Əvvəlcə onu deyək ki, Fazlurrahman çağdaş İslam düşüncəsində ən çox müzakirə olunan simalardan biridir. Onun həyatı və elmi fəaliyyəti həm Şərq, həm də Qərb dünyasının təsiri altında formalaşıb. Pakistanlı bir alim ailəsində doğulan Fazlurrahman, atasının təşviqi ilə elmə və xüsusilə fəlsəfəyə yönəlmiş, daha sonra İbn Sina haqqında doktorluq işi yazmışdır. Həyat yolu onu Pakistandan İngiltərəyə, oradan da ABŞ-a aparmışdır. Əyyub Xan dövründə Pakistan hökuməti tərəfindən ölkədə İslam qaydaları əsasında idarəetmə modeli qurmaq üçün rəsmi məsləhətçi kimi dəvət olunması, onun fikirlərinə həm praktik, həm də nəzəri dəyər qazandırmışdır.
Fazlurrahman üçün əsas məsələ, İslam ümmətinin yaşadığı problemləri anlamaq və onlara real, İslama uyğun həll yolları tapmaq idi. Qərb dünyası ilə tanışlığı və Pakistan təcrübəsi ona İslam cəmiyyətlərinin qarşısında duran çağdaş problemləri dərindən görmək imkanı vermişdir.
Fazlurrahmanın düşüncəsinin əsasında “dəyişmə” ideyası dayanır. O, dəyişməni təkcə zərurət deyil, həm də ilahi bir qanun kimi qəbul edirdi. Ona görə, İslam ümməti də dəyişən dövrlərin tələblərinə cavab verə bilməlidir. Lakin bu dəyişmə hər hansı xarici təzyiqin nəticəsi deyil, Qurani-Kərimdən qaynaqlanan bir intibah olmalıdır. “İslam və Müasirlik” kimi əsərlərində o, bu dəyişimin Qurani əsaslarını tapmağa və bunun üçün metodoloji bir yol təqdim etməyə çalışır.
Fazlurrahman “ikili hərəkət” adlandırdığı metodla Quranı anlamaq üçün iki mərhələli bir yol təklif edir:
-
Tarixi dönəmə qayıdış: Quranı anlamaq üçün əvvəlcə onun nazil olduğu mühit – yəni Həzrət Peyğəmbərin (sav) dövrü və həmin dövrün ictimai, siyasi, mədəni şəraiti dərindən öyrənilməlidir.
-
Ümumi prinsiplərə çatmaq: Ayələri tək-tək hökm mənbəyi kimi deyil, bir-birini tamamlayan mənalar sistemi kimi görmək lazımdır. Bu yolla ümumi və əbədi prinsiplər əldə edilir.
Beləcə, məqsəd konkret tarixi hallara aid hökmləri deyil, onların arxasındakı ilahi prinsipləri anlamaqdır.
Fazlurrahman İslam elmləri tarixində ənənəni ən çox tənqid edən alimlərdən sayılır. O, əsrlər boyu formalaşmış metodları və “dəlillər sistemi”ni (Quran, Sünnə, İcma, Qiyas) yenidən düşünməyi təklif edir:
-
Qurani-Kərim: Fazlurrahmana görə, Quran bir “tarixi mətn”dir. Ayələr ayrı-ayrılıqda hökm mənbəyi deyil, bütöv şəkildə bir prinsipin ifadəsidir. Məsələn, Həzrət Ömərin İraq torpaqlarını bölüşdürməməsi, ayələrin ruhunu və məqsədini əsas götürərək qərar verməsinin nümunəsidir.
-
Sünnə: O, sünnəni iki yerə ayırır — “mütləq sünnə” (Peyğəmbərin (sav) həyatı) və “canlı sünnə” (living sunnah). İslam cəmiyyətləri üçün əsas olan, Peyğəmbərin problemləri necə həll etdiyini göstərən və gələcək nəsillərə örnək olan bu “canlı sünnə”dir.
-
İcma: Fazlurrahmana görə, icma mütləq bir bağlayıcılıq daşımır, sadəcə istiqamət göstərə bilər.
-
Qiyas: Qiyas metodunun tarixi xarakter daşıyan ayə və hədislərə əsaslanması səbəbindən, Fazlurrahman onu müstəqil dəlil kimi görmür.
O, hüquqi dəlillərin yenidən dəyərləndirilməsində “məqasid” — yəni şəriətin əsas məqsədlərini ön plana çəkir. Hökmlərin özündən çox, bu hökmlərin qorumaq istədiyi dəyərlər (din, can, ağıl, nəsil və mal) əsas götürülməlidir. Şərait dəyişdikdə, bu məqsədlərə çatmaq üçün yeni yollar tapılmalıdır.
Ənənəvi anlayışa görə, Qurani-Kərimin hər bir sözü ilahidir. Lakin Fazlurrahman İbn Sina və Fərabi kimi filosofların təsiri ilə fərqli bir baxış ortaya qoyur: ona görə, vəhyin mənası Peyğəmbərin qəlbinə ilahi bir ilham kimi gəlmiş, lakin bu mənanı sözlə ifadə edən Peyğəmbərin özüdür. Bu baxış, Qurani-Kərimi həm ilahi, həm də tarixi bir hadisə kimi görməyə gətirib çıxarır. Belə bir yanaşma Peyğəmbərin də öz dövrünün sosial-mədəni mühitinə bağlı bir şəxs olduğunu qəbul edir. Deməli, o, ilahi mənanı öz dövrünün dili və hadisələri çərçivəsində ifadə etmişdir.
Fazlurrahman’ın yanaşması, XIX əsrdən bəri İslam dünyasında başlayan “nə üçün geri qalırıq?” sualına bir cavab kimi formalaşmış “modernist” dalğanın davamıdır. O, qurtuluşun yolunu Qurana dönməkdə görürdü. Lakin tənqidçilərə görə, onun bu cəhdi Qurani-Kərimi bir məqsədə çatmaq üçün vasitəyə çevirmək təhlükəsi daşıyırdı. Hərçənd Fazlurrahman bu yanaşmanı fəlsəfi bir obyektivlik üzərinə qurmağa çalışırdı, lakin tarixə əsaslanan bir layihənin “ümumilik” iddiası ziddiyyət doğururdu.
Fazlurrahmana görə, Quran həm tarixi, həm də əbədidir.
-
Tarixi baxımdan: Quran müəyyən hadisələr, insanlar və şərait içində nazil olmuşdur.
-
Əbədi baxımdan: İlahi hikmət, həmin hadisələr üzərindən ümumbəşəri mesajlarını bildirmişdir. Quran hadisələri “vaxtsız və məkansız” ifadə etməklə, hər dövrə xitab edə biləcək çevikliyə sahib olmuşdur.
Nəticə
Fazlur Rahmanın tarixsəl yanaşması, İslam düşüncəsində mühüm intellektual bir cəhd kimi dəyərləndirilə bilər. Lakin sual budur: bu metod İslam ümmətinin bütün problemlərinə cavab verə bilərmi? Mövcud fiqh üsulu, müəyyən islahat və inkişafla, dəyişən dövrləri anlamaq və İslami həll yolları təqdim etmək gücünə sahibdir. Eyni zamanda, Quranı və hədislərin mətnlərini “tarixi” (tarixsəl) kimi təqdim etmək, bu mövzulara dərindən bələd olmayan insanlar arasında inanc zəifliyinə və etimad sarsıntısına səbəb olur. Bu da bidət bir yoldur. Bu səbəbdən, belə fikirləri elmi çərçivədə və məsuliyyətlə müzakirə etmək zəruridir.
Hiç yorum yok:
Yorum Gönder