29 Temmuz 2025 Salı

Fiqh Üsulu və Hənəfi Məzhəbi | Fiqh Üsulu Tarixi (Hənəfi Məzhəbi Nümunəsində) - 2

Hənəfi fiqh üsulu İslam hüquq düşüncəsində hökm çıxarma yollarını və prinsiplərini araşdıran mühüm bir sahədir. Bu məktəb yaranandan indiyə qədər müxtəlif bölgələrdə fəaliyyət göstərən Hənəfi alimləri arasında fərqli cərəyanlar meydana gəlib və bu cərəyanlar bir-birinə ciddi təsir göstərib.

İlk Dövr Hənəfi Üsulu və Təsisçi İmamlar

Əbu Hənifə (r.h) və onun tələbələrinin birbaşa fiqh üsuluna dair müstəqil əsər yazmadıqları məlumdur. Amma onun bəzi risalələrində və əqidə mövzulu yazılarında müxtəlif üsul məsələlərinə toxunduğu görünür. Məsələn, dəlillərin iyerarxiyası (Quran, sünnə, icma, qiyas), xəbər və rəvayətlər toqquşanda hansına üstünlük veriləcəyi, çoxsaylı ictihadların içində hansının doğru sayıla biləcəyi kimi məsələlər onun dövründə müzakirə edilib. O dövrdə kəlam elmi ilə əlaqəsi də bu mövzuların inkişafına zəmin yaradıb. Əbu Hənifənin Amr ibn Ubeyd kimi Mötəzilə nümayəndələri, xaricilər və hədis əhli ilə apardığı mübahisələr buna sübutdur.

İmam Əbu Yusuf və İmam Muhəmməd dövründə isə fiqhin praktik tərəfləri ilə bağlı mövzular üstünlük təşkil edib. Əbu Yusufun "İxtilafu Əbu Hənifə və Əbi Leyla" və "Rəddu Alə’l-Əvzai" kimi əsərlərində dörd əsas dəlilin mövqeyi, səhabə sözünün dəlil olub-olmaması, qiyas, istihsan, məsləhət və istishab məsələləri geniş yer alıb. Dəlillərin zənni və ya qəti olub-olmamasını nəzərə alaraq haram-halal məsələlərində ehtiyatla davranıb. İmam Muhəmmədin əsərlərində (əl-Əsl, əl-Hüccə, Muvatta rəvayəti) qiyas qarşısında istihsanın dəlil kimi qabardılması, əsli ibahə, istishab, məfhumu-müxalifə, örf və zərurət mövzularına toxunulub. Onun "Kitabül-İctihad" əsərinin də əsasən qiyas məsələsinə aid olduğu güman edilir. Görünür ki, bu təsisçi imamlar əsas mövzulara toxunsalar da, həmin dövrdə üsul sonrakı dövrlərdəki kimi tam sistemləşdirilməyib.

İlk Üsulçular və Mötəzilə Əlaqəsinin Başlanğıcı

Hicri III əsrin əvvəllərində yaşamış İsa bin Əban, Hənəfi üsul düşüncəsinin təşəkkülündə mühüm adlardan sayılır. Onun "əl-Hücəc fil-Küllis-Sair" və "əl-Hücəcül-Kəbir" kimi əsərlərinin mövcudluğu məlumdur. Xüsusilə, Hənəfilərin sünnə baxışını müdafiə etmək məqsədi daşıyan "əl-Hücəc fil-Küllis-Sair" əsəri, Şafii’nin ər-Risələsi'nə bənzər şəkildə bəzi əsas üsul məsələlərini əhatə edir. İsa bin Əbanın Bişr əl-Mərisi ilə polemikalarında Mötəzilənin bəzi baxışlarına qarşı çıxdığı bilinir. Bu dövrdə həmçinin Muhəmməd bin Şüca əs-Səlci də ümumi ifadələrlə bağlı fikirlər söyləyərək Mötəzilə baxışına qarşı mövqe sərgiləyib. Ümumilikdə IV əsrə qədər Hənəfi üsulu ilə Mötəzilə arasında ciddi bir əlaqə olmayıb.

Mötəzilə Üsulu və Əsas Prinsiplər

Mötəzilə IV əsrə qədər sabit bir üsul sisteminə sahib olmasa da, Əbu Əli əl-Cübbai və Əbu Haşim əl-Cübbai ilə birlikdə daha müəyyən bir çərçivəyə oturmağa başladı. Bu dövrdə Bağdad və Bəsrə qollarına ayrıldılar. Bağdad qrupu (Nəzzam, Bişr ibn Mutəmir və s.) qiyas, xəbər-i vahid və icma mövzularını tənqid edərək fərqli bir yanaşma sərgilədi. Bəsrə qolu isə (Əbu Əli əl-Cübbai, Əbu Haşim əl-Cübbai, Əbdülcəbbar) Bağdad Mü’təziləsinə əks mövqedə duraraq icma və qiyas kimi məsələlərdə əhli-sünnə baxışına daha yaxın durdu.

Mötəzilə üsulunun kəlamdan doğduğu qəbul olunur. Onlar fiqhdə ayrıca bir məzhəb yaratmayıb, daha çox Hənəfilərə və digər məzhəblərə tabe olublar. Onların önə çıxan əsas prinsiplərindən bəziləri bunlardır:

  • Ədl Görüşü: Allahın insanı açıq-aşkar bir dillə mükəlləf etməsi vacibdir, mübhəmlik qəbul olunmur.

  • Hüsün-Qubuh: Ağılla təyin olunan yaxşı-pis meyarları hökmlərin izahında əsas rol oynayır, bəzən ağıla nassdan üstün yer verilir.

  • Əslah Prinsipi: Allahın hökm və əməllərində insanlar üçün ən faydalısını seçməsi vacibdir.

  • Təklif-i Mə Lə Yutaqın Qeyri-Mümkünlüyü: İnsan üçün mümkün olmayanın əmr edilməsinin caiz olmaması.

  • Dil və Lüğətə Əhəmiyyət: Şəriət mətnini anlamaqda dil qaydalarına böyük önəm veriblər.

İraq Hənəfiləri və Mötəzilə ilə Artan Əlaqə

III əsrdə Mihnə hadisələrindən sonra Mötəzilə zəifləsə də, intellektual müzakirələrdə iştirak etməyə davam edirdi. Bu dövrdə Kərhi və onun davamçıları ilə birlikdə İraq Hənəfi üsulçuluğunda Mötəzilə ilə əlaqə güclənib. Kərhi ilə Mötəzilə alimləri arasındakı münasibətlər və Cəssasın onun əsas davamçısı olması bu təsiri göstərir. Cəssasın "əl-Füsul fil-Üsul" əsəri Hənəfi üsulunun təşəkkülü ilə bağlı nadir məlumatlar verir. Onun yazılarında kəlam üslubu güclü olub və bəzi mövzularda Mötəzilə ilə yaxınlığı aydın şəkildə görünür.

Cəssasın tələbəsi Əbu Abdullah əl-Cürcani də Kufə əhli arasında yayılan əməli mövqe ilə bağlı fikir irəli sürərək xəbər toqquşmalarında Kufə praktikasının üstün tutulmalı olduğunu vurğulayıb. Sayməri də Mötəzilə ilə yaxın əlaqələri olan alimlərdən biridir. O, bəzi Mötəzilə fikirlərini əsərlərinə daxil edərkən "bəziləri dedi" şəklində gizlədib ki, bu da dövrün siyasi təzyiqləri ilə əlaqələndirilir.

Mavəraünnəhrə Köç və Yeni Üsul Məktəbləri

IV əsrin sonları və V əsrin əvvəlində İraqda Mötəzilə güclü təzyiqlərə məruz qaldığı üçün Hənəfilik daha çox Mavərəaünnəhr bölgəsinə — Xorasan və Xarəzmə — köçdü. Burada Səmərqənd və Buxara məktəbləri formalaşdı.

Semerkand Hənəfiləri kəlam yönümlü üsul irsini davam etdirərək Mötəzilə, Əşari və digər məzhəblərlə geniş mübahisələr aparıblar. Əbu Mənsur Maturidi bu ənənənin ən mühüm nümayəndəsidir. O, fiqh üsulunu ilk dəfə tam sistematik şəkildə işləyib. Onun əsərləri üsul elminin əsasını qoyub. Maturidi yaşadığı mühitdə Mötəzilə ilə mübahisələrə girib və onların baxışlarını tənqid edib. Bu xətt bir müddət kəsilsə də, Əlaəddin əs-Səmərqəndi və digərləri tərəfindən yenidən canlandırılıb.

Buxara Hənəfiləri isə kəlamdan daha çox fiqh mərkəzli yanaşmaya üstünlük veriblər. Pezdəvi və Səraxsi bu istiqamətin əsas adlarıdır. Pezdəvi öz əsərinin əvvəlində Hənəfiliyi Mötəzilə təsirindən təmizləməyə xüsusi yer ayırıb. Bu, bölgədə Mötəzilə təsirinə qarşı artan reaksiya kimi şərh olunur.

Hiç yorum yok:

Yorum Gönder

Dindarlıq və Əxlaq

Cəmiyyətdə ən çox rast gəlinən iradlardan biri belədir: “Namaz qılır, amma yalan danışır”, “Həccə gedib, amma ticarəti əyri” kimi ifadələrlə...