İslam mətnlərində möminlərin üstünlüyündən bəhs edən ifadələr bəzən yanlış anlaşılaraq bu üstünlüyün təkəbbür mənasına gəldiyi düşünülür. Halbuki, Qurani-Kərimdə qeyd olunan bu üstünlük, təkəbbür deyil, Allah’a yaxınlıq anlamı daşıyır. Buradakı üstünlük, insanın imanla qazandığı mənəvi dəyərləri və bu dəyərlərin onu haqq və ədalətə yaxınlaşdırmasını ifadə edir.
İmanın insana verdiyi ən böyük dəyər – Allah’a yaxınlıq şüurudur. Bu yaxınlıq həm də insanın həqiqətə, ədalətə və doğruya yaxınlaşması deməkdir. Lakin bir insan bu dəyərləri yalnız öz üstünlüyünü sübut etmək üçün istifadə edərsə, bu hal artıq kibrə çevrilir. Çünki insan bəzən sahib olduğu imandan, ailəsindən, milliyyətindən, dinindən və hətta sadəcə insan olmasından belə üstünlük payı çıxarmağa meyilli olur. Üstünlük duyğusu üç əsas vəziyyətdə kibrə çevrilir:
- Sahib olduqlarını özündən biləndə. İnsan qazandığı nemətlərin mənbəyini özündə gördükdə, bu anlayış kibr yaradır.
- Başqalarını kənara itələdikdə. İnsan özünü başqalarından üstün sayıb, onları dəyərdən saldıqda, bu münasibət təkəbbürün əlamətidir.
- Kibrin dairəsi. Təkəbbür yalnız insanlara qarşı deyil; insanın özünü hər hansı varlıq və ya məxluqdan üstün görməsi də bu dairəyə daxildir.
Bu mövzuya dair Bəyazid Bistaminin söylədiyi məşhur bir ifadə var. O, müsəlman məzarlığından keçərkən “bunlar məğrurlardır” (yəni dünyada imtahanı uduzanlardır), qeyri-müsəlman məzarlığından keçərkən isə “bunlar məzurlardır” (yəni bəhanə sahibidirlər) demişdir. Bu söz, insanın heç vaxt özünü başqalarından üstün görməməsinin zərurətini dərin bir hikmətlə ifadə edir.
İnsanın malik olduğu hər bir şey – iman, elm, qabiliyyət və ya fəzilət – Allahın bir lütfüdür. İnsan özündəki heç bir keyfiyyəti tam mənada “mənimdir” deyə bilməz, çünki hər şeyin qaynağı Haqdır. Hər bir nemət ilahi ədalət çərçivəsində fərqli formalarda bəndələrə paylanmışdır. Allah istədiyi bəndəsinə, digərində olmayan qabiliyyət və ya üstünlük verə bilər. Lakin bu fərqlilik, təkəbbür səbəbi deyil, əksinə, şükür və məsuliyyət tələb edən bir imtahandır. Çünki bütün bu fərqliliklər, insanın Allaha yaxınlaşması və Onun rızasını qazanması üçün bir vasitədir.
Nəticə etibarilə, imanın verdiyi üstünlük, təkəbbürün deyil, təvazökarlığın təməlidir. İnsan öz dəyərini Allahın verdiyi lütf olaraq dərk etdikcə, nəfsin səsinə deyil, Allahın çağırışına yönəlir.
Hiç yorum yok:
Yorum Gönder