Dilimizdə son illər "rutin" sözü, əvvəl “adət” və ya “alışqanlıq” dediyimiz anlayışların yerini almağa başlayıb. Əslində “adət” həm şəxsi həyatda, həm də cəmiyyətin içində uzun illər formalaşmış davranışların adıdır. Bu mənada rutin həyatımıza nizam verən təbii bir çərçivədir, amma eyni zamanda “Bizi sıxırmı?”, “Robotlaşdırırmı?”, “Alışqanlıqlarımızın əsirinə çevrilirikmi?” kimi suallar da onun gündəlik həyatda hansı mövqedə dayandığını müəyyənləşdirir.
Rutin və ya adət anlayışı İslam düşüncəsində sadəcə gündəlik həyatla bağlı bir termin deyil, dərin metafizik bir mübahisənin də mərkəzində durur. Bu mübahisə əsasən aləmdəki hadisələrin ardıcıllığında həqiqi səbəb-nəticə əlaqəsinin olub-olmaması üzərində qurulub.
Kəlamçılar kainatda mütləq və dəyişməz səbəb-nəticə qanununun olduğunu qəbul etmirlər. Məşhur misalda deyildiyi kimi, “atəşin pambığı yandırması” onların nəzərində zəruri bir əlaqə deyil. Biz sadəcə hadisələri ard-arda gördüyümüz üçün beynimiz bu iki hal arasında səbəb-nəticə olduğunu zənn edir. Bu yanaşmaya görə kainatda işlər səbəb-nəticə ilə yox, Allahın adəti ilə – Adətullahla baş verir. Allah (c.c) müəyyən hadisələri davamlı şəkildə bir-birinin ardınca yaratdığı üçün biz bunu qanun kimi qəbul edirik. Amma istədiyi an bu ardıcıllığı pozması da mümkündür. Möcüzə və kəramət dediyimiz hadisələr də məhz bu ilahi adətin dəyişdiyi anları ifadə edir. Burada qeyri-adi hadisəni yaradan peyğəmbər və ya vəli deyil, birbaşa Allahdır.
Fərabi, İbn Sina, İbn Rüşd kimi İslam filosofları isə tam əksini müdafiə ediblər. Onlara görə duyğular ardıcıllığı görür, amma ağıl həmin ardıcıllığın arxasında bir zərurət olduğunu anlayır. Bir şeyin daim eyni nəticəni verməsi təsadüfi deyil; bu iki hal arasında zorunlu bir əlaqə var. Filosofların dünyasında hadisələr səbəb-nəticə ilə baş verir və bu zərurət aləmin quruluşundan irəli gəlir.
Bu metafizik mübahisə əslində bizim gündəlik vərdişlərimizi daha yaxşı anlamağımıza da kömək edir. Çünki insanın və cəmiyyətin həyatındakı adətlər bir anda yaranmır – onlar pillə-pillə formalaşır. İnsanın şəxsi vərdişlərinin böyük hissəsi onun öz yaradıcılığı deyil; içində doğulub böyüdüyü mədəni mühitdən gəlir. Xalqların, ailələrin, tayfaların yüzillər, hətta minillər boyu qoruduğu davranış nümunələri zamanla ənənəyə, daha sonra törə və qaydaya çevrilir. Bu köklü adətlər təkcə bir davranışı deyil, bütöv bir dünya anlayışını da daşıyır.
Gündəlik həyatımızda bir çox davranış, əslində fərqinə varmadan tabe olduğumuz adətlər üzərində quruludur. Evliliklə bağlı mərasimlər – gəlinin geyimi, qız istəmə adəti, toyun təşkili, süfrə qaydaları və sair – hamısı bir növ simvolik rutindir. Bu simvollar olmasa, həmin mərasimləri tamamlamaq belə çətinləşərdi.
Hiç yorum yok:
Yorum Gönder