Allahın gözəl isimləri – yəni Əsmaül Hüsna – Qurani-Kərimdə və hədislərdə zikr olunan, ən çox 99 isimlə tanınan ilahi isimlərdir. Amma diqqət yetirsək görərik ki, bu ədəd nisbi xarakter daşıyır; çünki bəzi isimlər yalnız Quranda deyil, həm də hədislər vasitəsilə bizə çatır. Məşhur bir hədisdə bu isimləri “saymaq” (“İhsa”) insanı cənnətə aparan bir açar kimi qeyd edilir. Ancaq burada “saymaq” sadəcə əzbərləmək deyil, daha dərin bir anlayışı özündə ehtiva edir.
İhsa: Sadəcə Əzbərləmək Deyil
Əsmaül Hüsnanı dərk etməyin “İhsa” adlandırılan mərhələsi bir neçə təbəqədə dəyərləndirilir:
-
Ən sadə səviyyədə bu, Allahın isimlərini öyrənmək, əzbərləmək deməkdir – məsələn, Ər-Rəhman, Ər-Rahim kimi.
-
Daha dərin səviyyədə isə bu, həmin isimlərin mənalarını mənimsəyərək həyatına tətbiq etmək, yəni Allahın əxlaqı ilə əxlaqlanmaq deməkdir.
-
Fəlsəfi və irfani baxımdan isə bu proses insanın kamilləşərək “İnsan-ı Kamil” olmasına, Allahın isimlərinin zahir və batin mənalarını həyatında yaşamasına qədər uzanır.
Əsmaül Hüsnanı Anlamağın Əsas Prinsipləri
İlahi isimlərlə bağlı düşüncə ən azı bir neçə əsas sütuna dayanır:
1. İlahi İsimlərin Sonsuzluğu
Allah hər hansı bir məxluq kimi sərhədlərlə məhdudlaşan varlıq deyil. Onun elmində, qüdrətində və iradəsində heç bir son yoxdur. Ona görə də, Allahın isimləri də sonsuzdur.
-
Allah baxımından: Allahın Zatı əzəli və əbədi olduğu üçün, Onun sifətləri də sonsuzdur. Bu da deməkdir ki, Allahın qüdrəti, iradəsi, kəlamı, yaratması heç vaxt tükənmir.
-
İnsan baxımından: Bir bəndənin Allahı tam şəkildə dərk edib, tam kamala çatması mümkün deyil. Bu səbəbdən insanın Allahı tanımaq və Ona yaxınlaşmaq yolçuluğu heç vaxt bitmir. Sufilərin “seyri filləh” dediyi də məhz budur. Bu yolçuluq axirətdə belə davam edir, Cənnətdə belə bu seyrin bitməyəcəyi rəvayətlərdə qeyd olunur.
2. İsimlərin Birləşik və Keçidli Mahiyyəti
Hər bir ilahi isim sadəcə bir sifəti deyil, eyni zamanda o sifətin mənbəyi olan Zatı göstərir. Ərəb dilində bu isimlər adətən sifət şəkilçilərindən yaranır və həm məna, həm daşıyıcı anlamı verir.
Məsələn, “Alim” dedikdə həm bilən sifəti, həm də o biliyin mənbəyi olan Allah nəzərdə tutulur. Maraqlıdır ki, Allahın zatı bütün digər isimlərin də mənbəyidir. Yəni bir isim Zatı göstərirsə, əslində digər bütün isimlərə də açılan qapıdır. Bu baxımdan bütün isimlər bir-biri ilə bağlıdır və bir isim üzərində təfəkkür bütün isimlərə keçid imkanı yaradır. İnsanın bu isimlərlə maraqlanması əslində bütün ilahi təcəllilərə qapı açır.
Bənzətməyə Baxış
Bəzən Allahı insana bənzər şəkildə düşünmək tənqid edilir (ki edilməlidir də). Lakin əslində, din insan təfəkkürünə xitab etdiyi üçün müəyyən oxşarlıqlar qaçılmazdır. Əgər kainat Allahın işi, əsəri sayılırsa, o zaman bu əsər Onun sifətlərinə işarə edir. Məsələn, bir stolu düzəldən usta haqqında necə fikir yürüdürüksə, yaradılış da Yaradan haqqında ipucu verir. Əlbəttə, bənzərlik ancaq sifətlərin zahirindədir; zatda və həqiqətdə eynilik yoxdur. İbn Ərəbi və digər böyük düşünürlər də bu məsələdə həm təşbih (bənzətmə), həm də tənzih (Allahı bənzətməkdən uzaq tutmaq) tarazlığının vacibliyini vurğulayıblar.
Qulluq: İlahi İsimlərlə Yüksələn Bir Yol
İlahi isimlər qul üçün Allaha yaxınlaşmanın vasitəsidir. Allahı tanımaq (Mərifətullah) Onun isim və sifətlərini tanımaqla mümkündür. Bu isimləri anlamaq, mənimsəmək və həyatda gerçəkləşdirmək qulluğun özüdür.
Qulluq daim inşa olunan bir binaya bənzəyir – burada heç bir detal boş buraxılmamalıdır. İnsanın əməli, qəlbi niyyəti və məqsədləri bu binanı təşkil edir. Nə qədər möhkəm inşa olunarsa, o qədər kamil olar.
İlahi İsimlərin İnsan Üzərindəki Təsiri
İnsan Allahın isimlərinin bir təcəllisi olaraq var olur. Bizim mövcudiyyətimiz nisbidir və Qüdrət, İradə, Elm kimi sifətlərin yansımasından ibarətdir. Məşhur “Nəfsini bilən Rəbbini bilər” hədisi də bu mənaya işarə edir – insan özünü dərk etdikcə Allahın isimlərinin necə təzahür etdiyini də anlaya bilir.
Qurandan Bir İki Misal:
-
“Əlhəmdulilləhi Rabbil Aləmin” ayəsi göstərir ki, kainatda bütün gözəllik və təriflər Allahındır, çünki hər şey Onun isimlərinin təcəllisidir.
-
“İyyəkə nə'budu və iyyəkə nəstəin” də bildirir ki, yalnız Ona ibadət edilir, yalnız Ondan kömək dilənir – çünki kainatda Onun qüdrətindən başqa mülk yoxdur.
Məsuliyyət
İnsana verilən iradə və şüur, onu məsuliyyət sahibi edir. İnsanın kamilləşməsi və ya özünü heyvana çevirməsi bu seçimin nəticəsidir. Hər şeyi yaradan Allahdır, biz isə seçimlərimizdən məsuluq. Ona görə də nəyi seçəcəyimizə görə, həyatımı hansı isimlərin təcəllisi ilə davam edəcəyini seçəcəyimizə görə bizim qulluqda səviyyəmiz ya artacaq, ya düşəcək. Yəni ya insanı kamil olmağa doğru addımlayacayıq, ya da ki, əsfəli safilinə doğru düşüb heyvanlardan belə aşağı olacağıq.
Hiç yorum yok:
Yorum Gönder