19 Ekim 2025 Pazar

Maraq, Ağıl və İnsanın Elmi

İnsanın təbiətində mövcud olan maraq hissi sadə və xətti bir proses deyil. Uşaqlıqda verdiyimiz saysız-hesabsız sualların cavabları böyüdükcə ya unudulur, ya da səthi izahlarla keçişdirilir. Halbuki maraq — doğru istiqamət verildikdə — insanı biliyə, təfəkkürə və elmi idraka aparan ən önəmli motivasiyadır.

Gündəlik Dilin Məhdudluğu və Səthi Cavablar

Gündəlik dil həm bir mədəniyyətin daşıyıcısı, həm də çox zaman sualları cavablandırılmış kimi göstərən, lakin dərinliyə enməyən bir vasitədir. İnsanlar çox zaman bu səthi cavablarla kifayətlənir və daha dərin təfəkkürün arxasınca getmirlər. Məsələn, dini biliklər də çox vaxt yalnız "elmihal" səviyyəsində öyrənilir. Bir uşaq Allahın sifətlərini və namazın vaciblərini əzbərləyə bilər, amma İmam Əzəm, İmam Razi və İmam Qəzali kimi mütəfəkkirlər eyni mövzuda minlərlə səhifəlik əsərlər yazmış, fərqli görüşləri dəyərləndirərək onların zəif və güclü tərəflərini təhlil etmişlər. Fərq, sadəcə məlumata sahib olmaqla deyil, həmin məlumatı səbəbləri və alternativləri ilə qavrama qabiliyyətindədir.

Elmi İdrakın Təbiəti və Əhəmiyyəti

Dinin dərinliyinə nüfuz etmiş böyük alimlər bu sahədə sistemli və metodoloji şəkildə bir idrak modeli qurmuşlar. Bu elmi idrak adi dildə izah edilə bilməz və ciddi çalışma tələb edir. Bu anlayış təkcə dini sahəyə məxsus deyil — istənilən dövrdə, istənilən sahədə insanlar öz dövrlərinə uyğun bir elmi idrak inkişaf etdirmişlər. Bu idrak:

  • Sağlam düşüncəyə əsaslanan ilkin məntiqi nəticələr,

  • Gündəlik həyat təcrübəsi ilə qazanılan ağıl,

  • Müdriklərin və alimlərin təcrübə, müşahidə və tənqidi yanaşmalarla formalaşdırdığı dəqiq və təmizlənmiş dünyagörüşü kimi müxtəlif qatlara malikdir.

Elmi idrak canlı və dəyişkən bir struktura malikdir. Bəzi dövrlərdə min illərlə hakim ola bilər, lakin zamanla yenilənməzsə, yerini başqa sistemlərə verər. İnsanlığın "böyük sualları"na məhz bu elmi idrak cavab verməyə çalışır.

Əgər bu idrak donuqlaşarsa, böyük suallara köhnəlmiş və daşlaşmış cavablar verilməyə başlanar. Bunun dəyişməsi üçün ya güclü fərdi təşəbbüslər, ya da cəmiyyətləri silkələyəcək hadisələr baş verməlidir.

Böyük Maraqların Ardınca Getmək

İnsanları "maraq göstərənlər" və "göstərməyənlər" deyə ayırmaq doğru olmaz. Hər kəs müəyyən sahələrə maraq göstərir, amma çox az insan var ki, yüksək səviyyəli nəzəri fizikaya, astronomiyaya və ya metafizik məsələlərə dərin maraq göstərsin. Bu isə əksər hallarda fərdi qabiliyyət əskikliyindən deyil, daha çox mövcud cəmiyyətin və həyat şərtlərinin buna imkan verməməsindən irəli gəlir.

Marağın İdarə Olunması, Dəyəri və Metodu

Maraq istənilən şəkildə sərbəst buraxıla biləcək bir hiss deyil. O, əxlaqi dəyərlərlə tənzimlənməli, istiqamətlənməlidir. Məsələn, bir insanın sırf maraq naminə təhlükəli bir bombanı işə salması əxlaqi baxımdan yolverilməzdir. Eynilə, şəhvət və hakimiyyət arzuları əxlaqdan uzaq olduqda necə təhlükəli hala gəlirsə, maraq da prinsiplərlə yönləndirilmədikdə, dağıdıcı təsirə malik ola bilər. Maraqdan faydalı nəticələr əldə etmək üçün onu metodoloji çərçivəyə salmaq və müəyyən qaydalar daxilində aparmaq vacibdir. Bu qaydalar isə hər bir sahəyə uyğun olan daxili əxlaqi normalardır.

Nəticə olaraq, hər bir marağın arxasında getməyin bir dəyəri, qaydası və üsulu vardır. Bu çərçivə olmadan, maraq bizi mənalı nəticələrə yox, boşluğa aparar.

Marağın Varlığımızdakı Rolu

Maraq yalnız insanlara məxsus deyil, bütün canlıların mövcudluq forması ilə bağlıdır. O, bizim natamamlığımızla, ehtiyac və yoxluq hissimizlə qovuşmuş bir haldadır. Amma bizi "insan" edən şey, marağımızın ağılla qovuşmasıdır.

Maraq ağıl ilə birləşdikdə, artıq gündəlik ehtiyacların fövqündə dayanaraq, bizi varlıq və kainatın sirlərinə yönəldir. Bu zaman yaranan böyük suallar isə ağlın sərhədlərini genişləndirir. Bu cür dərin maraqlar isə mütləq şəkildə metod tələb edir və heç vaxt tam cavablanmayacaq bir sual formasında davam edər. Çünki bu, bizim daim bir şeylərə möhtac olmağımızın – yəni bəşəriliyimizin – təzahürüdür.

Hiç yorum yok:

Yorum Gönder

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...