Əli Şəriəti, müasir İslam düşüncəsinin önəmli simalarından biridir. Onun adı, Malik bin Nəbi, Əliya İzzətbeqoviç və digər çağdaş müsəlman intellektualları ilə yanaşı çəkilir. İranlı bir sosioloq və ictimai fəal olan Şəriəti, xüsusilə tənqidi düşüncəyə verdiyi əhəmiyyətlə fərqlənir. O, düşünürlərə qarşı yeganə borcun – onları düzgün anlamaq və ədalətli şəkildə tənqid etmək olduğunu vurğulayırdı. Bir fikir adamını başa düşmək üçün təkcə onun ideyalarına deyil, həm də həyat hekayəsinə, formalaşdığı ictimai mühitə, aldığı təhsilə və ailə köklərinə baxmağın vacibliyini qeyd edirdi.
Həyat Yolu və Fikirlərinin Formalaşması
1933-cü ildə sadə bir müəllim ailəsində dünyaya gələn Əli Şəriətinin ilk sosiallaşması atasının yanında baş vermişdi. O dövrdə İran, Müsəddiqin neftin milliləşdirilməsi siyasəti və ardınca baş verən ABŞ dəstəkli çevrilişlə çalxalanırdı. Belə bir mühitdə yetişən gənc nəsil, təbii olaraq, anti-imperialist və milli azadlıq düşüncəsi ilə yoğrulmuşdu. Bu ruh, Şəriətini həm milli ideallara, həm də o dövrdə “Üçüncü Dünya” ideologiyalarının simvolu sayılan sosialist yanaşmalara yaxınlaşdırdı. Təhsilini Parisdə – Sorbonna Universitetində davam etdirən Şəriəti, burada doktorluq dissertasiyasını “Peyğəmbərlər Tarixi” mövzusunda tamamladı. Fransada olduğu illərdə Cəzair müstəqillik hərəkatının ideya liderləri ilə əlaqə saxladı, Şah rejiminə qarşı fəaliyyətlərdə iştirak etdi. Məhz bu illərdə onun İslam kimliyinə daha dərin şəkildə yönəldiyini söyləmək mümkündür. Vətənə qayıtdıqdan sonra bir müddət həbs həyatı yaşadı, dəfələrlə təqiblərə məruz qaldı. 1965-ci ildə azadlığa çıxdıqdan sonra Məşhəd Universitetində dərs vermək başladı, daha sonra dostları ilə birlikdə “Hüseyniyyəyi-İrşad” adlı elm və maarif mərkəzini qurdu. Burada verdiyi mühazirələr cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar tərəfindən böyük maraqla qarşılanırdı. Onun əsərlərinin əksəriyyəti məhz həmin mühazirələrin yazıya alınmış formasıdır. 1977-ci ildə rejimin təzyiqlərinə tab gətirə bilməyərək saxta pasportla Londona keçdi. Qısa müddət sonra isə kirayələdiyi mənzildə müəmmalı şəkildə vəfat etdi. Rəsmi olaraq “ürək tutması” qeyd olunsa da, zəhərlənmə ehtimalı barədə müxtəlif versiyalar mövcuddur. Bu gün onun məzarı Şamda, Həzrət Zeynəb (r.a) türbəsinin həyətində yerləşir.
Şəriətinin Siyasi və Fikri Rolu
Əli Şəriətinin İran inqilabına gedən yolda oynadığı əsas rollardan biri, o dövrdə bir-birindən uzaq olan iki qrup – intellektuallar (milliyyətçilər və sosialistlər) ilə din alimləri (adətən Şah tərəfdarı ruhanilər) arasında körpü yaratmaq idi. Onun ideyaları, dini köhnə və “geridə qalmış” sayan ziyalıları İslamla tanış edir, eyni zamanda, Şiə ənənəsindəki itaət mərkəzli düşüncəni də sarsıdırdı. Onun dərslərinə tələbələr, tacirlər, ev xanımları və gənclər bir arada qatılır, bu da fikri hərəkatın xalq səviyyəsində yayılmasına səbəb olurdu. Şəriəti üçün dini irs nə tamamilə muzeyə qapadılmalı, nə də tənqidsiz şəkildə təkrarlanmalı idi. O, üçüncü bir yol təklif edirdi: keçmişi sevgi və anlayışla oxumaq, amma eyni zamanda onu bu günün problemlərinə cavab verəcək şəkildə yenidən dəyərləndirmək. Onun ən çox müzakirə doğuran yanaşmalarından biri “Səfəvi şiəliyi”nə qarşı tənqidi münasibətidir. Şəriəti, Hz. Əliyə (r.a) dayanan ədalət və azadlıq ruhunun şahların zülmünə səssiz qalmaması gərəkdiyini bildirir, buna görə də dövlətin dini alətə çevirməsini kəskin şəkildə rədd edirdi. Bu səbəbdən də bu gün İran hakimiyyəti onu təhlükəli bir fikir adamı sayır və bəzi dairələr hətta onu “gizli sünni” adlandırır.
Şəriətinin Sosial Teoriyasının İki Əsas Dayağı
Əli Şəriətinin düşüncə sistemi, Sartre, Gurviç və Fanon kimi çağdaş tənqidi düşünürlərlə eyni xəttdə dayanır. Onun nəzəriyyəsi iki əsas istiqamət üzərində qurulub:
1. Şaquli istiqamət – Azadlıq (ontoloji əsas)
Şəriətinin fikrincə, insan yalnız Allaha qul olmaqla azadlaşır. Bu qulluq, onu dünyəvi hakimiyyətlərin boyunduruğundan azad edir. Ona görə, insanın varlığının mahiyyəti azadlıqdır; Allah da yalnız azad insana xitab edir, çünki məsuliyyət daşımaq ancaq azad iradə ilə mümkündür. Modern cəmiyyətlərdə isə dövlətin və bürokratik sistemlərin sərhədləri bu azadlığı əlindən alır, nəticədə “azad olmayan vətəndaş” anlayışı yaranır.
2. Üfüqi istiqamət – Ədalət (ictimai-siyasi əsas)
Ədalət, Şəriətinin baxışında, “hər bir şeyi layiq olduğu yerə qoymaq” deməkdir. O, ədalətsizliyi yalnız Qərbin siyasi hegemoniyası ilə deyil, həm də cəmiyyətin içindəki zülm formaları ilə – qadınların, zəif təbəqələrin, dini və etnik azlıqların sıxışdırılması ilə izah edirdi. Bir insanın bacarığını həyata keçirə bilməməsi – məsələn, düşüncə qabiliyyəti olan bir şəxsin sadə fiziki işlə məşğul olması – onun üçün həm fərdi, həm də ictimai bir faciə idi.
Azadlıq və Ədalət Arasındakı Tarazlıq
Şəriətiyə görə, azadlığın olmadığı yerdə ədalətdən, ədalətin olmadığı yerdə isə azadlıqdan danışmaq mümkün deyil. Cəmiyyətin sağlam inkişafı bu iki dəyərin birlikdə mövcudluğundan asılıdır. O, düşünmə qabiliyyətini əlindən alınmış, başqalarının qərarlarına tabe olmuş insan toplumunu “eşşəkləşmiş kütlə” adlandırırdı. Belə bir cəmiyyət nə ədalətli ola, nə də ədalətli bir gələcək qura bilər. Hz. Hüseynin (r.a) şəhadətini Şəriəti həm fərdi azadlığın, həm də ictimai ədalətin simvolu kimi görür. Onun üçün Kərbəla hadisəsi, insanın öz azad iradəsi ilə zülmə qarşı çıxmasının zirvəsidir.
Fəqət bütün bunlara baxmayaraq, Şəriəti bir şiə olduğundan, əsərlərinə ehtiyatla yanaşılmalıdır. Çünki əsərlərində şiə izlərini görmək mümkündür.
Hiç yorum yok:
Yorum Gönder