13 Kasım 2025 Perşembe

Mal Qavramı və Sinifləndirilməsi | İslam İqtisadiyyatının Fiqhi Əsasları - 6

İslam hüququnda “mal” anlayışı, xüsusilə əşya hüququnun əsas sütunlarından biridir. Hər hansı bir varlığın hüquqi baxımdan mal sayılıb-sayılmaması, bir çox hüquqi nəticələr doğurur. Bir şeyin “mal” kimi qəbul olunması onun iqtisadi dəyər daşıması, hüquq tərəfindən qorunması, mülkiyyət mövzusu ola bilməsi, mirasla keçməsi və hüquqi əməliyyatlara əsas ola bilməsi deməkdir. İslam hüquq məktəbləri bu anlayışı fərqli şəkildə izah etmişlər. Əsas iki yanaşma Hənəfi alimlərinədigər fiqh məktəblərinə məxsusdur.

1. Hənəfi məzhəbi xaricindəki alimlərə görə

Onlara görə mal — insanın sahibliyi (zilyətliyi) altına alına bilən və ondan faydalanmaq mümkün olan şeydir.

Əsas meyarlar:

  • Zilyətlik (hiyazət) şərti: İnsan sahibliyinə götürə bilmədiyi şeylər (məsələn, hava, günəş işığı) hüquqi baxımdan mal sayılmır.

  • Faydalanma (intifa) şərti: Ya fiziki, ya da dini baxımdan istifadəsi mümkün olmayan şeylər (məsələn, içki, donuz, qan, leş) “mal” anlayışına daxil edilmir.

  • Mənfəət (istifadə hüququ): Bu tərifdə “depolanma” şərti yoxdur, yəni yalnız fiziki əşyalar deyil, bir əşyanın istifadəsindən doğan faydalar da mal hesab edilir. Buna görə də, bu yanaşmaya əsasən mənfəətlər də maddi mallar kimi təzminata mövzu ola bilər.

2. Hənəfilərə görə

Hənəfi alimləri “mal”ı bir qədər fərqli və daha etimoloji əsasla tərif etmişlər:

“Mal — insan təbiətinin meyl etdiyi və ehtiyac zamanı depolanması mümkün olan şeydir.”

Bu tərifin əsas cəhətləri:

  • İnsan təbiətinin meyli: Malın iqtisadi dəyəri olmalı və insanın ona marağı yönəlməlidir. Hənəfilər burada “insan” anlayışını yalnız müsəlmanlarla məhdudlaşdırmamış, qeyri-müsəlmanların da meyl etdiyi varlıqları (məsələn, şərab, donuz və s.) “mal” kimi qəbul etmişlər. Bu, həmin dövrdə müxtəlif dinlərin birlikdə yaşadığı və ticarət etdiyi sosial mühitlə bağlıdır.

  • Depolanma (iddixar): Hənəfilərə görə, bir şeyin mal sayılması üçün depolanmağa və saxlanmağa yararlı olmalıdır. Buna görə də mənfəətlər (məsələn, evdən istifadə hüququ) prinsipal olaraq “mal” sayılmır və təzminata mövzu olmaz, yalnız müəyyən istisnalar (vəqf, yetim malları və gəlir məqsədli əmlaklar) nəzərə alınır.

Hənəfilər “mal” anlayışını genişləndirməklə yanaşı, Müsəlman üçün dini baxımdan istifadəsi halal olan malları ayrıca “mütəqavvim mal” adlandırmışlar.

Tərif:
Mütəqavvim mal — dinin istifadəsinə icazə verdiyi (mübah) və hüquq tərəfindən qorunan maldır.

Növləri:

  1. Heç bir halda mal sayılmayanlar: Azad insan, zərərverici həşərat, qan, leş və s.

  2. Mal sayılanlar:

    • Mütəqavvim mallar: Məsələn, ev, torpaq, avtomobil, telefon və s. Bunlar hüquqi baxımdan tam dəyərli sayılır, mülkiyyət mövzusu ola bilir, mirasla keçir və qorunur.

    • Qeyri-mütəqavvim mallar: Şərab və donuz kimi varlıqlar, Hənəfi tərifinə görə “mal” sayılsa da, müsəlman üçün istifadəsi haram olduğuna görə yalnız çox məhdud hallarda (məsələn, mirasla keçmə və ya batil alış-verişin nəticəsində) hüquqi təsir doğurur. Bu mallara zərər verildikdə təzminat öhdəliyi yaranmır.

Malın digər əsas təsnifatları

1. Misli və qeyri-misli mallar

Bu bölgü, malların bir-birini əvəz edib-edə bilməməsinə əsaslanır.

  • Misli mallar: Öz aralarında fərq yaratmayan, eyni növ və keyfiyyətdə olan mallardır (məsələn, pul, buğda, kitab, telefon). Bu mallar adətən çəki, həcm və ya say ilə ölçülür.

    • Hüquqi nəticə: Artıqlıq faizi (ribəl-fəzl) yalnız bu cür mallarda baş verir. Təzminat eyni mal ilə (misli ilə) qaytarılır.

  • Qeyri-misli (qıyami) mallar: Öz növləri arasında fərq daşıyan mallardır (məsələn, heyvanlar, xalçalar, rəsmlər).

    • Hüquqi nəticə: Bərabərlik mümkün olmadığı üçün riba tətbiq olunmur, zərər olduqda təzminat qiymət əsasında hesablanır.

2. İstifadə olunan və istehlak edilən mallar

  • İstifadə olunan mallar: Dəfələrlə istifadə edilə bilən əşyalardır (məsələn, kitab, avtomobil, stəkan).

    • Hüquqi baxımdan bu mallar ariyət (müvəqqəti istifadə) müqaviləsi ilə verilir və əmanət hesab olunur; qəsd və ya səhlənkarlıq olmadıqca təzminat tələb edilmir.

  • İstehlak edilən mallar: Bir dəfə istifadə olunduqda tükənən əşyalardır (məsələn, su, pul, ərzaq).

    • Bu mallar qarz (borc) müqaviləsi ilə verilir və məsuliyyət borc alanda olur; mal itərsə belə, qaytarılmalıdır.

3. Daşınan və daşınmaz mallar

  • Mənkul mallar: Fiziki quruluşu pozulmadan bir yerdən digər yerə daşına bilən mallardır.

  • Qeyri-mənkul (daşınmaz) mallar: Köçürülməsi üçün fiziki dəyişiklik tələb edən, əsasən torpaqla bağlı əşyalardır.

Hüquqi nəticələr:

  • Şüfa (ön alım) hüququ yalnız daşınmaz əmlaklarda tətbiq olunur.

  • Vəqf – daimi olması tələb edildiyi üçün, əsasən daşınmaz əmlak üzərində təsis edilir.

  • Satışdan əvvəl təslim (qabz): Mənkul mal təhvil alınmadan üçüncü şəxsə satıla bilməz, lakin daşınmaz əmlaklarda bu mümkündür.

  • İrtifaq hüquqları (məsələn, keçid, su yolu) yalnız daşınmaz əşyalar üzərində yaranır.

4. Ayn (maddi varlıq) və deyn (borc, öhdəlik)

  • Ayn: Xarici aləmdə mövcud olan və müəyyənləşdirilə bilən əşyalardır (məsələn, ev, kitab). Bu mallar üzrə mülkiyyət sahibi istənilən şəxsə qarşı malın qaytarılması üçün iddia qaldıra bilər.

  • Deyn: Maddi varlığı olmayan, lakin borc münasibətində mövcud olan alacaqdır (məsələn, təhvil olunmamış 1000 manat borc).

    • Hüquqi nəticə: İslam hüququnda alacaqların satılması, ümumiyyətlə, “qərar” (risk) səbəbilə qadağandır; lakin bəzi məhdud istisnalar mövcuddur. Deyn, təhvil alınmadan (yəni borc ödənmədən) paylaşdırıla bilməz.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...