Qorxu, insanın yaşadığı ən təməl hisslərdən biridir. Qorxu yalnız doğuşdan gələn bir reaksiya deyil, həm də zamanla öyrənilən bir davranışdır. Təhlükə anında çəkilmək bizim təbii meylimiz olsa da, nəyin təhlükə sayılacağını həyatın içində təcrübə edərək dərk edirik.
Uzun müddət basqı altında yaşamış cəmiyyətlərdə qorxu elə bir gücə sahib olur ki, insanların düşüncəsini dumanlayır, qabiliyyətlərini sıradan çıxarır. Bu, avtoritar rejimlərin cəmiyyətə vurduğu ən dərin ziyanlardan biridir. Qorxu insanın iç dünyasında kök saldıqca riyakarlıq, yəni ikili oynamaq, sanki təbii bir refleks halına gəlir. İnsan öz gerçək siması ilə göstərdiyi sima arasında uçurum yaratmağa başlayır. Zaman keçdikcə bu “göstərilən sima” gerçək şəxsiyyətin yerini tutur, insan fərqinə varmadan bir növ bölünmüş şəxsiyyət yaşayır. Qorxunun başqa bir ağır nəticəsi də insanın öz keçmişindən çəkinməyə başlamasıdır. Bu, şəxsi həyatdan çox cəmiyyətin ortaq keçmişinə aid edilə bilər. Qorxu, zahirdə keçmişə dəyər verirmiş kimi görünməsinə baxmayaraq, içdən-içə onu dəyərsizləşdirir. Bu səbəbdən, qorxu ulvi bir məqsədə bağlanmadığı müddətcə heç vaxt gerçək mənada bir fəzilət doğurmur.
Əksəriyyət qorxunun insanı geri çəkdiyini düşünür, lakin qorxu zaman-zaman qəzəbi və hətta təcavüzü də doğura bilir. Qorxunun ən təhlükəli nəticələrindən biri də nisbətsiz, ölçüsüz aqressiyanı ortaya çıxarmasıdır. Keçmişin məzlumları gələcəyin cəlladına çevrilə bilər. Bunun səbəbi təkcə qorxu deyil; uzun müddət zülmə məruz qalan insan qəddarlığın nə olduğunu, necə tətbiq edildiyini öyrənir. Əlindən gəlmədiyi üçün etmədiyi zorakılığın bilik və xiffəti zamanla aqressiyaya çevrilir.
Məzlumun haqqını zalımdan alma prosesi, əgər düzgün yönləndirilməsə, çox asanlıqla qisas, intiqam və hətta yeni bir zülm dalğasına çevrilə bilər. Bu kimi dönüşümlərin qarşısını almaq üçün prosesi, qorxusunu və ümidini tənzimləməyi bacaran, zülmü daha yüksək prinsiplərlə təhlil edə bilmiş insanlar idarə etməlidir. Kütlələr uzun müddət təcrübədən məhrum qaldıqda, ən sadə hisslərini belə nə cür idarə etməli olduqlarını unuda bilirlər. Bu səbəbdən yaxşı niyyətlə başlanmış hərəkatlar belə bəzən böyük fəlakətlərə yol aça bilir. Qorxu da, ümid də cilovlanmadıqda insanı yanlış yönə çəkə bilər. Bu duyğu sapmalarını tarazlayan yeganə şey, ağlın ulvi idrakıdır. Hətta yaxşı hesab etdiyimiz hisslər – məsələn sevgi – belə ölçüsüz qaldıqda dağıdıcı ola bilər. Sevgidən belə qəzəb, hətta nifrət törəyə bilər. Duyğular öz halına buraxıldıqda bir-birinin ziddinə çevriləcək qədər dəyişkəndir. Ona görə də onları doğru istiqamətə yönəldən yüksək bir mənəvi qavrayışa ehtiyac var. Bu səbəbdəndir ki, qədim mədəniyyətlər insanı ya mərifətullaha, ya öz kamalına, ya da yüksək əxlaqi dəyərlərlə donanmağa səsləmişdir; çünki ancaq o zaman dünya yaşanılabilir hala gəlir.
Qurani-Kərimdə də bir çox ayədə əxlaq, qorxu və ümid (reca) üzərində izah olunur. Qur’an qorxunun fərqli tərəflərini göstərir və onun qarşısına təkcə ümidi deyil, sevgini və təslimiyyətin verdiyi aramlığı da qoyur. Təslim olmaq, mənfi bir hal deyil; əksinə, içində bir ləzzət və huzur gizlədən bir haldır.
Hiç yorum yok:
Yorum Gönder