Ənənəvi anlayışda “kibr” (təkəbbür) və “vüqar” (ağırbaşlılıq, ciddiyyət) bir-birinə zidd anlayışlar kimi təqdim olunur. Amma bu anlayışlara bir az dərindən baxdıqda görürük ki, kibr sadəcə “özünü böyük görmək”lə məhdudlaşmır. O, insanın Allahın ona bəxş etdiyi nemətlərə qarşı göstərdiyi incə münasibətlə də sıx bağlıdır.
Vüqar — insanın özünə verilən lütfün, nemətin fərqində olaraq yaşaması deməkdir. Yəni insan özünə verilən dəyərin və imkanın şüuruna varmalı, bu şüurun tələblərinə uyğun davranmalıdır. Bu baxımdan, vüqar Allah qarşısında qul olmağın ciddiyyətini ifadə edir. Vüqar sahibi olan şəxs, öz varlığındakı hər şeyi — bacarığını, biliyini, gücünü, hətta zəifliyini belə — dərk edərək bunları Haqqa yaxınlaşmaq üçün bir vasitəyə çevirir.
Adətən kibr dedikdə, yalnız “özünü başqalarından üstün görmək” başa düşülür. Halbuki bu, kibrin sadəcə bir təzahürüdür. Kibr daha geniş, daha dərin və bəzən gizli duyğusal halları da əhatə edir:
-
Nemətə qarşı laqeydlik və ciddiyyətsizlik:
İnsan sahib olduğu nemətə qarşı sayğısız və dəyərsizlik göstərirsə, bu da kibrin bir formasıdır. Neməti kiçiltmək, onu adi görmək — həqiqətdə veriləni öz mülkü saymaq — kibrin incə, amma təhlükəli halıdır. -
Kiçiltmək və ya özünü dəyərsiz hiss etmək:
Başqalarını kiçik görmək açıq-aşkar təkəbbürdür. Ancaq maraqlıdır ki, insanın özünü dəyərsiz, heç bir şey kimi hiss etməsi də kibrin başqa bir tərəfidir. Çünki bu halda insan, Allahın yaratdığı dəyəri inkar etmiş olur. -
Şişirtmək:
Kibrin ən gizli və dərin formalarından biri də şişirtməkdir. Günahı da, ibadəti də həddindən artıq böyütmək bir növ kibrdir. Günahını o qədər böyük görmək ki, Allahın onu bağışlamayacağını düşünmək — bu da təkəbbürdür. Çünki aləmlərin Rəbbi qarşısında hansı günah “həddindən artıq böyük” ola bilər ki?
Nəticə etibarilə, həm başqalarına yuxarıdan baxmaq, həm də özünü əhəmiyyətsiz görmək — hər ikisi eyni kökdən, yəni kibrin içindən doğur.
Bu anlayışları düzgün dərk etmək, Peyğəmbərin (s.ə.s) öyrətdiyi dindarlığın mahiyyətini anlamaq baxımından çox vacibdir. Həqiqi dindarlığın əsası, insanın bütün münasibətlərini — özü ilə, başqaları ilə, dünya ilə olan əlaqələrini — yalnız Allahla münasibətindən qaynaqlandırmasıdır.
Hiç yorum yok:
Yorum Gönder