19 Ocak 2026 Pazartesi

Ölüm İdrakı və Yaşamın Mənası

İnsan üçün ölüm yalnız bir son deyil. Tarix boyunca bu mövzu daim maraq doğurub, düşüncələri silkələyib, bəzən qorxudub, bəzən də həyatın dəyərini anlamağa imkan yaradıb. Tibbi baxımdan ölüm – bədənin funksiyalarını itirməsi və torpağa, suya, havaya qarışaraq öz qaynağına qayıtması kimi izah olunur. Ancaq insan üçün ölüm təkcə bir bioloji hadisə deyil; o, çox daha dərin, çoxqatlı və varlığın əsasına toxunan bir təcrübədir.

Ölümün fərqində olmaq: İnsanla başlayan düşüncə

İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun ölümü dərk edə bilməsidir. Bütün canlılar həyatda qalmağa çalışır, təhlükələrdən qaçır, instinktləri ilə hərəkət edir. Amma ölümün nə olduğunu anlayaraq ona dair düşünmək – bu yalnız insana aiddir. Bu isə ikinci dərəcəli bir şüur halıdır – yəni insan təkcə yaşadığının deyil, bir gün yaşamayacağının da fərqindədir. Öz ölümünü əvvəlcədən düşünmək və bu düşüncənin verdiyi məsuliyyətlə yaşamaq yalnız bizə aiddir.

Ölümə baxmayaraq yaşamaq istəyi

Bütün bunlara baxmayaraq, insan həyatına sıx bağlanır. Bəzən elə yaşayırıq ki, sanki ölüm bizim üçün yoxdur. Halbuki ölümə dair şübhəmiz yoxdur – o qədər dəqiq və qaçılmazdır. Ancaq buna rəğmən, gələcəkdə olmayacağımızı bilə-bilə illərlə çalışırıq, planlar qururuq, daha yaxşı yaşamaq üçün özümüzü yormaqdan çəkinmirik. Bu, bəlkə də ölümü unutduğumuzdan deyil – onu sadəcə zaman baxımından uzaqda görürük. Ya da bəlkə də, təcrübə etmədiyimiz üçün təsəvvürümüzə tam oturmur.

Yaşamaq dəyərdir, çünki ölüm susqundur

Yaşamaq ölümə nisbətən daha üstün bir haldır. Çünki yaşamaq – var olmaq, mövcud olmaq, hərəkətdə və dəyişmədə olmaq deməkdir. Ölüm isə bu varlığın kəsilməsi, davamının dayanması deməkdir. “Varlıq, yoxluqdan üstündür” anlayışı insanı hər zaman hərəkətə, yaradılışa, mənalı bir həyat qurmağa sövq edir. Yəni ölüm qorxusu, əslində bəzən həyatın dəyərini artıran bir aynaya çevrilir.

Ölüm sonrası inanc və həyatın mənası

Əslində ölüm, həyatın mənasını kökündən dəyişə biləcək bir qovşaqdır. İnsan ölüm sonrası barədə nə düşünürsə, bu onun həyat tərzini də müəyyənləşdirir. Əgər insan ölümün bir son olduğuna, daha heç bir şeyin olmayacağına inanarsa, bu, əsasən iki nəticə doğura bilər:

  • Mənasızlıq və həzz yönümlü həyat: Həyatın sonu yalnız yoxluq olaraq görülürsə, insan yaşadığı müddətdə ancaq keçici həzzlərə üz tutmağa meyilli ola bilər. Güc, nəfs, ləzzət, əyləncə… İnsan bəzən mənanı bu maddi təcrübələrin içində axtarmağa başlayar. Belə halda, insan mənanı daha çox bədəni ilə yaşamağa yönələr və bu onu dərinləşdirmək əvəzinə dayazlaşdırar.

  • İntihar: Bu düşüncənin ən son və ağır nöqtəsi isə, həyatın tamamilə mənasızlaşaraq insanı intihara aparması ola bilər.

Amma həyat bu iki ucdan ibarət deyil. Arada çox geniş bir sahə var. İnsan hər zaman ölüm sonrasına dair bir inanca meyilli olub. Hətta inanmayanların belə iç dünyasında bu mövzu daim bir sual kimi mövcuddur. Çünki ölüm sonrası ilə bağlı o qədər xəbər, o qədər düşüncə var ki, insanın zehnində bu mövzu daim bir ehtimal olaraq yaşayır. Təbii ki, bu inanc və ya ehtimal təkcə dini bir məsələ deyil; bu, eyni zamanda mədəni və mənəvi bir atmosferdir. Bir çox insanlar ölüm sonrası həyatın varlığını təkzib etsə də, əxlaqi davranışları, həyat tərzləri sanki belə bir inanca əsaslanırmış kimi davam edir.

Hiç yorum yok:

Yorum Gönder

Ağıl və İmanın Dönüşdürücü Təsiri

Bir insan Allah'a iman etməmişsə, onun dünyayla qurduğu əlaqə əsasən yaşamaq instinkti, yemək, içmək, qorunmaq kimi ehtiyaclar üzərindən...