3 Ocak 2026 Cumartesi

Malik bin Nəbi | Çağdaş İslam Mütəfəkkirləri

Malik Bin Nəbi — xüsusilə Cəzair və ümumilikdə İslam düşüncə tarixində dərin iz buraxmış mühüm bir alim və mütəfəkkirdir. O, həyatının böyük bir hissəsini Fransa müstəmləkəçiliyinin təsiri altında keçirmiş, bu da onun düşüncə sistemini formalaşdıran əsas amillərdən birinə çevrilmişdir. Bin Nəbinin intellektual fəaliyyəti, İslam dünyasının islahı, azadlıq və mədəni dirçəliş ideyası ətrafında mərkəzləşmişdi.

Həyatı və Fikri Formalaşması

Malik Bin Nəbi 1905-ci ildə Cəzairin Konstantin şəhərində sadə bir ailədə dünyaya gəlmişdir. Sömürgə rejiminin təsiri ilə ana dili olan ərəbcədən çox, fransızca düşünən və yazan bir mühitdə böyümüşdür. Sonralar öz əsərlərini ərəb dilinə çevirməyə çalışması da bu kolonial təsirin dərinliyini göstərir. Təhsilini həm dini mədrəsələrdə, həm də Fransa tipli məktəblərdə alan Bin Nəbi, daha sonra Parisdə mühəndislik üzrə ixtisaslaşmış, lakin diqqətini əsasən sosial, fəlsəfi və dini məsələlərə yönəltmişdir. Fransız təhsil sistemi içərisində keçdiyi illər, onda tənqidi düşüncə qabiliyyətini gücləndirmiş, Qəzzali, İbn Xəldun, Əfqani, Abduh, Rəşid Rza kimi şəxsiyyətlərin fikirləri ilə tanış olması isə onun ideya dünyasını dərinləşdirmişdir. 1956-cı ildən etibarən Misirdə fəaliyyət göstərən Bin Nəbi, burada öz dilini, mədəniyyətini və tarixi köklərini yenidən kəşf edərək İslam mədəniyyəti üzərində sistemli bir düşüncə inşa etməyə başlamışdır. O, tez-tez “İbn Xəldunun müasir varisi” kimi anılır. Malik Bin Nəbi 31 oktyabr 1973-cü ildə vəfat etmiş, arxasında 30-dan çox kitab və yüzlərlə elmi məqalə qoymuşdur.

Əsas Fikirləri və Düşüncə Qatları

1. Sömürgəçilik və “Sömürüləbilərlik” Anlayışı

Malik Bin Nəbiyə görə, bir xalqın azad olması təkcə siyasi və hərbi müstəqilliklə ölçülmür. Əgər bir cəmiyyətin düşüncəsi, dəyərləri və mənəvi azadlığı məhdudlaşdırılıbsa, onun maddi azadlığı da sabit ola bilməz. O, sömürgəçiliyi iki hissəyə ayırır: zahiri (xarici) və daxili (mənəvi) müstəmləkəçilik. Xarici güclərin işğalı sadəcə bir nəticədir; əsl səbəb isə toplumun öz daxilindəki zəiflik, ətalət və asılılıq düşüncəsidir. Bu mənəvi zəifliyi “sömürülə bilən insan tipi” adlandırır — yəni, təfəkkür və əxlaq baxımından donmuş, məsuliyyət hissini itirmiş, başqalarının yönləndirməsinə açıq fərd tipi. Bin Nəbi Qurandakı “Bir toplum, özünü dəyişdirmədikcə Allah da onları dəyişdirməz” (Rad, 11) ayəsinə istinad edərək bildirir ki, azadlıq yalnız yüksək əxlaq və iradə ilə mümkündür. Onun fikrincə, İslam dünyasının dirçəlişi yeni bir mənəvi inqilabla, yaradıcı düşüncənin dirçəldilməsi ilə başlaya bilər.

2. Mədəniyyət və Sivilizasiya Anlayışı

Bin Nəbinin nəzərində mədəniyyət sadəcə maddi inkişaf deyil, həm də insanın mənəvi və intellektual kamilləşməsi prosesidir. O, İbn Xəldunun mədəniyyət dövriyyəsi ideyasını (doğuş, yüksəliş, süqut) inkişaf etdirərək İslam mədəniyyətinin tarixi gedişini üç mərhələyə bölür:

  1. Mənəvi dövr: Vəhyin canlı olduğu, insanın fitrətinə uyğun yaşadığı başlanğıc mərhələ.

  2. Ağıl dövrü: Düşüncə azadlığının və yaradıcılığın artdığı, İslam cəmiyyətinin yüksəlişə keçdiyi mərhələ.

  3. Nəfsani dövr: Maddi dəyərlərin mənəviliyə üstün gəldiyi, zəifləmə və süqut dövrü — Bin Nəbiyə görə, bu gün yaşadığımız mərhələdir.

Onun “İnsan + Torpaq + Zaman = Mədəniyyət” formulu bu konsepsiyanın mərkəzində dayanır. Bu ünsürləri birləşdirən və onlara ruh verən dördüncü qüvvə isə Dindir. Bin Nəbi üçün insan amili ən mühüm investisiyadır. Əgər yaradıcılıq ruhu və ideya istehsalı yoxdursa, maddi inkişaf nə qədər böyük olsa da, sivilizasiya ayaqda qala bilməz.

3. Qurana Baxışı

Malik Bin Nəbi Qurana yalnız dini mətn kimi deyil, həm də sosial, tarixi və elmi prosesləri dərk etmə vasitəsi kimi yanaşırdı. Onun fikrincə, Peyğəmbər (s.ə.s.) bəşəriyyətin ən böyük sosioloqu idi. İnsanın hiss və ağıl vasitəsilə əldə etdiyi məlumat subyektivdir; bu subyektivliyi tarazlayan “obyektiv şüur” isə yalnız vəhiydir. Qurandakı tədricilik prinsipi (23 ilə nazil olması) Bin Nəbiyə görə, sosial dəyişimin ən sağlam modelini təqdim edir. Bu prinsipə əsaslanaraq, o, İslam dünyasına maddi və qərb yönlü düşüncə sistemlərinə qarşı Quran əsaslı alternativ bir model təklif etmişdir.

4. İslam və Demokratiya

Bin Nəbi İslamı “həqiqi demokratiya”nın təməli kimi dəyərləndirir. Onun fikrincə, İslamda demokratiya qanunlardan çox, insanın mənəvi dəyərinə əsaslanır. Qurandakı “Biz insanoğlunu şərəfli yaratdıq” ifadəsini İslamın konstitusiyasının giriş bəndi kimi qəbul edirdi. Ona görə, İslam fərdin özünə və başqasına hörmətini qoruyur, bu da cəmiyyətin demokratik ruhunu formalaşdırır. İslam demokrasiyasında hakimiyyətin sərhədi Qurana və Sünnəyə itaətlə müəyyən olunur. Hz. Ömərin (r.a) “Əgər düz yoldan sapsam, məni qılıncla düzəldin” kəlamı da bu anlayışın simvoludur. İslam demokratiyasının əsas cəhətləri — köləliyin ləğvi, inanc azadlığı, sərbəst hərəkət və əmək hüququ — insanın ləyaqətinə əsaslanan bir cəmiyyət modelinin göstəricisidir.

Beləliklə, Malik Bin Nəbi İslam dünyasının problemlərinə yalnız siyasi və iqtisadi tərəfdən deyil, mənəvi və mədəni ölçüdən yanaşan, “islah”ı insanın və düşüncənin dirçəlişi kimi görən bir fikir adamıdır.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...