Maraq insanın düşüncə tarixində həm fərdi, həm də cəmiyyət miqyasında inkişaf və bilik axtarışının əsas hərəkətverici qüvvələrindən biri olmuşdur. Ancaq bu duyğunun mənbəyi və necə formalaşdığı məsələsi, İslam düşüncə ənənəsində həm yaradılışın ilahi mahiyyəti, həm də insan təbiətinin ayrılmaz hissəsi olaraq müxtəlif istiqamətlərdən ələ alınmışdır.
İlahi yaradılış və maraq arasında əlaqə
İslam təliminə görə, Allahın yaratması bizim başa düşdüyümüz şəkildəki maraqdan qaynaqlanmaz. Çünki Allah bütün varlıqların əvvəldən sonadək nə ilə qarşılaşacağını bilir. Zaman – keçmiş, indiki və gələcək – Allah üçün keçərli deyil; bütün zamanlar Onun qatında eyni anda mövcuddur. Bu səbəbdən də yaradılışın səbəbi ilahi bir maraq deyil, iradə və elm ilə izah olunur. Maraq, iradəni və biliyi hərəkətə gətirən bir vasitə olaraq yalnız bizim kimi yoxluqla varlıq arasında mövcud olan məxluqat üçün keçərlidir. Çünki biz yalnız varlıqdan ibarət deyilik, içimizdə yoxluğun da payı vardır.
İslam düşüncə ənənəsində “Allah niyə yaratdı?” sualına üç əsas yanaşma mövcuddur:
-
Fəlsəfi yanaşma (İbn Sina): Yaradılış, Allahın Özünü bilməsinin zəruri nəticəsi olaraq meydana gəlir. Yəni, Allah Özünü bildiyi üçün kainat zəruri olaraq var olur. İbn Sina bu yanaşmanı “hikmətin zirvəsi” olaraq qiymətləndirir, amma tarix boyu bunu anlayan insanların sayı olduqca az olub – barmaqla sayılacaq qədər. Bu səbəbdən bu dərin anlayışın hər kəsə tövsiyə edilmədiyi də bildirilir. Amma hət bir ehtimalda bu görüşdə ciddi problemlər var.
-
Kəlam məktəbi:
-
Əşari alimlərə görə, yaradılış Allahın əzəldəki iradəsinin gerçəkləşməsidir. Yəni Allah istədiyini, istədiyi şəkildə yaradır və bu qərarının səbəbi sorğulanmaz.
-
Maturidi alimlər isə yaradılışı Allahın “hikmət” sifəti ilə izah edirlər. Yəni, kainatın varlığı Allahın hikmətinə uyğun olaraq meydana gəlmişdir.
-
-
Sufi baxışına görə, Göz görməyi, qulaq eşitməni, bədən toxunmağı tələb etdiyi kimi, Allahın bütün gözəl adları (Əsmaül-Hüsna) da öz nəticələrini və təzahürlərini tələb edir. Bu baxımdan, varlığın ortaya çıxması, Allahın isimlərinin "zəruri" tələbi kimi izah olunur.
İnsandakı marağın təbiəti və növləri
İnsanda maraq duyğusu, xüsusilə uşaqlıq dövründə son dərəcə güclü olur. Uşaqlar ətraflarında baş verən hər bir hadisəni “niyə” sualı ilə qarşılayırlar. Amma yaş artdıqca bu suallar azalır, insan getdikcə daha az soruşmağa başlayır. Bu, bir tərəfdən yetkinliyin əlaməti kimi qəbul olunsa da, digər tərəfdən bəzi fərdlərdə marağın heç vaxt sönmədiyi də müşahidə olunur.
Marağın qalmasına və ya itməsinə səbəb olan müəyyən amillər vardır:
-
Marağı azaldan amillər: Bəzən cəmiyyətin qəbul etdiyi davranış qaydaları və düşüncə formaları insanın marağını boğa bilər. Həmçinin, suallarına cavab tapdığını düşünən insanlar artıq daha çox soruşmaq ehtiyacı hiss etməz. Dil vasitəsilə əldə olunan cavablar sanki “böyük suallar”ın həlli imiş kimi təqdim olunduğundan, insanlar bu sualları unutmağa başlayır.
-
Marağı diri saxlayan amillər:
-
Gündəlik və şəxsi maraqlar: İnsanlar arasında baş verən hadisələr – dedi-qodular, xəbərlər, yaxınlarımızın və dostlarımızın həyatı, onların məhrəm halları – daim maraq doğurur və heç bitmir. Həmçinin, öz düşüncə və arzularımızı təsdiqləyən hallarla qarşılaşmaq da marağımızı gücləndirir.
-
“Böyük” və elmi maraqlar: Kainat necə yaranıb? İnsan haradan gəlib və hara gedir? Maddi aləm necə davam edir? Canlılar və göy cisimləri necə formalaşıb? Bu kimi mövzular “böyük suallar” və ya “elmi maraqlar” çərçivəsində dəyərləndirilir. Bu tip maraqlar xüsusi diqqət və zəhmət tələb edir. Diqqətəlayiq məqam budur ki, körpəlikdə verilən instinktiv suallar əslində böyük filosofların verdiyi suallarla eyni kökdən gəlir.
-
Bu “böyük suallar”ın davam edə bilməsi üçün onlar sistemləşdirilməli və müəyyən bir metodoloji çərçivədə yönləndirilməlidir. Əks halda, belə sualları soruşan insanlar bəzən cəmiyyətdə “dəli” və ya “açıq-aşkar şeyi soruşan axmaq” kimi qəbul oluna bilər. Bu isə marağın cəmiyyət və insan inkişafı ilə necə mürəkkəb bir şəkildə əlaqələndiyini aydın şəkildə göstərir.
Hiç yorum yok:
Yorum Gönder