8 Ocak 2026 Perşembe

Qorxu, Ağıl və İnsanın Fərqindəliyi

İnsanla heyvan arasında müəyyən duyğu bənzərlikləri olsa da, bu duyğuların dərinliyi və sərhədləri baxımından arada ciddi fərqlər mövcuddur. Heyvanlar da qorxu və sevgi hissini yaşayırlar — bir heyvan balasını sevə bilər, yaşadığı mühitdən məmnundursa rahatlıq tapar, narazıdırsa qaçmağa çalışar. Amma insanı heyvandan fərqləndirən əsas cəhət budur ki, bizim duyğularımızın sərhədlərini ağlımız müəyyən edir. İnsan yalnız duyğularla deyil, həm də Allahı dərk etmə, axirət haqqında düşünmə və varlığın mənşəyinə dair suallar vermə qabiliyyəti ilə fərqlənir.

İnsan, şüurlu olduğunun da fərqində olan yeganə varlıqdır. Yəni biz təkcə düşünmürük, həm də düşündüyümüzün fərqindəyik. Bu “çoxqatlı şüur” bütün hisslərimizin dərinliyinə təsir göstərir. Məsələn, insan öləcəyini bilən yeganə canlıdır. Bu bilik qorxunun mahiyyətini və sərhədlərini tamamilə dəyişir. Heyvan ölümün sonrasını düşünməz, gələcəklə bağlı bir narahatlıq hiss etməz. Amma insan, varlığın sonu və sonrası barədə düşünə bildiyi üçün onun qorxusu da, ümidi də daha dərindir. Eyni zamanda, yalnız insan bu dünyanın necə yaranması ilə maraqlanır, səbəbləri anlamağa çalışır. Bu çoxqatlı şüur bizə həm özümüzü, həm də başqalarını dərk etmə imkanı verir. Şüurun bir tərəfi özünə baxır (fərqindəlik), digər tərəfi isə “başqasını” dərk etməyə yönəlib. Bu ikinci istiqamət sayəsində insan öz kimliyini və başqasıyla münasibətini anlayır.

Qorxu, digər hisslər kimi, idarə olunmadıqda həm dağıdıcı, həm də qorxunc nəticələrə səbəb ola bilər. Amma eyni zamanda, qorxu doğru prinsiplə əlaqələndirildikdə dirildici bir qüvvəyə çevrilir. Tam qorxusuzluq isə əslində təhlükəlidir. Məsələn, bir dövlət hər cür qorxudan azad olsa, yəni özündən tam əmin olarsa, qısa müddətdə zəifləyər və məhv olar. İnsan da eynidir — kiminsə tənqidindən, rəqabətindən tam əmin olan insan, artıq öz qabiliyyətlərini inkişaf etdirməz. İnsan öz “təhlükəsizliyinin” haqqını verə bilmədən arxayınlaşdıqda, bu arxayınlıq bir anda qorxuya, narahatlığa, hətta özündən böyük bir fəlakətə çevrilir. Buna görə də, qorxu, arzularımız kimi, bizi diri saxlayan bir qüvvədir. Qorxudan qaçmaq deyil, onu düzgün istiqamətə yönəltmək lazımdır.

İnsan təbiəti ziddiyyətlər üzərində qurulub. Tam təhlükəsizlik və tam arxayınlıq, görünüşdə ideal sayılsa da, əslində mümkün deyil. Həyatın özündə balans, qüvvələr arasında tarazlıq olanda nizam yaranır. İnsan bu tarazlığı itirdikdə, öz zəif tərəfinin altında əzilməyə başlayır.
Bu dünyada ziddiyyətlərin mövcud olması təsadüfi deyil. Allahın adları da ziddiyyətlərin içində təcəlli edir: O, həm açandır, həm bağlayan; həm dirildən, həm öldürən; həm verən, həm alan. Bu ikilik bütün varlıqda özünü göstərir, amma ən çox insanda görünür. Biz həm sevinc, həm kədər yaşayırıq; həm yaradıcı, həm dağıdıcı ola bilirik; həm gülür, həm ağlayırıq. Deməli, məqsəd bu ziddiyyətləri aradan qaldırmaq deyil, onları daha ali bir prinsipə — Allahın qoyduğu nizam və hikmətə — uyğun şəkildə idarə etməkdir. 
İnsanlıq və mədəniyyət də məhz bu şüurlu idarəetmənin nəticəsidir. Biz sivil həyatı təkcə əlimizin gücü ilə deyil, əlimizi mənaya yönəldən ağlımız sayəsində qurmuşuq. Yəni insanı insan edən təkcə alətləri deyil, o alətləri hansı məqsədlə istifadə etdiyini düşünə bilən zehniyyətidir.

Hiç yorum yok:

Yorum Gönder

Bitməyən Bir Səfər: Tapmış Olmaq Bitirmiş Olmaqdır?

Dini həyat sadəcə müəyyən mərasimlər və rituallardan ibarət bir dövr deyil, əksinə, davamlı bir səfərdir. Bu yolçuluğun arxasında dayanan ik...