Muhəmməd Abid əl-Cabiri, 1936-cı ildə Mərakeşin Maarif şəhərində dünyaya gəlmiş, 2010-cu ildə vəfat etmiş müasir ərəb-müsəlman düşünürlərindən biridir. O, çağdaş İslam fəlsəfəsində “ərəb–İslam düşüncəsi” anlayışını ön plana çıxaran ən mühüm şəxsiyyətlərdən sayılır. Cabiriyə görə, keçmiş sadəcə tarix deyil – bu günün düşüncəsini formalaşdıran, hələ də təsirini davam etdirən bir zehni mirasdır. Buna görə də, bu mirasın yenidən oxunması və tənqidi təhlili onun düşüncə sisteminin əsasını təşkil edir. Təhsilini Mərakeşdə tamamlayan Cabiri, 1967-ci ildə magistr, 1970-ci ildə isə doktor dərəcəsini almışdır. Həyatının müəyyən dövründə ölkəsindəki sol yönümlü partiya və ictimai hərəkatlarda rəhbərlik vəzifələrində çalışıb. Misir düşünürü Həsən Hənəfi kimi, o da “İslami sol” adlandırılan bir fikri cərəyana yaxın idi. Gənclik illərində müstəmləkəçiliyə qarşı dirəniş hərəkatlarında iştirak etmiş, lakin Mərakeşin müstəqillik qazanmasından sonra bir müddət həbs həyatı yaşamışdır. 1980-ci illərdən etibarən isə siyasətdən uzaqlaşaraq, tam şəkildə elmi və fəlsəfi fəaliyyətə yönəlmişdir.
Cabirinin ən məşhur əsərləri arasında “İslamda Siyasi Ağıl”, “Ərəb–İslam Ağlının Formalaşması”, “Ərəb–İslam Ağlının Mədəni Quruluşu”, “Müasir Ərəb-İslam Düşüncəsində Yenidən Quruluş”, “Fəlsəfi Mirasımız və Biz” və “Ərəb Əxlaqi Ağlı” adlı kitabları yer alır. O, həmçinin 13 cilddən ibarət geniş bir təfsir əsəri – Fəhmül-Qur’an – müəllifidir.
Cabirinin fikri sistemini anlamaq üçün iki əsas açar anlayış mühümdür: “Ərəb–İslam Ağılı” və “Quruluş (struktur)”.
1. Ərəb–İslam Ağılı
Cabiri, “ərəb ağlı”nı yalnız İslam dövrü ilə məhdudlaşdırmır. Onun fikrincə, bu ağıl Cəhalət dövründən etibarən təbiətə, insana və kainata baxış tərzi kimi formalaşmağa başlamışdı. “İslam ağılı” isə Peyğəmbərdən (s.ə.s) sonrakı mərhələdə bu baxışın dini və ictimai formaya düşmüş halıdır. Yəni Cabiriyə görə, ərəb və İslam düşüncə tərzləri bir-birini tamamlayan, ortaq bir zehni çərçivə yaradır.
2. Quruluşçu Yanaşma
Cabiri, İslam mədəniyyətinə və düşüncəsinə strukturçu bir yanaşma ilə baxır. Yəni o, dəyişməni və mədəni inkişafı yalnız fərdlərin fəaliyyətinə bağlamır; əksinə, bunu dil, ənənə, mədəniyyət kimi fərddən müstəqil “struktur” elementləri üzərindən izah edir. Onun fikrincə, müsəlman cəmiyyətlərində düşüncə və davranış formaları məhz keçmişdən gələn bu “zehni strukturlar” tərəfindən müəyyən olunur.
Cabiri ağlı iki yerə ayırır:
-
Yaradıcı Ağıl – fəal, mədəniyyət quran, problemləri həll edə bilən ağıl;
-
Yaradılmış Ağıl – passiv, mövcud vəziyyəti sadəcə təsvir edən və təkrarlayan ağıl.
Onun nəzərində, ərəb–İslam ağlı məhz bu ikisinin mübarizəsində formalaşmış və müsəlman cəmiyyətlərinin dünya və kainat anlayışını müəyyənləşdirmişdir.
Cabiri, ərəb–İslam ağlını bilik növlərinə görə üç əsas kateqoriyada təhlil edir:
1. Bəyani Ağıl (Mətn və Dil Ağılı)
Bu düşüncə tərzi İslamın başlanğıcından etibarən Qur’an və Sünnəyə əsaslanaraq dünyanı anlamağa çalışır. Bəyan metodu əsasən lüğəvi analiz, qiyas və icma üzərində qurulmuşdur. Cabiri, bu ağlı tənqid edərək bildirir ki, zaman keçdikcə Bəyan dini elmlərdə – xüsusən fiqh və dil sahəsində – qurumsallaşmış və düşüncəni hüquqi çərçivəyə həbs etmişdir. Bu, yaradıcılığı məhdudlaşdırmış, təfəkkürü donuqlaşdırmış və təqlid mədəniyyətini doğurmuşdur.
2. İrfani Ağıl (Mistik və Qnostik Ağıl)
Bu istiqamət daha çox fəlsəfi təriqətlər və sufi düşüncəsi ilə əlaqələndirilir. İrfan, ağlı məhdud, həqiqəti isə “hal” və “daxili idrak” vasitəsilə qavranan bir təcrübə kimi dəyərləndirir. Cabiriyə görə, bu yanaşma İslam dünyasında elmi və rasionallığı zəiflətmiş, insanı təfəkkürdən çox təslimiyyətə yönəltmişdir.
2. BurhanîiAğıl (Rasional və Sübutlayıcı Ağıl)
Cabirinin müdafiə etdiyi ağıl növü məhz budur. Burhani düşüncə təcrübəyə, müşahidəyə və məntiqi əsaslara söykənir. O, səbəb-nəticə əlaqəsini (səbəbilik) əsas alır və elmi düşüncə ilə dini inancı zidd görmür. Cabiriyə görə, təbiət qanunları ilə ilahi iradə arasında ziddiyyət yoxdur – əksinə, bunlar bir-birini tamamlayan iki reallıqdır. Bu səbəbdən o, dünyanın qurulmasında rasionallığın və elmin vacibliyini vurğulayır.
Cabiriyə görə, müsəlman cəmiyyətlərinin bu günkü geriliyinin əsas səbəbi tənqidi düşüncədən, elmi baxışdan və rasional yanaşmadan uzaq olmalarıdır. O, İbn Rüşdü bu mənada müsbət bir nümunə kimi göstərir — çünki İbn Rüşd dini və fəlsəfi düşüncəni ziddiyyət deyil, qarşılıqlı aydınlatma vasitəsi kimi görürdü.
Cabiri bilik sahəsində “müqəddəsləşdirmə” meylini kəskin tənqid edir. Onun fikrincə, bilik müzakirə oluna bilən, yoxlanıla bilən bir dəyərdir; müqəddəsləşdirildiyi anda, artıq dəyişməz və tənqiddən uzaq bir hakimiyyətə çevrilir. Bu da həm dini, həm siyasi, həm də mədəni monolitliyə yol açır.
Cabiri, müasir “neo-sələfi” cərəyanlara da tənqidi yanaşır. Onların qapalı, dünyadan təcrid olunmuş bir düşüncə sistemi qurduğunu, müasir dünyaya cavab verə biləcək yeni ideyalar yarada bilmədiklərini bildirir. O, müsəlmanların dünyadan qopmaması, Qərblə mübarizəni isə silahla deyil, elmlə, düşüncə ilə və məntiqi istehsalla aparmalı olduğunu vurğulayır.
Cabiri İslam tarixini üç əsas anlayış əsasında oxuyur:
-
Əqidə (İnanc) – hadisələrin arxasındakı zehni və mənəvi amil.
-
Qəbilə (Kollektiv kimlik) – cəmiyyətin sosial strukturu və dünyagörüşünü müəyyən edən təməl ünsür. O, bu anlayışın Xəlifə Ömər dövründən sonra tədricən Əməvilərlə birlikdə yenidən siyasi gücə çevrildiyini vurğulayır.
-
Qənimət (İqtisadi maraq) – həm o dövrün sərvət mənbəyi, həm də bu günə qədər davam edən iqtisadi düşüncə vərdişlərini formalaşdıran faktor kimi şərh olunur.
Cabiri həmçinin orta əsrlərdə geniş yayılmış “ədəb” ədəbiyyatını da tənqid edir. Onun fikrincə, bu əsərlər İran saray mədəniyyətindən təsirlənərək, İslam cəmiyyətində “itaət əxlaqı” formalaşdırmış və fərdi azad düşüncəni zəiflətmişdir. Bu səbəbdən o, Peyğəmbər (s.ə.s) və ilk iki xəlifənin dövründəki kimi yeni bir əxlaqi düşüncə modelinin qurulmasını zəruri sayır. Cabiri, həmçinin çağdaş dünyada demokratiyanın və fikri plüralizmin bu monolit düşüncə sistemini aşmaq üçün vacib olduğunu vurğulayır.
Hiç yorum yok:
Yorum Gönder