Qurani-Kərimin günümüzə qədər müxtəlif mənalarda şərh olunması və hər dövrdə yeni məna qatlarının ortaya çıxması İslam düşüncəsində mühüm yer tutur. Çünki Qurani-Kərim, bir dəfə nazil olmuş olsa da, onun mənaları hər zaman yenidən dərk olunmağa açıqdır. Bu, onun sözün əsl mənasında canlı və tükənməz bir kitab olduğunu göstərir.
Qurani-Kərimin Şərh Çeşidliyinə Yol Açan Başlıca Səbəblər:
-
Ümumbəşəri və Zamanüstü Xitab
Qurani-Kərim konkret bir zaman və hadisələr fonunda nazil olsa da, yalnız o dövrün deyil, bütün zamanların insanlarına xitab edir. Bu xüsusiyyətinə görə, Quranın təfsiri hər dövrdə davam etmişdir və edəcəkdir. -
Zamanla Ayaqlaşan Anlayış Səyi
Zaman dəyişir, insanlar, cəmiyyətlər və həyatın şərtləri dəyişir. Quran isə eyni qalır, amma onu dərk etmə və izah etmə tərzi hər dövrə uyğun olaraq yenilənir. Bu dəyişiklik Qurani dəyişmək anlamına gəlmir, əksinə, Onun hər dövr üçün ən doğru şəkildə anlaşıla bilməsi üçün göstərilən səydir. -
Quranın Daimi Gəncliyi
Zaman keçdikcə dünya qocalsa da, Quran öz təzəliyini qoruyur. Onun mesajı tükənmir, ruhu solmur. Buna görə də yeni şərhlər və izahlar, əksinə, Quranın canlı və təsiredici qalmasının bir göstəricisidir. -
Qurani-Kərimin Təfsirə Açıq Üç Əsas Cəhəti:
-
Əbədi Olması: Allahın kəlamı olaraq Quran heç vaxt köhnəlməz, bu isə daim yeni anlamların ortaya çıxmasına zəmin yaradır.
-
Ədəbi Olması: Quran yalnız ilahi bir kitab deyil, eyni zamanda bənzəri olmayan bir ədəbi sənətdir. Onun ifadə gücü, dili və bəlağəti daim öyrənilməyə və izah edilməyə layiqdir.
-
Ədəbli Olması: Quran hətta ən ağır məsələlərdən danışarkən belə nəzakətli və ölçülü bir dil istifadə edir. Bu ədəblilik, onu oxuyan və izah edənlər üçün daim bir cazibə yaradır.
-
-
Fərqli Səviyyələrə Xitab Etməsi
Quran həm dağ başında çobanlıq edən bir insana, həm də elmi mühitdə çalışan bir alimə eyni ilahi xitabla səslənir. Ancaq bu xitabı anlama və izah etmə səviyyəsi, təbii olaraq hər kəsdə fərqli olur. Məsələn, doğuşla bağlı bir ayəni bir qadın doğum həkiminin şərhi ilə bu sahədə məlumatı olmayan bir insanın şərhi eyni ola bilməz. Bu səbəbdən, fərqli elm sahələrindən mütəxəssislərin bir araya gəlib Quran üzərində ortaq iş görməsi olduqca əhəmiyyətlidir.
Quranı şərh etmək, hər kəsin istədiyi kimi fikir yürütməsi anlamına gəlmir. Quran üzərində danışan, yazan şəxsin bu sahədə elmi təməli və metodoloji yanaşması olmalıdır. Peyğəmbərimizin (s.ə.s) “Quran haqqında cahilcə danışan kəs, Cəhənnəmdəki yerinə hazırlaşsın” (Tirmizi, Əbu Davud) şəklindəki xəbərdarlığı, bu məsələdə elmi hazırlıq və məsuliyyətin nə qədər vacib olduğunu göstərir. Bir təfsirin düzgün olması üçün aşağıdakılara diqqət yetirilməlidir:
-
Quranın bütöv ruhuna və məqsədinə uyğun olmalıdır;
-
Peyğəmbərimizin (s.ə.s) Quranı izah etdiyi şəkildə olmalıdır;
-
Səhabələrin anlayışına zidd olmamalıdır;
-
Əgər əsas məsələlərdə bir ortaq baxış varsa və metodoloji yanaşma qorunursa, fərqli şərhlərin olması heç də problem deyil, əksinə zənginlik sayılır.
Tarix boyunca yazılmış yüzlərlə təfsir əsəri – istər rəvayət əsaslı (məsələn, Təbəri, Suyuti), istər əqli-dirayət yönlü (Beydavi, Razi), istər işari-sufi təfsirlər (Tüstəri, Süləmi, Quşeyri) – müxtəlif elmi prizmalarla Qurani-Kərimi anlamağa çalışmışdır. Bu da göstərir ki, hər bir müfəssir, öz elmi və anlayış səviyyəsinə görə Qurana yanaşmış və öz fikrini ortaya qoymuşdur.
Heç bir alim, yazdığı təfsirin artıq başqa izaha ehtiyac qoymayacağını iddia etməmişdir. Bu da onu göstərir ki, Quranı anlama prosesi bitmiş deyil, daim yenilənməyə və izaha açıqdır. Bugünkü dövrdə isə, Quranın müxtəlif sahələrə toxunan ayələrini şərh edərkən, fərqli elmi ixtisaslardan olan mütəxəssislərin birlikdə işləməsi daha da zəruridir. Məsələn, bir doğum həkimi, mövzu ilə bağlı ayələri şərh edərkən, din elmlərində təcrübəli bir mütəxəssislə əməkdaşlıq etməli, eyni zamanda bir təfsirçi də tibbi məsələləri izah edərkən sahə üzrə mütəxəssislərdən bilgi almalıdır. Bu cür qarşılıqlı əməkdaşlıq, daha dəqiq, daha dərin və daha faydalı nəticələrin ortaya çıxmasına səbəb olar. Qurana göstərilən hər bir səmimi zəhmət, istər fərdi, istər kollektiv şəkildə olsun – həmişə hörmətə və qiymətə layiqdir.
Hiç yorum yok:
Yorum Gönder