Müasir dünyada iqtisadi həyatın necə işlədiyini anlamaq üçün, əslində, ev təsərrüfatları və firmalar tərəfindən hər gün verilən milyonlarla qərarın necə uyğunlaşdırıldığını dərk etmək lazımdır. İqtisadi fikir tarixində əsas müzakirə mövzularından biri də məhz bu sual olub: bu qədər fərqli qərar necə koordinasiya olunur və mövcud resurslar cəmiyyət daxilində hansı mexanizmlərlə bölüşdürülür? Bu suallara verilən fərqli cavablar zamanla müxtəlif iqtisadi sistemlərin formalaşmasına səbəb olmuşdur. Ümumilikdə isə hər bir iqtisadi sistemi digərlərindən fərqləndirən üç əsas meyar mövcuddur: qərarların necə qəbul edildiyi (koordinasiya mexanizmi), mülkiyyət hüquqlarının kimə məxsus olması və insanları hərəkətə keçirən təşviq mexanizmləri.
Kapitalizm: fərdi maraq və bazar mexanizmi
Kapitalizm mülkiyyət hüququnu əsasən fərdin üzərində quran və fərdi azadlığı mərkəzə alan bir sistemdir. Bu yanaşmada əsas məqsəd fərdi faydanın maksimumlaşdırılmasıdır; çünki qəbul edilir ki, cəmiyyətin ümumi rifahı ayrı-ayrı fərdlərin maraqlarının cəmindən ibarətdir. Qərarların qəbulu mərkəzləşdirilmiş bir qurum vasitəsilə deyil, bazar mexanizmi üzərindən, yəni desentralizə olunmuş şəkildə həyata keçirilir. Kapitalizm istehsalın səmərəliliyi və iqtisadi artım baxımından müəyyən uğurlar qazansa da, resursların ədalətli bölgüsü məsələsində çox zaman zəif qalır. Pareto optimalı kimi anlayışlarla mövcud vəziyyəti qorumağa üstünlük verilməsi, sərvət bərabərsizliyinin aradan qaldırılmasını çətinləşdirir.
Sosializm: mərkəzləşmə və dövlət nəzarəti
Kapitalizmin yaratdığı bərabərsizliklərə reaksiya olaraq ortaya çıxan sosializm isə mülkiyyət hüququnu fərddən alaraq dövlətin və ya cəmiyyətin ixtiyarına verir. Bu sistem əmək–kapital qarşıdurması və istismar anlayışları üzərində qurulmuş, bazar mexanizmi əvəzinə mərkəzi planlaşdırmanı önə çıxarmışdır. Sosializmdə dövlət insanların ehtiyaclarını müəyyən edir və resursların bölgüsünü birbaşa özü həyata keçirir. Lakin mülkiyyəti demək olar ki, tamamilə aradan qaldırmaq cəhdi insanın təbii meyllərini və mənəvi tərəfini nəzərə almadığı üçün, sistem həm səmərəlilikdə, həm də real ədaləti təmin etməkdə uğursuz olmuşdur.
İslam iqtisadiyyatı: ədalət və tarazlıq modeli
İslam iqtisadi sistemi isə kapitalizm və sosializmin ifrata varan tərəflərindən uzaq duran, özünəməxsus və tarazlı bir yanaşma təqdim edir. Bu sistemdə mülkiyyətin həqiqi sahibi Allahdır (c.c); insan isə həmin mülk üzərində müvəqqəti səlahiyyətə malik olan bir əmanətçi və xəlifə kimi qəbul edilir. İslam iqtisadiyyatında bazarın təbii axarına müdaxilə edilməməsi prinsipi əsas götürülür; qiymətlərin formalaşması Allahın qoyduğu ərz–tələb qanunları çərçivəsində izah olunur. İslam iqtisadiyyatı kapitalizmdən fərqli olaraq, yalnız maddi deyil, eyni zamanda mənəvi təşviq mexanizmlərini də ön plana çıxarır. Allah rızası, axirət inancı və məsuliyyət şüuru iqtisadi davranışın əsas hərəkətverici qüvvələrindən biri sayılır. Gəlir və sərvət fərqlərinin müəyyən dərəcədə təbii olduğu qəbul edilsə də, sərvətin yalnız varlılar arasında dövr edən bir gücə çevrilməsinə qəti şəkildə qarşı çıxılır. Bu tarazlığı qorumaq üçün İslam iqtisadi sistemi zəkat, vəqf və miras kimi institutlar vasitəsilə zəif təbəqələri qoruyan və sosial ədaləti təmin etməyə çalışan bir struktur formalaşdırır.
Hiç yorum yok:
Yorum Gönder