20 Kasım 2025 Perşembe

İslam İqtisadına Giriş: Məfhum, Fəlsəfə və Əsas Prinsiplər | İslam İqtisadına Giriş - 1

“İslam iqtisadı”, “İslam iqtisadiyyatı”, “İslami iqtisad” kimi ifadələr çox vaxt bir-birinin yerinə işlədilsə də, bu sahədə hamı tərəfindən qəbul edilən vahid bir tərif hələ formalaşmayıb. Mərhum professor Sabri Orman bu sahəni “İslami iqtisadiyyat” adlandırır və onu belə izah edirdi: “İslami iqtisadiyyat — iqtisadiyyata İslam baxış bucağından yanaşmaqdır.” İlk baxışda bu tərif sadə görünsə də, iqtisadiyyat elmi tarixən Marksist və ya Post-Keynesçi kimi fərqli istiqamətlərin meydana çıxması ilə çoxsaylı yanaşmaların formalaşdığı bir sahədir. Bu baxımdan, İslami iqtisadiyyat da eyni şəkildə özünəməxsus bir baxış bucağı təklif edir. İslam iqtisadı, iqtisadi məsələlərə dini prizmadan baxmağı hədəfləyir. Din və iqtisadiyyatı bir yerdə dəyərləndirən yanaşmalar arasında İslam iqtisadı üçün xarakterik olan üsul, dünyaya və iqtisadi proseslərə “dini baxış eynəyi” ilə baxmaqdır. Bu, ədəbiyyatda dini iqtisadiyyat (religious economics) kimi tanınır. Sabri Ormanın “İslami iqtisadiyyat” ifadəsini işlətməsi də məhz bu anlayışın türkcə qarşılığını ifadə etmək məqsədi daşıyır. Hərçənd “İslam iqtisadı” termini XX əsrdə formalaşsa da, mahiyyət etibarilə müsəlmanların iqtisadi məsələlərə dini mövqedən yanaşması çox qədimdir. Tarix boyu “Kitabül-xəraç” kimi əsərlərin meydana gəlməsi, “pul vəqfləri” kimi institutların yaranması bu düşüncənin izlərini göstərir.

Bir anlayışın fəlsəfəsi onun varlıq səbəbini, məqsədini və nəyə xidmət etdiyini açıqlayır. İslam iqtisadının fəlsəfəsini də İslamın öz fəlsəfəsi ilə eyni istiqamətdə düşünmək olar.

İslamın baxışına görə, insan müəyyən bir məqsədlə yaradılmışdır və bu məqsədi həyata keçirməsi onun axirətdəki nəticəsini müəyyən edir. İslam iqtisadının fəlsəfəsi də eyni prinsipə əsaslanır: Allah insanı yer üzündə “xəlifə” olaraq yaratmış və bu dünyanın idarəsini rəqabət deyil, yardımlaşma, ədalət və ilahi qanunauyğunluq əsasında qurmağı tələb etmişdir. İqtisadi sahə də bu quruluşun həyata keçdiyi əsas meydanlardan biridir.

İslam iqtisadına elm kimi baxdıqda, onun fəlsəfəsini Wael Hallaqın fikirləri ilə anlamaq mümkündür:

  • Hallaqa görə “elm” yalnız vəhyin yazılı biliyi deyil;

  • Elm — insan ağlını Allahın yaratdığı nizam və məqsəd üzərində düşünməyə vadar edən sonsuz bir prosesdir;

  • Elm axtarışı, əslində, ilahi olanla əlaqə yaratmaqdır.

Bu baxımdan İslam iqtisadı, müasir iqtisadiyyatın etdiyi kimi təbiətə hökmranlıq etmək və onu dəyişdirmək deyil, əksinə, Allahın yaratdıqlarındakı hikmətini anlamağa çalışmalıdır. Bu hikmət, insanın Allahın elmini, əxlaqını və ədalətini yerdə təcəssüm etdirməsinə imkan yaradır. Əgər bu əsas fəlsəfə unudularsa, İslam iqtisadı da zamanla dünyaya hakim olma və sərvəti yığma mərkəzli neoklassik iqtisadiyyatla eyni istiqamətə sürüklənə bilər. Bu baxımdan, Jason Hickel kimi müasir tədqiqatçılar kapitalist inkişaf anlayışının dəyişməsini, yəni iqtisadi sistemin fəlsəfəsinin kökündən yenilənməsini vacib sayırlar. İslam iqtisadı yuxarıda qeyd olunan fəlsəfəyə uyğun şəkildə müəyyən əsas prinsiplər üzərində qurulub.

Wael Hallaqın vurğuladığı kimi, İslam iqtisadının təməlini üç əsas prinsip təşkil edir:

  1. Tövhid – Allahın birliyini qəbul etmək və bütün iqtisadi münasibətləri bu inanc üzərində qurmaq;

  2. İslam əxlaqı – iqtisadi fəaliyyətdə dürüstlük, məsuliyyət və insaflı davranmaq;

  3. Ədalət – hər bir münasibətdə haqqı qorumaq, istismardan uzaq durmaq.

Bu əsasların altında iqtisadi sahə ilə birbaşa əlaqəli bir sıra xüsusi qaydalar da mövcuddur. Onları iki qrupda toplamaq mümkündür:

Qadağalar (Neqativ prinsiplər):

  • Faiz qadağası (riba) – İslam iqtisadının ən vacib təməl daşıdır, bəzən bütün sistemi təsvir etmək üçün “faizsiz iqtisadiyyat” ifadəsi işlədilir.

  • Qarar (həddindən artıq qeyri-müəyyənlik) qadağası – iqtisadi müqavilələrdə tərəfləri anlaşılmazlığa aparacaq səviyyədə qeyri-müəyyənlik olmamalıdır.

  • Batil qazancdan uzaq durmaq – hər növ ədalətsiz, haqsız gəlir İslam iqtisadiyyatına ziddir.

  • Qumar və şans oyunlarının qadağan olunması – sadəcə riskə və təsadüfə əsaslanan qazanc yolları haram sayılır.

Tələblər (Pozitiv prinsiplər):

  • Sosial ədalətin təmin edilməsi – infaq, zəkat və sədəqə kimi anlayışlar cəmiyyətin iqtisadi tarazlığını təmin edən əsas mexanizmlərdir.

  • Əmək və istehsal münasibətləri – işçi, işəgötürən və sahibkar arasındakı münasibətlər ədalət və əxlaq prinsipləri ilə tənzimlənməlidir.

  • İstehlakda ölçülülük – israfdan çəkinmək və halal qazanc prinsiplərinə riayət etmək əsasdır.

Digər dini elmlərdə olduğu kimi, İslam iqtisadının da əsas qaynaqları Qurani-KərimSünnədir. Bununla yanaşı, müasir dövrdə İslam iqtisadını dərindən anlamaq üçün üç dayağa söykənmək vacib sayılır:

  1. Fiqh ədəbiyyatı – Qur’an və Hədisə əsaslanan hüquqi çərçivə;

  2. İqtisad elmi – anlayışın “iqtisadiyyat” hissəsini mənimsəmək üçün müasir iqtisadi nəzəriyyələri bilmək;

  3. İslam iqtisadiyyatının tarixi – keçmişdə formalaşmış düşüncə və təcrübə bu gün üçün zəngin bir təməl yaradır.

İslam iqtisadı bu gün yalnız iqtisadi sistem deyil, həm də dəyərlər və məqsədlər üzərində qurulmuş bir dünyagörüşüdür. O, iqtisadi fəaliyyətin mərkəzinə insanın məsuliyyətini, Allah qarşısında hesabat verə bilən bir varlıq olmasını və sosial ədalətin qorunmasını yerləşdirir.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...