16 Ekim 2025 Perşembe

Marağın Sirr Pərdəsi

İnsan bir şeyi maraq dairəsinə alırsa, deməli o şeyə dair ya məlumatsızdır, ya da onu hələ tam dərk etməyib. Məlumatsızlıq və gizlilik hissi, insanın içində təbii bir tədqiqat və öyrənmə ehtiyacı doğurur. Hər şeyə dair məlumata sahib bir varlıq olsaydıq, maraq duyğusu da həyatımızdan silinərdi. Bu baxımdan qədimlərin “hasılı təkrar təhsil mümkün deyil” ifadəsi mənəvi dərinlik daşıyır – artıq əldə olunmuş bilik və ya təcrübə insanı təkrar axtarışa yönəltməz, beləliklə də maraq yoxa çıxar.

Maraq eyni zamanda bir növ daxili aclığın da nəticəsidir. Bu aclıq yalnız intellektual deyil, həm də emosional və varlıq səviyyəsində bir ehtiyac formasında təzahür edir. İnsan bir şeyi niyə öyrənmək istəyir? Çünki onunla mənəvi bağ qurmaq, onu dərk etmək, özü ilə həmin mövzu arasında bir körpü yaratmaq istəyir.

İnsan yaradılmış bir varlıq olmaqdan daha çox, daima "yaradılan", yəni formalaşmaqda olan bir varlıqdır. Bioloji olaraq bu dünyaya tam şəkildə gəlsək də, mənəvi və insani baxımdan tamamlanmaq prosesində oluruq. Tamamlanmamışlıq isə daim yeni axtarışlar doğurur – yəni maraq duyğusu məhz bu natamamlığımızdan qidalanır. Biz hər an yeni bir tərəfimizi kəşf edirik, yoxluq vəziyyətlərini varlığa çevirərək öz varlığımızı qururuq. Bu proses ölümə qədər davam edir və daim öyrənmək, anlamaya çalışmaqla həyatımızı zənginləşdiririk. Əgər maraq hissi olmasaydı, bu inkişaf prosesi də dayanardı.

Cəmiyyətdə isə bəzən “çox maraqlanmaq adamı öldürər” kimi ifadələr eşidirik. Halbuki bu cür fikirlər zarafatdan irəli gələn miflərdir və reallıqla əlaqəsi yoxdur. Əksinə, marağın olmadığı cəmiyyətlər inkişaf edə bilmir, durğunluğa məhkum olur. Xüsusilə elmi maraq itdikdə, xalqın gələcəyi risk altına düşür. İslam tarixində də bu məsələyə xüsusi vurğu edilir: Peyğəmbərimizdən (s.a.s) sonra İslam cəmiyyətlərinin fərqləndirici cəhətlərindən biri, hər şeyə dair elmə əsaslanan bir maraq inkişaf etdirmələri olmuşdur.

Hz. Adəmin (ə.s) hekayəsi də burada xatırlanmalıdır. Onun maraq duyğusu, insanlığın yer üzünə enməsinə səbəb olmuşdu. Bu, bir tərəfdən də insanı insan edən əsas xüsusiyyətlərdən birinin – marağın – mahiyyətini açır.

Lakin maraq özü ilə birlikdə bir məsuliyyət də gətirir – yəni bədəl. Maraqlanmaq, öyrənmək, dərk etmək istəyiriksə, bunun qarşılığında zəhmət çəkməli, bəzən də bədəl ödəməliyik. Həyatda əlimizə keçən heç bir dəyər, biz onun üçün əziyyət çəkmədən varlıq qazanmır. Hər bir bilik, hər bir təcrübə səy tələb edir. Nəticə həmişə səyimizlə birbaşa paralel olmaya bilər, bəzən çox çalışıb az nəticə də əldə edə bilərik, amma bu yolun özü belə insana şəxsiyyət qazandırır. Bu həqiqəti gündəlik həyatımızda – istər bir yemək hazırlayarkən, istərsə də bir çıxışa hazırlaşarkən belə müşahidə edə bilərik.

Hiç yorum yok:

Yorum Gönder

Təsəttür: Əsarət ya Azadlıq?

İnsan övladı, var olduğu gündən bəri “azadlıq” və “əsarət” anlayışlarını müzakirə etmiş, bu anlayışları çox vaxt fiziki sərhədlərlə izah etm...