13 Kasım 2025 Perşembe

Mülkiyyət | İslam İqtisadiyyatının Fiqhi Əsasları - 2

İslam iqtisadı, müasir dövrün iqtisadi məsələlərinə yanaşarkən, mövcud sistemlərə qarşı çıxmaq və ya onlara meydan oxumaq məqsədi daşımır. Əksinə, bu sahə daha çox hazır iqtisadi təcrübələrdə müşahidə olunan ədalətsizliklərə və bərabərsizliklərə qarşı, İslamın ədalət və haqqaniyyət ruhuna uyğun alternativ həll yolları təqdim etməyə çalışır. Həzrət Peyğəmbər (s.ə.s.) də cəmiyyətə gəldiyi dövrdə, mövcud ənənələri tamamilə rədd etməmiş, içərisində yaxşı olanları qorumuş (ibqa etmiş), ədalətsizlikləri aradan qaldırmış, bəzi hallarda isə yanlış yönləri düzəldərək onları İslamın ədalət prinsiplərinə uyğunlaşdırmışdır. İslam iqtisadı da bu yanaşmanı özündə əks etdirir: yəni inkar və dağıtma deyil, islah və yenidən qurma prinsipi.

İslam iqtisadını digər iqtisadi sistemlərdən fərqləndirən əsas prinsiplər bunlardır:

  • Faizin haramlığı — yəni kapitalın zəhmətsiz gəlir mənbəyinə çevrilməsinin qadağan edilməsi;

  • Risk və qazanc arasında tarazlıq — mənfəətin yalnız məsuliyyət və risklə birgə əldə edilə bilməsi;

  • Mülkiyyətə xüsusi baxış — insanın sahiblik haqqını tanımaqla yanaşı, onu sosial məsuliyyətlə məhdudlaşdırmaq.

Mülkiyyət anlayışı həm hüququn, həm siyasətin, həm də fəlsəfənin mərkəzi mövzularındandır. Hüquqi baxımdan mülkiyyət, şəxsin müəyyən bir əşya üzərində tam hakimiyyət sahibi olması, ondan istifadə və sərəncam hüququna malik olması deməkdir. Tarix boyu mülkiyyətin mahiyyəti və ideal forması barədə müxtəlif baxışlar irəli sürülüb. Platon, şəxsi sahibliyi rədd edərək ortaq mülkiyyəti və ümumi istifadəyə açıq bir sistemi müdafiə edib. Aristotel isə bunun əksinə olaraq, xüsusi mülkiyyətin insan təbiətinə daha uyğun olduğunu qeyd edib və kollektiv mülkiyyəti utopik bir fikir kimi qiymətləndirib.

İslam iqtisadında xüsusi mülkiyyət əsas prinsip sayılır. Qurani-Kərimdəki “İnsana yalnız çalışdığının qarşılığı vardır” (Nəcm, 39) ayəsi, insanın əməyinə uyğun mülkiyyət haqqına sahib olduğunu göstərir. Eyni şəkildə miras, ticarət və borc kimi mövzular da fərdi mülkiyyətin tanındığını sübut edir. Lakin bu sahiblik kapitalist sistemdə olduğu kimi məhdudsuz deyil. İslam xüsusi mülkiyyəti tanımaqla yanaşı, onun həm mənşəyi, həm istifadə forması, həm də ictimai nəticələri baxımından bir sıra məhdudiyyətlər müəyyənləşdirir.

1. Mülkiyyətin Qazanılması: Qanuni Yollar

İslam hüququna görə mülkiyyət yalnız halal və qanuni yollarla qazanıla bilər. Əsas qazanma yolları bunlardır:

  • Miras – insanın ölümündən sonra malının qanuni varislərə keçməsi;

  • Əqdlər (müqavilələr) – alış-veriş, icarə, hədiyyə və s. kimi hüquqi əməliyyatlar;

  • İhraz – təbiətdə sahibsiz qalan malların (məsələn, ov, balıq, meyvə və s.) sahiblik altına alınması.

Fırıldaq, qumar, rüşvət və ya mənfəət məqsədli qeyri-etik yollarla qazanılan mülkiyyət isə haram sayılır.

2. İstifadə və İdarəetmə: Əmanət Şüuru

İslam iqtisadında mülkiyyətin mahiyyəti “tam sahiblik” deyil, əmanətçilik kimi dəyərləndirilir. Yəni insan sahib olduğu malın həqiqi sahibi deyil, onun müvəqqəti qoruyucusudur. Buna görə də sərvət israfla xərclənə, zərərli sahələrdə istifadə oluna bilməz.

3. Sosial Məsuliyyət və İctimai Haqq

İslamda sərvət yalnız fərdi deyil, ictimai məsuliyyət də doğurur. “Onların mallarında dilənçinin və ehtiyacı olanın haqqı vardır” (Zəriyət, 19) ayəsi bu məsuliyyəti açıq şəkildə ifadə edir. Bu baxımdan, zəkat bir sədəqə deyil, fəqir və ehtiyac sahiblərinin haqqıdır. Beləliklə, sərvət tək bir zümrənin əlində toplanmır, cəmiyyətin iqtisadi dövriyyəsinə daxil olur.

Kollektiv Mülkiyyətin Yeri 

İslam xüsusi mülkiyyəti əsas prinsiplərdən biri kimi qəbul etsə də, ictimai fayda da nəzərə alınır. Faydalı və ümumi istifadəyə açıq olan resursların — məsələn, su, enerji, yollar, dənizlər və yeraltı sərvətlərin — tək bir şəxsin mülkiyyəti altına alınması doğru sayılmır. Həzrət Peyğəmbərin (s.ə.s.) “İnsanlar üç şeydə ortaqdırlar: suda, atəşdə və otlaqda” (Əbu Davud) hədisi bu yanaşmanın əsasını təşkil edir.

  • Su: Şəxsi ərazidə belə olsa, onun ümumi istifadəyə qapadılması doğru sayılmır.

  • Atəş: Müasir dövrdə enerji mənbələri (neft, qaz və s.) bu çərçivəyə daxil edilir.

  • Otlaq: Öz-özünə bitən və xüsusi zəhmət sərf edilməyən bitkilərdən insanlar yararlana bilər.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...