29 Temmuz 2025 Salı

Fiqh Üsulunun İnkişafı və Təməl Prinsipləri | Fiqh Üsulu Tarixi (Hənəfi Məzhəbi Nümunəsində) - 1

Fiqh üsulu – İslam hüququ sahəsində şəriət hökmünün hansı dəlillərdən və necə əldə olunacağını öyrənən mühüm bir sahədir. Bu mövzunun mahiyyəti, tarixi inkişafı və əsas prinsipləri barədə geniş məlumatı Hənəfi Məzhəbi üzərindən bu yazılarda ələ almağa çalışacayıq.

Fiqh Üsulunun Mahiyyəti və Tərkibi

Fiqh üsulunu ümumilikdə mövzusu, əsaslanma nöqtələri, qaydaları və məqsədi baxımından izah edə bilərik:

  • Mövzu: Fiqh üsulunun mövzusu əsasən dəlillər və şəriət hökmləridir. Buradakı “şəriət hökmü” yalnız fiqhlə məhdudlaşmır, həmçinin kəlam, təsəvvüf və digər sahələrdəki şəriətə dair məsələləri də əhatə edir. Sonrakı dövrlərdə bəzi alimlər bu dairəni təkcə fiqhla əlaqələndirməyə çalışsa da, ilk əsrlərdəki geniş yanaşma bunu məhdudlaşdırmağın doğru olmadığını göstərir.

  • Əsaslanma nöqtələri: Fiqh üsulu, kəlam, ərəb dili, məntiq, fiqh və digər elm sahələrindən faydalanaraq formalaşıb.

  • Qaydalar: Buraya, məsələn, “Əmr vaciblik bildirir” və ya “Am (ümumi) ifadə qətiyyət daşıyır” kimi qaydalar daxildir. Bu qaydalar bəzən ümumi qəbul edilsə də, əslində əksər hallarda keçərlidir və istisna halları da istisna deyil.

  • Məqsəd: Fiqh üsulunun məqsədi iki əsas istiqaməti əhatə edir:

    • Keçmişə söykənmək: Əsri Səadət dövründən gələn dini irsi doğru anlamaq, qorumaq və zəruri hallarda İslam xarici cərəyanların tənqidlərinə cavab vermək.

    • Gələcəyə yönəlmək: Yeni yaranan halların doğru təsəvvür edilməsi və müasir şəraitə uyğun yeni hökmlərin çıxarılması. Bu, sadəcə mətnlərdən yeni hökm çıxarmaq deyil, xüsusilə Hənəfi məktəbində olduğu kimi, mövcud hökm və nümunələrdən yeni məsələlərin çıxarılması, qiyas, icma və sünnətə əsaslanaraq yeni nəticələrin əldə edilməsidir.

    • Dini müdafiə: Dinə xaricdən gələn həddən artıq siyasi və intellektual müdaxilələrdən qorumaq.

    • Elm və tərbiyə: Yeni nəsil alimlərin yalnız hazır hökmləri əzbərləməməsi, həm də bu hökmlərin necə əldə olunacağını bilməsi üçün mühüm bir tədris vasitəsidir.

    • Zehni qane etmə: Dini elmlərlə məşğul olanların yalnız əzbər ilə kifayətlənməyib, intellektual dərinlik qazanması üçün zəruridir.

Fiqh üsulunun əsas məqsədi hökmləri dəlillərdən çıxarma bacarığını qazanmaqdır. Hətta ictihadın bitdiyini iddia edənlər belə, təfsir və hədis şərhi kimi məsələlərdə fiqh üsulunun vacibliyini danmır.

Fiqh Üsulu ilə Bağlı Yanlış Yanaşmalar

Müasir dövrdə bəzi yanlış düşüncələr yayılıb. Bəzi orientalistlər fiqh üsulunu yalnız geriyə yönəlmiş bir nəzəriyyə kimi təqdim edir. Onlara görə, fiqh hökmləri əvvəlcədən mövcud idi (məsələn, ərəb adətləri və ya Roma hüququndan təsirlənmə kimi) və sonradan bu hökmləri əsaslandırmaq üçün üsul qaydaları icad edildi. Halbuki bu tamamilə yanlışdır. Fiqh üsulu həm keçmişi dərk edir, həm də yeni hallara dair hökmlər çıxarmağa yol açır.

Fiqh Üsulunun Orijinallığı

Bəzən fiqh üsulunun başqa mədəniyyətlərdən (Roma, yəhudi hüququ) alındığı iddia olunur. Lakin bu yanaşma həqiqəti əks etdirmir. Qiyas, illət, hikmət kimi anlayışlar insan təfəkküründə təbiidir, müxtəlif dinlərdə oxşar məntiqlər ola bilər. Ancaq İslam fiqh üsulu məhz Quran və Sünnətdən qaynaqlanaraq formalaşıb və bu baxımdan orijinaldır.

Takiyyuddin Əs-Subki (VIII əsr) də bu sahənin müstəqilliyini vurğulayaraq bildirir ki, fiqh üsulu dil, kəlam, hədis və təfsir kimi elmlərdən bəzi qaydaları götürsə də, onları öz baxış bucağı ilə işləyərək yeni bir sahə kimi inkişaf etdirib.

Cüveyni kimi digər alimlər də fiqh üsulunun yalnız bir məzhəbə bağlı qalmadan hökm çıxarma imkanını vurğulayır.

Hədis və Təfsir Üsulu Məsələsi

Hədis və təfsir üsulu anlayışlarının günümüzdəki mənada müstəqil bir elm sahəsi olaraq çox sonralar formalaşmışdır. Əvvəlki əsrlərdə “Ulumu’l-Hədis” və “Ulumu’l-Quran” kimi ifadələr işlədilib, bir çox prinsiplər isə əslində fiqh üsulundan götürülüb. Məsələn, “mütəvatir” anlayışı ilkin mərhələdə kəlam alimlərindən çıxıb, daha sonra hədis elminə keçib.

“Hüquq Üsulu” İfadəsinin Məhdudluğu

Müasir dövrdə bəzən fiqh üsuluna “hüquq üsulu” deyilir. Halbuki bu ifadə fiqh üsulunun genişliyini tam əks etdirmir. Fiqh yalnız insanlararası hüquqi münasibətləri deyil, ibadətləri və digər dini hökmləri də əhatə edir. İmamı Əzəm “Fiqhu’l-Əkbər” ifadəsi ilə bunu vurğulayıb. Hüquq anlayışı isə yalnız dünyəvi münasibətləri əhatə etməklə fiqhın əsas ruhunu daraldır.

Tarixi İnkişaf

Əsri Səadət və Səhabə-Tabiinlər dövrü

Peyğəmbər (sav) dövründə fiqh üsulu mahiyyət etibarilə mövcud idi. Peyğəmbər (sav) həm vəhyə əsaslanır, həm də bəzi məsələlərdə qiyas və ijtihaddan istifadə edirdi. Müctəhid səhabələr də Kitab, Sünnət və qiyas ilə hökm çıxarmağı bilirdilər. Onlar ərəb dili və Quranın nazil olma şəraitini bildiklərindən yazılı qaydalara ehtiyac duymurdular – əksinə, bu qaydaları özləri formalaşdırırdılar. Lakin həmin dövrdə bəzi anlayışlar (məsələn, qiyas, istihsan) bugünkü qədər inkişaf etmiş terminlər şəklində deyildi.

Firqələrin Ortaya Çıxması və Kəlam Müzakirələrinin Fiqh Üsuluna Təsiri

Fiqh üsulunun inkişafında firqələrin meydana gəlməsi və kəlam müzakirələrinin formalaşması mühüm rol oynayıb. Xüsusilə Mötəzilə cərəyanı, bu sahədə müzakirələri başlatmaqla bir növ yol açıcı rol oynamışdır.

Mötəzilənin ilk dövr nümayəndələrindən Vasil ibn Ata kimi şəxslər, xəbərlərin qəbul və rədd meyarları, “am” və “xas” (ümumi və xüsusi) anlayışları, nəsx, icma, mühkəm-mütəşabih ayələr, ictihadda xəta və isabət məsələləri kimi bir çox üsul mövzusunu gündəmə gətiriblər. Amr ibn Ubeyd də “ibahə-i əsliyə”, “haram li-aynihi” və “haram li-ğayrihi” kimi mövzuları işləyib. Kəlam mövzuları ilə məşğul olduqları üçün bu məsələləri ardıcıl və sistematik şəkildə ələ alıblar.

Hicri III əsrdə yaşamış Cahız da halal və haramın qaynaqlarını sadalayaraq, haramlığın Kitab, icma, ağıl dəlili və qiyas ilə bilinəcəyini, halal-haram məsələlərinin isə Quran, ittifaqla qəbul olunmuş sünnət, sağlam ağıl və düzgün qiyasla təsbit edilə biləcəyini deyir. Bu da onun dəlilləri Kitab, Sünnət, İcma, Qiyas və Ağıl kimi bölməsini göstərir.

Ümumilikdə, kəlam mövzularının, xüsusilə ümumi ifadələr (ləfzlər) və hüsün-qubuh (əxlaqi yaxşılıq-pislik) məsələlərinin üsul daxilində müxtəlif yanaşmalarla isbatlanmağa çalışılması, kəlamın fiqh üsuluna təsirini açıq şəkildə göstərir. Hüsün-qubuh məsələsi, hökm nəzəriyyəsi, təklif, Peyğəmbərin (sav) əməlləri, illət, əvvəlki şəriətlərin hökmləri (şər’u mən qablənə) kimi bir çox üsul mövzusu ilə birbaşa bağlıdır.

Əhli-Hədisin Üsul Yanaşması

Əhli-Hədis cərəyanı, dinin əsasını dəyişdirmədən, əvvəlki dövrlərdən necə gəlibsə elə də qorunmasını müdafiə edirdi. Onlar yeni çıxan müzakirələrə və fərqli yanaşmalara çox da isti yanaşmır, bəzi yenilikləri “bidət” adlandıraraq qarşısını almağa çalışırdılar.

Hicri II əsrin əvvəllərindən etibarən hədislərin toplanması (tədvin) prosesi başladı. Bu mərhələdə Cami’ və Musənnəf tərzində əsərlərdə səhabə və tabiinin rəylərinə geniş yer verilirdi. Lakin III əsrdən etibarən Müsnəd tipli əsərlər yayılmağa başlayınca, səhabə və tabiin rəyləri arxa planda qaldı. Bu da fətva və ictihadların, bir növ, hədis materialına qarşı alternativ kimi görülməsinə şərait yaratdı.

Əhli-Hədisin fiqh və ictihada necə ehtiyatla yanaşdığını bəzi nümunələr də göstərək: məsələn, Abdullah ibn Mübarəkin hədisləri fiqh bablarına görə bölərək rəvayət etməsi, Əhli-Hədis tərəfindən bəyənilməmişdir. Eyni zamanda, İmam Şafiinin şeir oxumasının Əhli-Hədisdən gizlədilməsi və İmam Əhməd ibn Hənbəlin Rəy (şəxsi rəy) tərkibli kitabları, əsərləri oxumağa isti baxmaması bu münasibəti təsdiqləyir.

Bu cür düşüncə tərzi Əhli-Hədisin ayrıca bir fiqh üsulu yanaşması formalaşdırmasına əngəl olub. Bununla belə, Ramhürmüzi və İbn Hibban kimi bəzi hədis alimləri yalnız hədis əzbərləməklə kifayətlənməyi tənqid edib, əmrlə qadağa (əmr-nəhy) kimi üsul mövzularını əsərlərində müzakirə ediblər.

İmam Şafii və ər-Risalə

İmam Şafiinin ər-Risalə əsəri, günümüzə qədər gəlib çatmış ilk sistemli fiqh üsulu kitabı hesab olunur. Amma onu fiqh üsulunun mütləq qurucusu kimi təqdim etmək, həm tarixi məlumatlara, həm də əsərin məzmununa baxanda düzgün görünmür.

Çünki ondan əvvəl Mötəzilə kimi firqələr artıq Qurandakı məna anlayışları, xəbərlərin qəbul şərtləri, icma, qiyas, nəsx, am-xas kimi bir çox üsul mövzularını müzakirə edirdilər. Abdurrahman ibn Mehdi tərəfindən Şafiiyə yazılmış məktub da göstərir ki, Şafii, xüsusilə Mötəzilənin güclü olduğu Bəsrə bölgəsində bu müzakirələrə cavab vermək zərurətini hiss etmiş və ər-Risalə ilə bu mövzuları ardıcıl şəkildə izah etmişdir.

Bu baxımdan, Şafiini üsul mövzularını ilk dəfə nizamlı-toplu şəkildə təqdim edən şəxs kimi qeyd etmək olar. Amma bütöv bir elmin yalnız bir nəfər tərəfindən qısa müddətdə yaradıldığı fikri doğru deyil; bu sahə də mərhələli şəkildə formalaşıb.

III və IV Əsrlərdə Üsulun Yetkinləşməsi və Yazı Üslubları

Cəssas dövrünə qədər Şafiinin əsərindən daha geniş məzmunlu bir üsul kitabı məlum deyil. Amma Mötəzilə tərəfindən yazılmış bəzi əsərlər – məsələn, ləfz mövzuları, xəbər nəzəriyyəsi, qiyasın isbatı kimi məhdud işlər – günümüzə qədər gəlib çatıb.

Müzəni’nin Kitabü’l-Əmr və’n-Nəhy-i, İbn Sürəycin əl-İvaz fi Üsul əş-Şərai-si və Əbubəkr əl-Xəffafın əl-Əqsam və’l-Fisal-ı kimi əsərlər Hicri III-IV əsrlərdən bu sahədə önəmli erkən nümunələrdir.

III əsrin sonları və IV əsrin əvvəlləri üsul mövzularının daha yetkin bir şəkildə yazılmağa başladığı dövrdür.

İbn Xəldunun üsul yazı üslublarını “Mütəkəllim” və “Fuqaha” olaraq iki yerə ayırması müasir dövrdə tez-tez vurğulansa da, bu bölgü tam da doğru deyil. Çünki təkcə Hənəfi məzhəbində belə (İraq, Maturidi, Səmərqənd məktəbləri) həm mütəkəllim üslubu ilə yazanlar, həm də daha təmiz, kəlamdan uzaq üsluba üstünlük verənlər olub. Eyni hal Şafii mütəkəllim üsulunda da (məsələn, Şirazi, Səməni) müşahidə edilir.

Həmçinin “Fuqaha metodu fürudan üsula, Mütəkəllim metodu isə üsuldan fürua yönəlir” fikri də tam dəqiq deyil. Çünki məzhəblər daxilində fərqli üsul yanaşmaları var – məsələn, Hənəfi məzhəbində Cəssas ilə Səmərqəndi arasında fərqli üsul yanaşmalarının olması.


Hiç yorum yok:

Yorum Gönder

Buxara Hənəfiliyi Üsul Ənənəsi və Dönüşmələri | Fiqh Üsulu Tarixi (Hənəfi Məzhəbi Nümunəsində) - 3

Buxara Hənəfiliyi wsul ənənəsi, Mavəraünnəhr bölgəsində formalaşmış, Hənəfi məzhəbinin fiqh üsulu düşüncəsinə mühüm töhfələr vermiş dərin bi...