Fəqihlər borcun quruluşunu və mənbələrini izah edərkən üç əsas məsələyə diqqət çəkirlər: tərəflər, mövzu və səbəb. Borcun mənbələri isə hüquqi əməl, hüquqi hadisə və qanundur. Hüquqi əməl bəzən tək tərəfli (məsələn, nəzir, cüalə və s.), bəzən isə iki tərəfli olur ki, bu ikinci növ əqd (müqavilə) adlanır. Bir əqdin hüquqi nəticə doğurması üçün iki əsas şərt toplusu yerinə yetirilməlidir:
-
Quruluş şərtləri (iniqad şərtləri) – əqd bu şərtlərlə tam formalaşır və hüquqi varlıq qazanır.
-
Keçərlilik şərtləri (səhhət şərtləri) – əqdin şəri baxımdan etibarlı və hökmlü olması üçün lazımi şərtlərdir.
Əgər əqd bütün əsas ünsürləri ilə tam qurulubsa, o münaqid (yəni düzgün şəkildə yaranmış) sayılır. Lakin quruluş tamam olsa da, şəri baxımdan qüsur varsa, bu zaman əqd fasid (qüsurlu, natamam) hesab olunur.
Əqdlər quruluş və keçərlilik baxımından üç əsas kateqoriyaya bölünür:
1. Səhih əqd, 2. Batil əqd, 3. Fasid əqd.
Əgər əqdin əsas quruluş şərtlərində çatışmazlıq varsa, bu əqd batil, yəni hüquqi baxımdan “yox” sayılır.
Əsas xüsusiyyətləri:
-
Batil əqd heç bir hüquqi nəticə doğurmaz. Məcəllənin ifadəsiylə: “Bəy‘i batil əsla hökm ifadə etməz.”
-
Belə bir əqd mülkiyyətin keçməsinə səbəb olmaz.
-
Məsələn, ağlı çatmayan və ya tam hüquq qabiliyyəti olmayan bir uşağın mal satması batil əqddir, çünki tərəf şərti pozulub.
-
Əgər batil bir əqd nəticəsində mal qarşı tərəfə təhvil verilmişsə (qabz edilmişsə), o mal həmin şəxsin əlində əmanət hökmündə sayılır. Yəni mal tələf olsa belə, alıcı zərəri ödəmək məcburiyyətində deyil.
Əgər əqd quruluş baxımından düzgün formalaşıb, lakin keçərlilik (səhhət) şərtlərində qüsur varsa, bu zaman əqd fasid adlanır.
Əsas xüsusiyyətləri:
-
Fasid əqd, səhih əqd kimi nəticə doğurmaz.
-
Lakin Məcəlləyə görə, fasid əqd təhvil (qabz) baş verdikdən sonra nəticə doğura bilər: “Bəy‘i fasid indəl-qabz nafiz olur.”
-
Belə əqddə mülkiyyət yalnız təhvil baş verdikdə keçmiş sayılır.
-
Əgər fasid əqdlə alınan mal tələf olsa və tərəflər razılığa gəlməsələr, alıcı satıcıya ya malın mislini (əgər misli maldırsa) və ya dəyərini (qiymətini) ödəməlidir.
Fasid əqd adətən səhhət şərtlərindəki qüsurlardan irəli gəlir. Əsas halları belə ümumiləşdirmək olar:
-
Qeyri-müəyyənlik və çəkişmə doğuran hallar:
Məsələn, “bu sürüdən bir qoyun satıram” demək – hansı qoyun olduğu dəqiqləşmədiyi üçün anlaşılmazlıq və mübahisə yaradır. -
Mövzunun qeyri-müəyyənliyi (ğarar):
Satılan şeyin dəqiq müəyyən edilməməsi. Məsələn, hələ doğulmamış heyvanın, ya da ağacdakı yetişməmiş meyvənin satılması. -
Fasid şərt (əqdi pozan şərt):
Əqd tərəflərindən birinə əsassız və qarşılıqsız üstünlük verən, qarşı tərəfin zərərinə olan şərtlər.
Fəqihlər ribanı (faizi) adətən fasid əqd mövzusunda müzakirə edirlər, çünki faiz qadağası məhz fasid bir şərtin nəticəsidir. Riba – qarşılıqlı əqdlərdə bir tərəfin əsassız və şərtli şəkildə əlavə qazanc əldə etməsidir. Yəni bir növ “artıq dəyər”in qarşılıqsız şərt kimi qoyulmasıdır.
Ribanın növləri:
-
Ribəd-dəyn (Cahiliyyə faizi):
Borc vaxtında ödənmədikdə əlavə məbləğ qoymaqla borcu artırmaq. Bu, Quranda qəti şəkildə qadağan edilmiş və icma ilə haram sayılmışdır. -
Ribəl-əqd (əqd zamanı faiz):
a) Ribəl-fəzl (artıq faiz): Eyni cins malların dəyişdirilməsində əlavə miqdar istəmək. Məsələn, 1 kq buğdaya qarşılıq 1,5 kq buğda.
b) Ribəl-nəsiyə: Eyni cins malların gecikməklə dəyişdirilməsi. Hədisə görə, altı əsas mal (qızıl, gümüş, buğda, arpa, xurma, duz) eyni cinslə dəyişdirilərkən bərabər və dərhal (nağd) olmalıdır (bunları əvvəlki yazılarda qeyd etmişdik).
Fəqihlərə görə, pulun kirayə verilməsi məntiqə uyğun deyil, çünki pul ev və ya torpaq kimi istifadə olunaraq dəyərini qoruyan bir şey deyil — pul istifadə olunanda xərclənir.
Faizin qadağasının əsas fəlsəfəsi külfət (risk) və nemət (gəlir) arasındakı tarazlığa əsaslanır.
-
Məsələn, icarə əqdində ev sahibi evin zərərinə cavabdehdir, kirayəçi isə sadəcə istifadə haqqı ödəyir.
-
Amma borc münasibətində, pulu alan şəxs bütün məsuliyyəti üzərinə götürür.
-
Buna görə, fiqh prinsipi belədir: “Külfət kimdədirsə, gəlir də ondadır.” Risk daşımadan qazanılan gəlir halal sayılmır.
Bəzi məsələlərdə fiqh və müasir iqtisadi sistem fərqli mövqe tutur:
-
Vadə fərqi: Müasir iqtisad bunu faiz kimi qəbul edir, fiqhdə isə bu, caiz sayılır. Məsələn, bir telefonun nağd 1000 manata, vadə ilə (kredit ilə) 1200 manata satılması fiqhə görə faiz deyil (faiz gəlməmək şərti ilə).
-
Erkən ödəniş endirimi: Müasir sistem bunu da faiz sayır. Fiqhə görə isə, əgər bu əvvəlcədən şərt qoyulmayıbsa, endirim caizdir.
-
Könüllü artım: Borc ödəyən şəxs razılığı ilə hədiyyə versə, bu caizdir; lakin bu, əvvəlcədən şərt edilməməli və vərdiş halını almamalıdır, həmçinin alan tərəf belə bir gözləntidə olmamalıdır.
İslam hüququnda əqd və borc münasibətləri həm hüquqi, həm də mənəvi məsuliyyət üzərində qurulub. Əqdlərin düzgün və ədalətli şəkildə qurulması, iqtisadi ədalətin və cəmiyyət etimadının qorunmasının əsas təməlidir.
Hiç yorum yok:
Yorum Gönder