İslam hüququnda iqtisadi həyatın əsas hərəkətverici amillərindən biri olan mənfəət, kapital ilə əməyin birləşməsi nəticəsində ortaya çıxan artım – yəni “nəma” kimi izah olunur. Klassik mənbələrdə mənfəət anlayışı yalnız ticarətlə məhdudlaşdırılmır; sənaye, kənd təsərrüfatı və xidmət sahələrində əldə edilən hər cür legitim artımı da əhatə edir. Fiqh ədəbiyyatında bu artım muttəsil (əsas mala bitişik artım) və munfəsil (əsasdan ayrılan artım) olmaqla iki yerə bölünür. Mənfəət isə mahiyyət etibarilə əsas malın özündən törəməyən və munfəsil artım kateqoriyasına daxil edilir.
Fiqhin Bütövlüyü və Mənfəət Anlayışı
İslam hüququnda mənfəət məsələsini düzgün anlamaq üçün fiqhi parçalanmış şəkildə deyil, bütöv bir sistem kimi dəyərləndirmək lazımdır. Bu baxımdan mənfəət mövzusu yalnız ticarət və müaməlat çərçivəsində deyil, eyni zamanda zəkat, şəriklik və xüsusilə də müdarabə kimi sahələr kontekstində də nəzərdən keçirilməlidir.
Mənfəət Əldə Etmənin Şəri Əsası
İslam hüququnda mənfəətin legitimliyi birbaşa ticarətin halal buyurulması ilə əlaqəlidir (Bəqərə, 275). Mənfəət olmadan iqtisadi fəaliyyətin davamlılığı və inkişafı mümkün hesab edilmir. Fiqhi mənbələrə görə bir şəxsin mənfəət üzərində haqq iddia edə bilməsi üçün aşağıdakı üç əsasdan ən azı birinə sahib olması zəruridir:
- Sərmayə – Kapital sahibinin sərmayəsində baş verən artıma sahib çıxması təbii və hüquqi baxımdan əsaslıdır.
- Əmək – Mudarib və ya icraçı şəxs kimi əməyini ortaya qoyanların əldə etdiyi qazancdır.
- Məsuliyyət və risk – Şəxs işi birbaşa görməsə belə, onun məsuliyyətini və riskini üzərinə götürürsə, bu halda qazanc əldə etməsi legitim sayılır.
Mənfəət və Ödəniş Arasındakı Fərqlər
İslam iqtisadi düşüncəsində mənfəət ilə əmək haqqı (ödəniş) arasında aydın və prinsipial fərqlər mövcuddur:
- Müəyyənlik: Ödəniş əvvəlcədən müəyyən və sabitdir, mənfəət isə nəticəyə bağlı olaraq dəyişkəndir.
- Risk amili: Mənfəət risklə birgə mövcuddur; sermayə üzərində risk olmadan mənfəətdən danışmaq olmaz. Halbuki işçi müəyyən müddət ərzində işə hazır olduğu təqdirdə, faktiki iş görməsə belə, əmək haqqına haqq qazana bilər.
- Sərmayə ilə əlaqə: Tacir əvvəlcə sərmayəsini qoruyub saxlamalıdır ki, sonradan mənfəətdən söz açılsın.
Əmək Sahiblərinin Hüquqi Statusu: Əcir-i Xas və Əcir-i Müştərək
Əməyi ilə çalışan şəxslər fiqhdə iki əsas kateqoriyaya bölünür və onların hüquqi məsuliyyəti fərqli şəkildə qiymətləndirilir:
- Əcir-i Xas – Yalnız bir şəxsə və ya quruma bağlı şəkildə çalışan işçilərdir (məsələn, dövlət qulluqçusu, ofisiant). Bu şəxslər “əmin” sayılır; yəni qəsd və ya səhlənkarlıq olmadığı müddətcə meydana gələn zərərə görə məsul tutulmurlar.
- Əcir-i Müştərək – Dərzi, dülgər kimi hər kəs üçün işləyən müstəqil sənətkarlardır. Əslində bunlar da əmanətçi hesab edilsələr də, ictimai etimadı qorumaq məqsədilə fiqhdə istihsan yolu ilə, qəsdləri olmasa belə, təhvil aldıqları mala dəyən zərərə görə məsuliyyət daşıdıqları qəbul edilmişdir.
Hiç yorum yok:
Yorum Gönder