Tövbə, gündəlik danışığımızda tez-tez işlətdiyimiz, amma əslində çox dərin mənalar daşıyan əsas dini anlayışlardan biridir. Çox vaxt sadəcə bir günahdan sonra peşman olub əfv diləməklə əlaqələndirilsə də, tövbə bundan qat-qat geniş və davamlı bir həyat tərzidir. Tövbə ilə bağlı olan inabə və istiğfar anlayışları isə insanın Allahla bağının fərqli tərəflərini açıqlayır.
Tövbənin Mənası
Ərəb dilində “tövbə” sözü “qayıtmaq”, “üz tutmaq” deməkdir. Yəni bir şeyə arxa çevirmişkən, dönüb ona üzünü tutmaq. Dini baxımdan isə bu, insanın Allah’a yönəlməsi deməkdir. Amma bu yönəliş təkcə qul tərəfindən deyil — eyni zamanda Allah da qula tərəf yönəlir. Bu qarşılıqlı münasibət “mütəzayid”, yəni qarşılıqlı təsir adlanır.
İnsanın özünü günahkar hiss etməsi asan deyil. Həqiqi tövbə, sadəcə dildə deyil, insanın içində baş verən bir peşmanlıq iradəsidir. Bəzən bu peşmanlığın səbəbi utanc, ayıblanma qorxusu kimi şeylər olur, amma nəticədə əsas olan Allah’a dönməkdir. Çünki Allaha yönəlmək elə qiymətlidir ki, ona vasitə olan səbəbin özündə belə bu dəyər yoxdur.
İnabə: Əsl Məqamı Qorumaq
Tövbə ilə sıx bağlı olan inabə anlayışı “növbə” kökündən gəlir və Quranda “Rəbbinizə dönün” (Zümər, 54) buyruğu ilə qeyd olunur. İnabə o deməkdir ki, insan həyatda həqiqi və əbədi dəyəri — yəni Allahı — hər zaman önə çıxarsın. Çünki çox vaxt dünyəvi istəklər, ehtiraslar və maddi şeylər Allahın yerini tutur. İnabə isə, bu maneələri aradan qaldırıb Allahı həm zehnimizdə, həm davranışlarımızda əsas yerə qaytarmaqdır. Əsl inabə olmadan tövbə tam olmur. Zaman keçdikcə qəlblərin sərtləşməsi və həqiqətdən uzaqlaşması, inabənin nə qədər əhəmiyyətli olduğunu göstərir.
İstiğfar: Allahın Örtüyünə Sığınmaq
İstiğfar sözünün mənası “örtünmək”, “gizlənmək” deməkdir. İstiğfar edərkən qul, Allahdan özünü rəhmət və lütfü ilə örtməsini, günahları ilə öz arasına bir hicab çəkməsini diləyir. Tövbə və istiğfar eyni şey deyil, amma bir-birini tamamlayır. İstiğfar edən insanın duasına görə Allah’ın cavabı müxtəlif mərtəbələrdə ola bilər:
-
Tamamilə silmək: Allah qulun əvvəlki günahlarını tamamilə silir, təmiz bir səhifə açır. Həccin sonunda insanın “anadan olduğu kimi” təmiz dönməsi buna nümunədir.
-
Pisliyi yaxşılıqla əvəz etmək: Allah pis əməlləri savaba çevirir, ya da insanda pis niyyət və xüsusiyyətlərin yerinə yaxşılarını yaradır. Bu, ən böyük lütflərdən sayılır.
-
Bağışlamaq: Allah günahları örtür, sanki heç olmayıbmış kimi davranır.
İstiğfar təkcə “bağışla” demək deyil, həm də Allahın rəhmət qapılarını açmaq, ruzi və bərəkətə səbəb olmaqdır. Məsələn, Hz. Ömər (r.a) quraqlıq vaxtı yağmur duası əvəzinə istiğfar oxuyurdu. Nuh surəsində də bu dəstəklənir: “Rəbbinizdən bağışlanma diləyin ki, O sizə göydən yağış yağdırsın, mal, övlad versin, bağ-bostanlar, çaylar bəxş etsin.” (Nuh, 10-12) Bu da göstərir ki, istiğfar sadəcə bir dua deyil, həm də qulun Allahın himayəsində yaşamağa sadiq olduğunu bildirir.
Tövbə üçün Günah Şərt Deyil
Ən diqqətçəkən məsələlərdən biri də odur ki, tövbə üçün mütləq günah işləmək lazım deyil. Bu, sufi baxışla belə izah olunur: əsl varlıq yalnız Allaha məxsusdur, insan isə gücünü, biliyini, iradəsini daim Allaha təslim etməlidir. İnsan özünü əsas aktyor kimi görmək əvəzinə hər şeyin Allahın təcəllisi olduğunu dərk etməlidir.
Peyğəmbərimizin (sav) gündə 70 dəfə istiğfar etməsi də buna görədir: bu, günahdan deyil, hər an Allah qarşısında acizliyini hiss etməsindən irəli gəlir. Tövbə, istiğfar və zikr də bir-birini tamamlayır. Namaz, oruc və digər ibadətlər də zikrin fərqli formalarıdır.
Tövbənin Şərtləri və Əsl Mahiyyəti
Katoliklərdəki “günah çıxarma” ilə fərqli olaraq, İslamda günahı gizlətmək əsasdır. Hətta Peyğəmbərimiz (sav) belə günahını açıq etiraf edənlərə çox vaxt cavab verməkdən qaçınıb. Əsas olan, qulun Allaha qarşı acizliyini etiraf edib ona səmimi qəlbdən yönəlməsidir. Məşhur “Seyyidü’l-İstiğfar” duası bu sadə və səmimi yönəlişin gözəl nümunəsidir.
Bəzi alimlər tövbə üçün günaha qayıtmamaq, başqasının haqqını qaytarmaq kimi şərtlər də göstəriblər. Amma əsas şərt qulun səmimiyyəti, sadəliyi, içdən peşmanlığı və acizliyini etiraf etməsidir, digər şərtlər isə bu səmimiyyətdən, peşmanlıqdan irəli gəlir. Hz. Musa’ya (ə.s) Allah’ın “məndə olmayanı gətir” deməsi, Musanın isə “acizlik”lə cavab verməsi, insanın acizliyini dərk etməsinin tövbənin mərkəzində olduğunu göstərir. İnsan bunu anlayanda həm mənəvi yükündən azad olar, həm də bilər ki, həqiqi sahib yalnız Allahdır.
Hiç yorum yok:
Yorum Gönder