Bu gün bir çox insan özünü müsəlman olaraq tanıtsa da, dillərinə tez-tez gətirdikləri "Kəlmeyi-Şəhadət"in mənası barədə dərindən düşünmürlər. Halbuki bu müqəddəs ifadə, sanki İslamın qapısını açan bir açar kimidir. Açar olmadan bir evə daxil olmaq mümkün olmadığı kimi, bu kəlmə olmadan da İslamın daxilinə keçmək olmaz. Lakin bu kəlmə ilə o qapıdan içəri daxil olan şəxs, artıq Allahın göndərdiyi həyat sistemini – dini – tanımağa başlayır və həmin dinin insandan istədiyi məsuliyyətləri daşımağa razı olur.
Kəlmeyi-Şəhadətin zahiri mənası belədir:
"Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu və rəsuluh" – yəni "Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət edirəm ki, Məhəmməd Onun qulu və elçisidir."
Ancaq bu cümləni sadəcə əzbərləmək kifayət etmir. Onun məzmunu üzərində ciddi şəkildə düşünmək lazımdır. Çünki bu söz, insanın həyatını dəyişdirən və yeni bir istiqamət verən dərin mənaya malikdir. Dinimiz düşünməyi – təfəkkürü – önə çıxarır və bu, bəzən nafilə ibadətlərdən belə üstün tutulur.
Bu mühüm kəlmənin iç dünyamıza və həyatımıza necə istiqamət verdiyini anlamaq üçün aşağıdakı suallar ətrafında təfəkkür etmək faydalı olar:
-
Niyə “iman edirəm” yox, “şəhadət edirəm” deyilir?
Çünki “əşhədu” ifadəsi sadəcə inancı bildirmək deyil, eyni zamanda onu görürmüş kimi hiss etməyi, bədən və ruhla bu həqiqətin şahidi olmağı tələb edir. Bu, sözlə deyilmiş sadə bir cümlə deyil, tam bir tanıqlıq və dərk deməkdir. -
Niyə əvvəl “lə iləhə” – yəni "ilah yoxdur" deyilir, sonra “illəllah” – yəni "ancaq Allah var"?
Çünki din, insanın zehnini və həyatını saxta, batil tanrılardan, anlayışlardan, təsəvvürlərdən təmizləməyi, sonra isə haqqı – yalnız Allahı – tanımağı öyrədir. Əvvəl inkar, sonra qəbul prinsipi burada özünü göstərir. -
Niyə Allahın məhz “ilah” sifəti önə çəkilib?
İnsan yaradıcı bir gücün mövcudluğunu qəbul etsə belə, o gücün həyatına yön verməsini bəzən qəbul etmir. Yəni Allahı təkcə Yaradan olaraq deyil, həm də yaşadan və hökm verən olaraq tanımaq əsasdır. Bu səbəblə, əvvəl saxta ilahları rədd etmək, sonra “yalnız Allah” demək lazımdır. -
Niyə Peyğəmbərimizin (sav) əvvəl “qulu” (abduhu), sonra “elçisi” (rəsuluh) olduğu vurğulanır?
Bu, onu tanrılaşdırmaq təhlükəsinə qarşı bir tədbirdir. Allah, Peyğəmbərə bir sərhəd qoymuşdur. Biz də onu həmin sərhəd çərçivəsində tanımalı və hər şeydən əvvəl onun bir qul, bəndə olduğunu qəbul etməliyik. Əslində bu, bizə bir mesaj verir: İnsanın əldə edə biləcəyi ən yüksək məqam “Allahın qulu olmaqdır”. -
Niyə “rəsul” sifəti xüsusilə qeyd edilib?
Çünki "rəsul" anlayışı, onun bizə bir xəbər gətirən elçi olmasından daha artıq, bizə rəhbərlik edən bir öndər olduğunu göstərir. Bu ifadə ilə biz, onun ardınca gedəcəyimizi, onu həyatımıza rəhbər və ölçü qəbul etdiyimizi təsdiqləmiş oluruq.
Səhabələr bu kəlməni deyərkən sadəcə dilləri ilə yox, həyatları ilə onu təsdiq etmiş, bütün yaşamlarını bu sözə uyğun şəkildə dəyişdirmişdilər. Əgər biz bu ifadəni dediyimiz halda həyatımız dəyişmirsə, demək ki, bu kəlmənin dərin mənasını lazımınca düşünməmişik. Şüurlu və idraklı bir şəkildə Kəlmeyi-Şəhadəti söyləmək, onun arxasındakı mənaları qavramaqla mümkündür.
Hiç yorum yok:
Yorum Gönder