İslam iqtisadiyyatının özünəməxsus xüsusiyyətlərindən biri ticarətdə risk və qazanc arasında ədalətli tarazlığın qorunması prinsipidir. Bu prinsipə görə, bir insan qazanc əldə etmək istəyirsə, həmin qazancı mümkün edən riskləri də öz üzərinə götürməlidir. Bu, İslam hüququnun dərin köklərinə söykənən bir qaydadır və məqsədi ticarət münasibətlərinin ədalət və haqqaniyyət əsaslarında aparılmasını təmin etməkdir.
İslam hüququnda risk və qazanc arasındakı tarazlıq müxtəlif fiqhi qaydalarla dəstəklənir. Bu qaydalar təkcə fiqh kitablarında deyil, həm də Məcəllə-i Əhkami-Ədliyyə kimi hüquqi mənbələrdə də yer alır. Əsas qaydalar bunlardır:
-
“Nə qədər zəhmət, o qədər nemət.”
-
“Kar, zərərə qatlanmaq qarşılığındadır.” (Əl-ğunm bil-ğurm)
-
“Zərərə cavabdeh olan qazanca da sahib olur.” (Əl-hacü bidamən)
Bu prinsiplər aydın şəkildə göstərir ki, kim qazanc istəyirsə, eyni zamanda zərər ehtimalına da hazır olmalıdır. Riski başqalarının üzərinə ataraq yalnız mənfəət əldə etməyə yönəlmək, İslam iqtisadiyyatının məqsəd qoyduğu ədalət prinsipinə ziddir.
Bu prinsip İslam hüququnda bir çox müqavilə və iqtisadi münasibətin quruluşuna yön verir. Ortaqlıqda heç bir tərəf digərinə qazancı və ya sərmayəni zəmanət edə bilməz. Ticarətin təbiətində həm qazanmaq, həm də uduzmaq var. Əgər bir ortaqlardan biri “Zərər olsa, mən qarşılayacam” və ya “Hər halda sənə müəyyən qazanc verəcəm” deyirsə, bu, artıq risk-qazanc balansını pozur və ortaqlığı faizli borc münasibətinə çevirir. Ortaqlar yalnız qəsd, səhlənkarlıq və ya təxribat hallarında bir-birinə cavabdeh ola bilər; əks halda, onlar “əmin” – yəni etibarlı və əmanətçi statusundadırlar.
Sərmayə sahibi (müvəkkil) pulunu iş bilən bir şəxsə (vəkilə) idarə etmək üçün verə bilər. Burada da vəkil “əmin” sayılır. Əgər o, qəsdən və ya səhlənkarlıqla zərər vurmayıbsa, itkiyə müvəkkil özü dözməlidir. Vəkilə “zərər olsa, sən qarşılayacaqsan” kimi şərt qoymaq, qazancın riski paylaşmadan əldə olunması deməkdir – bu isə artıq faiz (riba) mənası daşıyır və İslam hüququnda qadağandır.
İmam Malik bir hadisə nəql edir: Hz. Ömərin (r.a) oğulları Kufə valisi Əbu Musa əl-Əşaridən dövlət xəzinəsinə aid böyük bir məbləği Mədinəyə aparmaq üçün götürürlər. Vali onlara bu pulu “əmənət” deyil, borc (qərz) kimi verir. Yolda onlar bu pulu işlədib qazanc əldə edirlər. Mədinəyə çatanda Hz. Ömər həm əsas məbləği, həm də qazancı geri istəyir və bildirir ki, qazanc dövlətin pulu hesabına qazanılıb. Oğulları isə etiraz edir: “Əgər bu pul yolda itmiş və ya batmış olsaydı, biz məsuliyyət daşıyacaqdıq. Deməli, riski biz götürmüşüksə, qazanc da bizim haqqımızdır.” Nəticədə səhabələrin razılığı ilə qərara alınır ki, bu münasibət mudarabə (əmək və sərmayə ortalığı) kimi qiymətləndirilsin və qazanc bölüşülsün. Bu hadisə bir daha göstərir ki, risk olmadan qazanc halal sayılmır.
Faiz sistemində borc verən şəxs heç bir riski öz üzərinə götürmür. Borcu alan insan zərər çəksə belə, borc verən həm əsas pulu, həm də əvvəlcədən müəyyən olunmuş faiz məbləğini tələb edir. Yəni bütün risk borc alanın, amma qazanc borc verənin payına düşür. Bu, risk və qazanc balansını tam şəkildə pozur. Məhz buna görə faizli əməliyyatlar İslam hüququnda ədalətsiz və haram sayılır.
Hiç yorum yok:
Yorum Gönder