15 Ekim 2025 Çarşamba

Ölüm Qorxusunun Səbəbi Bilinməməzlikdir

İnsanın ən dərin və təməl qorxularından biri olan ölüm qorxusu, çox zaman ayrılıqla əlaqələndirilsə də, əslində bu qorxunun kökündə dayanan əsas səbəb qeyri-müəyyənlikdir. Ayrılıq dedikdə, sevdiklərimizdən, topladığımız mal-mülkdən, bu dünyada mənimsədiyimiz hər bir şeydən uzaq düşmək nəzərdə tutulur və bu da insanda təbii olaraq hüzn doğurur. Amma məsələ təkcə ayrılıq deyil. Bu hüzn, ölüm sonrası nə ilə qarşılaşacağımızı bilməməkdən irəli gələn qorxu ilə birləşdikdə, ölüm artıq sadəcə bir son deyil, qorxulu bir məchula çevrilir.

İnsan öz bədənindən ayrıldıqdan sonra qarşılaşacağı mənzərələri düşünməməyə çalışsa da, bunu tamamilə yox saymaq mümkün deyil. Bu, varlıq və ya Allah haqqında düşüncələr kimi bir haldır – bir dəfə ağıla gəldimi, artıq onu unutmaq, yox saymaq çətin olur.

Ölümü Unudanlar və "Yetərincə Yaşaya Bilməmək" Narahatlığı

Dünyanın tələskən və yorucu axarı bəzən ölümü bir kənara çəkib unudacaq qədər insanı məşğul edə bilir. Hətta bəzi insanlar üçün ölüm qorxusundan çox, bu həyatda yetərincə yaşaya bilməmək narahatlığı daha böyük yer tutur. Amma maraqlısı budur ki, bu "yetərincə yaşamamaq" duyğusu əsasən geriyə baxdıqda özünü göstərir. İnsan yaşadığı anın içindəykən bunu çox nadir hallarda hiss edir. Təcrübə göstərir ki, əgər insana həyatını bir daha yaşamaq fürsəti verilsəydi, çox güman ki, eyni həyat tərzini təkrarlayardı. Qurani-Kərimdə cəhənnəmliklərin dünyaya dönmək arzusu dilə gətirilsə də, Allah bu arzunun əbəs olduğunu bildirir. Çünki qayıtsalar da, yenə eyni əməlləri təkrarlayacaqlar. Bu da göstərir ki, axirət haqqında məlumat insanda dərin dəyişiklik yaratmayıbsa, o, sadəcə bir xəbər olaraq qalır və insanın mahiyyətini dəyişmir.

Ölüm Qorxusunu Həqiqi Mənada Aşmaq

Ölüm qorxusunu tamamilə aradan qaldırmağın yeganə yolu, axirət haqqında anlayışımızın biliyin fövqündə olan bir mərifətə çevrilməsidir. Bu mərifət, ölümü yoxluq kimi deyil, bir keçid, bir qovuşma, yeni bir başlanğıc kimi qəbul etməyi tələb edir. Yaxud da, Allah Rəsulunun (s.ə.s.) gətirdiyi xəbərlərə olan inamımız o qədər güclü olmalıdır ki, o inamı heç bir şəkk və tərəddüd zəiflədə bilməsin. Qurani-Kərimdə Allahın dostları üçün belə buyurulur: "Onlar üçün nə bir qorxu vardır, nə də onlar kədərlənərlər." (Əhqaf, 13) Bu ifadə, təkcə peyğəmbərləri və övliyaları deyil, ümumi olaraq möminləri də əhatə edir. Çünki bu insanlar ya mərifət sahibidirlər, ya da mərifətin gətirdiyi əminliyi öz imanlarında o qədər dərinləşdiriblər ki, nəticə eynidir – qorxu yoxdur.

Əgər insanda bu cür mərifət və ya güclü təsdiq yoxdursa, yəni axirətə dair anlayış sadəcə zəif bir məlumat səviyyəsindədirsə, ölüm düşüncəsi daim içində bir narahatlıq yaradar. Bu narahatlıq az və ya çox dərəcədə olsa da, insanın ruhunda bir gərginlik kimi daim mövcud olar.

Hiç yorum yok:

Yorum Gönder

Ağıl və İmanın Dönüşdürücü Təsiri

Bir insan Allah'a iman etməmişsə, onun dünyayla qurduğu əlaqə əsasən yaşamaq instinkti, yemək, içmək, qorunmaq kimi ehtiyaclar üzərindən...