə ticarət əlaqəsini davam etdirib. Deməli, Vəla bağı hərbi olmayanlarla insani münasibətləri qadağan etmir.
Vəlanın Tələb Etdiyi Məsuliyyətlər
-
Hicrət Etmək: Əgər təbliğ, irşad kimi məqbul səbəb yoxdursa, küfr diyarından müsəlman diyarına hicrət etmək.
-
Ümmətə Qoşulmaq: Müsəlman cəmiyyətinə daxil olmaq, ondan uzaq düşməmək. Burada söhbət konkret bir qrup və ya firqəyə bağlılıqdan yox, ümumi İslam ümmətinə aid olmaq şüurundan gedir.
-
Xeyir Arzulamaq: Özün üçün istədiyini müsəlman qardaşın üçün də istəmək, özünə rəva bilmədiyini başqasına da rəva bilməmək.
-
Ayıb Axtarmamaq: Müsəlmanların qüsurlarını qurdalamaqdan çəkinmək, onların sirrini düşmənə ötürməmək, zərər yetirməmək. Çünki bir müsəlmanın başqa müsəlmana verdiyi zərər, kafirdən gələn zərərdən daha pisdir.
-
Düşmən Qarşısında Dəstək: Müsəlman qardaşını düşmən qarşısında tək buraxmamaq, lazım gələrsə canın və malın ilə ona dəstək olmaq.
-
İslam Qardaşlığı: Xəstəni ziyarət etmək, cənazəsində iştirak etmək, yaxşılıq diləmək, dua etmək, zəifə yardım etmək, salamlaşmaq, aldatmamaq, başqasının malını nahaq yeməmək, üç gündən artıq küsülü qalmamaq.
-
Təhlükəsizlik və Etibar: Müsəlmanın canına, malına, namusuna zərər yetirməmək, söyüş söyməmək, qeybət etməmək, dedi-qodu yaymamaq və pis zənndən uzaq olmaq.
Bəra Anlayışının Gətirdiyi Vəzifələr
-
Nifrət və Uzaq Durmaq: Şirkə, küfrə, kafir və müşriklərə qarşı nifrət bəsləmək, onlarla inanc baxımından araya məsafə qoymaq və bunu açıq şəkildə elan etmək.
-
Dost və Lider Etməmək: Küfr yolunda olanları dost, lider, rəhbər, idarəçi seçməmək, onlara qarşı sevgi bəsləməmək, araya məsafə qoymaq.
-
Küfrü Bəzəməmək: Onların küfrünü gözəlləşdirməmək, gücünü, sayını böyüdüb müsəlmanları qorxutmamaq.
-
Oxşamamaq: Din baxımından onlara bənzəməmək, xüsusilə dini rəmzlərini işlətməmək.
-
Sirdaş Olmamaq: İslamla bağlı məsələlərdə onları sirdaş seçməmək, dünyəvi məsələlərdə də həddindən artıq açıq olmamaq.
-
Bayramlarına Qarışmamaq: Kafir cəmiyyətin dini bayram və mərasimlərinə qatılmamaq, onların xüsusi günlərini qeyd etməmək.
-
Bağışlanma Diləməmək: Onlar üçün bağışlanma istəməmək, yalnız hidayət diləmək olar.
-
Yaltaqlanmamaq: Onlara yaltaqlanmamaq, pis əməllərinə göz yumub susmamaq.
-
Hakimlərinə Üz Tutmamaq: Onların hakiminə, qanununa razı qalıb tabe olmamaq. Əgər dinlə ziddiyyət təşkil edirsə, onların hökmünə boyun əyməmək.
-
Əmrlərinə Tabe Olmamaq: Dinimizlə zidd olan əmr və qadağalara riayət etməmək.
-
İslam Salamını Verməmək: Qarşılaşanda “Əssəlamu əleykum” kimi İslami salam verməmək. Əvəzində “salam”, “hər vaxtınız xeyir” kimi ümumi ifadələr işlətmək olar.
Zülmün Növləri (Hədis)
Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, zülmün üç növü var:
-
Bağışlanmayan Zülm: Allaha şərik qoşmaqdır ki, Allah bunu əsla bağışlamaz. Müsəlman bu günahla Rəbbinin qarşısına çıxmamalıdır.
-
Bağışlana Bilən Zülm: Qul ilə Allah arasındakı zülm, yəni insanın günah işləməsidir. Allah istəsə, bunu bağışlayar.
-
Qul Haqqı: İnsanların bir-birinə etdiyi zülm — qul haqqıdır. Allah bunu mütləq hesablayacaq və insan bundan hesaba çəkiləcək. Zərər verən qulun haqqı digərindən alınacaq və ya cənnətdə başqa nemətlə əvəz olunacaq (Əhməd b. Hənbəl, əl-Müsnəd, c. 43, s. 155; Əbu Davud ət-Təyalisi, Müsnəd, c. 2, s. 532).
Nəticədə, Tövhid əqidəsinə sadiq qalmaq, şirki həyatımızdan uzaq tutmaq və qul haqqına diqqətlə yanaşmaq, həm dünyada, həm axirətdə nicat yoludur.
Hiç yorum yok:
Yorum Gönder