15 Ocak 2026 Perşembe

İnsan, Gözəllik və Həqiqət Axtarışı

İnsanın özünə baxışı sadə bir güzgü görüntüsündən ibarət deyil; bu, zamanla formalaşan, cəmiyyət, dil və münasibətlərlə yoğrulan mürəkkəb bir prosesdir. Xüsusilə gənclik dövrlərində insan özünü daha çox başqalarının gözü ilə qiymətləndirməyə meyilli olur. Güzgüdə gördüyü zahiri qüsurları, bəyənmədiyi cəhətləri dönə-dönə sual altına alır. Halbuki əgər xarici təsirlər, başqalarının fikirləri olmasaydı, insan özünə qarşı daha mərhəmətli ola bilərdi. Amma bu zaman da gözəllik haqqında sual meydana çıxmazdı. Dilin varlığı və insanın başqaları ilə qurduğu əlaqələr ona özünü müxtəlif bucaqlardan dərk etmək imkanı verir. Çünki qarşılıqlı münasibət olmadan bu cür bir dərk səviyyəsinə çatmaq mümkün olmazdı.

İlahi Gözəllik və Dərk Sərhədləri

“Allah gözəldir və gözəlliyi sevir” (Müslim) ifadəsi bizə çox tanışdır. Amma bu ifadənin arxasında, Allahın necə olduğu ilə bağlı yaranan suallara da rast gəlirik. Əslində isə ilahi varlığın bir surəti, bir şəkli ola bilməz. “Cəmal” – yəni Allahın gözəlliyi – insanlar üçün bir ümid yeridir, amma bu, heç zaman insan sifəti ilə izah edilə bilməz. Çünki Allahda bizdə olduğu kimi bir "iç" və "çöl" ayrımı yoxdur. Onunla qarşılaşmaq və ya “tamaşa etmək” yalnız bizim ona yönəldiyimiz anda və bizim idrak qabiliyyətimiz çərçivəsində mümkündür. Mütəfəkkirlər qeyd edir ki, Allahı “necə varsa, elə də” bilmək insan üçün mümkün deyil. Məsələn, Merac hadisəsində Peyğəmbərin (sav) Allahla görüşdüyü deyilsə də, əslində hər bir peyğəmbərə Allah öz “surəti” ilə deyil, onların dərk imkanlarına uyğun bir təcəlli ilə görünmüşdür. Peyğəmbərimiz də (sav) həmçinin meracda Allahı görməmişdir (qəbul olan görüşə görə). Biz, yaradılmış varlıqlar olaraq, Allahı yalnız bizə göstərildiyi qədər və bizim varlıq səviyyəmiz qədər anlaya bilərik. Onu Öz zatıyla tanımaq və ya Onun kimi olmaq insan üçün qeyri-mümkündür.

Qüsursuzluq Axtarışı və Gözəlliyin Canlı Təbiri

İnsan varlığı etibarilə daim gözəl olanı axtarır. Bu axtarış isə insanın dərk səviyyəsindən asılı olaraq fərqlənir. Əgər insanın idrakı yalnız zahiri görünüşlə məhdudlaşırsa, o zaman gözəllik yalnız bədənə və cildə yönəlir. Amma idrak dərinləşdikcə, insan gözəlliyi bir sənətkarlıqda kamilləşməkdə, bir elmdə dərinləşməkdə və ya həyat təcrübəsində mənəvi dəyərlər tapmaqda axtarır. Bu, natamam olanı tamama çatdırmaq, cəhaləti bilgiyə çevirmək istəyindən doğan bir yoldur. Çünki insanda elə bir idrak potensialı var ki, o, qarşılaşdığı gözəlliklərdən heç zaman doymur. Əksinə, gördüyü hər gözəllik onu daha dərinə, daha yüksək səviyyəyə çəkir. İnsan, ağlı və anlayışı vasitəsilə nisbətləri, ahəngi, öz qüsurlarını və başqalarının kamilliyini gördükcə, tədricən kamala doğru irəliləyir.

Bu səbəbdən, gözəllik anlayışımız sabit deyil, daim hərəkətdədir. Zaman-zaman cəmiyyətlərdə və fərdlərdə gözəlliyə dair meyarlar dəyişmişdir. Tarixdə bir dövrdə “bu” gözəl sayılmışsa, başqa bir dövrdə “başqa bir şey” gözəl adlandırılmışdır. Eyni proses fərdi olaraq da baş verir – insan yetkinləşdikcə gözəllik meyarları da dəyişir, inkişaf edir. Bu dəyişmə yıxıcı yox, daha çox bir pillədən digərinə çıxmaq kimidir. Çünki yeni gözəllik anlayışı əvvəlkini inkar etmir, onu da öz içində daşıyır və daha geniş bir çərçivəyə yerləşdirir. Məsələn, bir peşədə ustalaşmaq və ya valideyn olmaq kimi həyat təcrübələri, insanın o sahədəki gözəlliyi daha dərindən anlamasına imkan verir. Hər dəfə bir qüsurumuzu tamamladıqca, əvvəllər “gözəl” dediyimiz şeylərin əslində daha böyük bir gözəlliyin parçası olduğunu başa düşürük. Beləcə, gözəllik sonsuz dərinliyi olan bir axtarışa çevrilir.

Hiç yorum yok:

Yorum Gönder

Ağıl və İmanın Dönüşdürücü Təsiri

Bir insan Allah'a iman etməmişsə, onun dünyayla qurduğu əlaqə əsasən yaşamaq instinkti, yemək, içmək, qorunmaq kimi ehtiyaclar üzərindən...