25 Ağustos 2025 Pazartesi

İslam'da İhsan: Doğruluq, Yaxşılıq və Gözəllik

İslam düşüncəsində mühüm yerə sahib olan "ihsan" anlayışı sadəcə yaxşılıq etməkdən ibarət deyil. Bu anlayış, gözəllik, doğruluq və yaxşılığın birləşdiyi bir varlıq forması, bir davranış modeli olaraq çıxış edir. Ərəb dilində "hüsün" kökündən gələn bu termin “gözəl olmaq”, “yaxşı olmaq” mənalarını daşıyır. İnsanın davranış və dünyagörüşündə “nə doğrudur?”, “nə gözəldir?”, “nə yaxşıdır?” kimi fundamental sualların cavabı bu anlayışda öz əksini tapır. Şəriət elmlərində isə ihsan – bu üç əsasın bir düşüncə və əməldə vəhdətini ifadə edir.

Etimoloji Əlaqələr və Daxili Mahiyyət

"Hasünə" felinin sabitlik və keçidsizlik mənası, ihsanın insanın iç dünyasında daim var olan bir hal olduğunu göstərir. Eyni səs kökünə malik "hasənə" (qorumaq, mane olmaq) sözü ilə olan bağlılıq isə diqqətəlayiqdir. Bu bağ, gözəllik və yaxşılığın insanı pislik və çirkinlikdən qoruyan bir funksiyasının olmasını izah edir. Beləliklə, ihsan sadəcə estetik və etik bir hal deyil, həm də insanı mənəvi pozğunluqlardan uzaqlaşdıran bir xüsusiyyətdir. Kəlam və üsul elmlərində müzakirə edilən “hüsün və qubuh” (yaxşılıq və pislik) mövzusu da bu baxışın nəzəri təməlini təşkil edir.

İhsanın Şərtləri: Doğru Bilgi və Doğru Davranış

Bir davranışın həm yaxşı, həm də gözəl olması üçün onun doğru olması əsas şərtdir. Doğruluq, həqiqətə uyğunluq deməkdir – yəni məlumatın və ya inancların reallıqla üst-üstə düşməsi. Əgər bir insanın biliyi və ya imanı düzgün deyilsə, həmin şəxsdən çıxacaq davranışların da gözəl və xeyirli olması gözlənilə bilməz. Bu səbəbdən, ihsanın başlanğıc nöqtəsi sağlam əqidə və düzgün mərifətdir. İkinci mərhələdə bu düzgün bilginin əməldə necə təzahür edəcəyinə dair bir fərqindəlik meydana gəlməlidir. Zəkayla qavranılanın davranışa çevrilməsi isə ihsanın praktik mərhələsini təşkil edir.

Nübuvvətin Rolu və Peyğəmbər Modeli

İhsan anlayışının əməldə necə gerçəkləşəcəyini bizə öyrədən Peyğəmbərdir (s.ə.s). Tövhid, ümumi bir iman təcrübəsi olsa da, bu tövhidin “ixlasla” necə yaşanacağı və davranışlarda necə ifadə olunacağı məsələsində nübuvvət həlledici rol oynayır. Rəsulullah (s.ə.s), düşüncədəki doğruluğun, qavrayışdakı yaxşılıq və gözəlliyin əməldə necə təcəssüm edəcəyini öz həyatında nümayiş etdirmişdir. İhsan səviyyəsində yaşamaq, sadəcə doğru düşünmək deyil, bu doğru düşüncənin yaxşılığa və gözəlliyə çevrilməsini təmin edən bir fərqindəlik və davranış tərzidir. Bu davranış tərzinin davamlılığı isə sünnət vasitəsilə təmin olunur. Sünnət həm fərdi idraka forma verir, həm də nəsildən-nəsilə ötürülə biləcək davranış modellərini təqdim edir.

Allah Təsəvvürü və Zikrin Rolu

Hz. Peyğəmbər (s.ə.s) ihsan halında olan bir insanın Allahı həm ucalıq, həm də yaxınlıq çərçivəsində tanımalı olduğunu bildirir. Bu ikili anlayış ihsanın əsasını təşkil edir. Qurani-Kərim isə bu vəziyyətə çatmaq üçün “zikr”i əsas vasitə olaraq önə çıxarır. Zikir – yəni Allahın daimi xatırlanması və Onunla birgə yaşamaq halı – insanın daxilən diri qalmasını təmin edir. Bu hal olmadan, insanın düşüncəsini və davranışını mənfi təsirlərdən təmizləməsi çətinləşir.

İhsanın ən yüksək mərhələsi isə insanın hər bir hərəkətində Allahın həqiqi fail olduğunu dərk etməsi ilə baş verir. Təsəvvüfdə "maiyyət-i ilahi" adlandırılan bu idrak halı insanın nəfsindən çıxaraq, bütün fəaliyyətlərini Allaha nisbət etməsi ilə nəticələnir. Hz. Əbu Bəkrə nisbət edilən “Nəyə baxdımsa, əvvəlcə Rəbbimi gördüm” sözləri bu düşüncə tərzini gözəl bir şəkildə əks etdirir. Bu, eyni zamanda məşhur hədisdəki “Allahı görürmüş kimi ibadət et; sən Onu görməsən də, O səni görür” ifadəsinin də ruhunu təşkil edir.

İhsan və Həyatın Tamlığı

İhsan, yalnız nəzəri bir prinsip deyil, gündəlik həyatla və davranışlarla iç-içə olan bir şüur halıdır. Namaz qılmaqdan tutmuş, yolda qalan insana yardım etməyə qədər hər bir əməldə Allahı görmək və Onun razılığını məqsəd seçmək – məhz bu, ihsanın gerçək mahiyyətidir. Peyğəmbərin (sav) “Qonşusu tox olduğu halda özü ac yatan bizdən deyil” kimi ifadələr də göstərir ki, ilahi razılıq sadəcə ibadətlə deyil, gündəlik insani münasibətlərdə təcəlli edir.

Ən önəmli məsələlərdən biri isə Haqqı insanlarda deyil, insanların özünü Haqqın bir təcəllisi kimi görməkdir. Əks halda, ihsan təcrübəsi zahirdə Allah üçün edilsə də, batində şirkə çevrilə bilər. Gerçək ihsan, əməldə və düşüncədə Allahın izini daşımaqdır. Məsələn, mühəndis öz sahəsində ihsanlı ola bilmək üçün mütəxəssis olmalıdır. Bu nöqteyi-nəzərdən baxdıqda, istənilən peşə – tibb, kimya, idarəetmə – əgər Allah rizası üçün icra olunursa, ibadət sayılır.

İslamda qulluq yalnız müəyyən ibadətlərlə məhdudlaşmır. Əksinə, hər bir fəaliyyətin əvvəlində, ortasında və sonunda Allahı görmək, Onun adını və iznini hiss etmək – əsl dindarlıq budur. İstər bir ölkəni idarə etmək olsun, istərsə bir küçəni süpürmək – əgər ihsanla edilirsə, Allah qatında dəyərli ola bilər. Bu, insanın öz ruhani formasını, mənəvi heykəlini inşa etməsidir.

İhsan Böhranı və Gələcəyə Baxış

“Əmanəti əhlinə verin” ayəsi (Nisa, 58), məsuliyyətli olmaq üçün sahədə ixtisaslaşmağı və işə ciddi yanaşmanı tələb edir. Rəsulullahı (s.ə.s) anlamaq və ona tabe olmaq isə zamanın və məkanın reallıqları daxilində yaxşılığı, doğruluğu və gözəlliyi yenidən qavramaq və inşa etmək deməkdir. İslam elmləri də bu məqsədlə formalaşdırılmışdır. Tarix boyunca müsəlman cəmiyyətlərinin yaşadığı intellektual böhranlar, elmi geriləmələr əslində bir ihsan böhranının təzahürüdür. Bu böhran, Peyğəmbərin layiqincə başa düşülməməsindən qaynaqlanır.

İhsan, zamanla dərinləşən və anlamı zənginləşən bir anlayışdır. Hər dövrün ehtiyacını tanımaq, bu ehtiyacları qarşılaya biləcək qabiliyyət və biliklərlə donanmaq və bu donanımı nəsillərə ötürmək həyati əhəmiyyət daşıyır. Əks halda, dindarlıq həyatın kənarında qalmış bir gettoya çevrilər. Bu tələdən qurtuluşun yolu dini ciddiyə almaq və həyatın bütün sahələrini ihsan düşüncəsi ilə qurmaqdır. Bu isə Haqqa yönəlmiş ümumi bir niyyəti, zamanın və məkanın ehtiyaclarını da nəzərə alan konkret və ardıcıl bir davranışa çevirməklə mümkündür.

Hiç yorum yok:

Yorum Gönder

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...