İlahi münasibətləri düzgün anlamaq üçün bəzi əsas anlayışlara diqqət yetirmək vacibdir. Bu anlayışlardan biri də şükürdür. Adətən sadəcə minnətdarlıq mənasında düşünülən bu anlayış əslində Quran və sünnədə daha dərindən və geniş bir yer tutur. Maraqlıdır ki, Qurani-Kərimdə şükür anlayışının əksi kimi küfr göstərilir. Bu isə bizə onu deməyə əsas verir ki, şükür və küfr yalnız adi duyğu və etiqad məsələsi deyil, insanla Allah arasında qurulan münasibətin özəyini təşkil edir.
Həmd və şükür arasındakı incə fərq
Mənbələrdə və xüsusilə Quranda “həmd” daha ümumi və hərtərəfli bir ifadə kimi təqdim olunur. Məsələn, Qurani-Kərimin ikinci ayəsində "Əl-həmdu lilləhi Rabbil-aləmin" — "Bütün aləmlərin Rəbbi olan Allaha həmd olsun" ifadəsi ilə qarşılaşırıq. Bu ayə göstərir ki, həmd yalnız xoşbəxtlik anlarında deyil, həm də çətinliklər içində ikən belə insanın Allahla bağını qoruması, hər halın ilahi bir mənası olduğunu dərk etməsi deməkdir. Həmd — hadisələri Allaha bağlaya bilmək, hər vəziyyətdə Onun hikmətini görə bilməkdir.
Şükür isə bu ümumi halın daha konkret və spesifik formasıdır. Adətən insan həyatında arzu olunan, sevilən, müsbət qəbul edilən nemətlərə görə göstərilən minnətdarlıq hissidir. Buna görə də, demək olar ki, hər şükür həmdə daxildir, amma hər həmd şükür anlamına gəlmir. Həmd daha geniş, şükür isə daha konkret bir münasibət formasını ifadə edir.
Küfrün mənasına yenidən baxmaq
Quranda şükür anlayışının əksi kimi keçən "küfr" sözü, müasir anlayışda çox vaxt "Allahı inkar etmək", yəni ateizm kimi başa düşülür. Halbuki bu, Quranın təqdim etdiyi mənaya uyğun deyil. Quranda ateizm anlayışı – Allahın mövcudluğunu inkar – bir problem kimi müzakirə olunmur. Əksinə, əsas məsələ Allahın varlığını tanımamaqdan çox, Onunla doğru münasibət qurmamaq, Onun verdiklərini görməzdən gəlmək və Ona qarşı nankorluq göstərməkdir.
Başqa sözlə desək, Qurandakı küfr anlayışı, insanın Allahla münasibətini daraldan, məhdudlaşdıran bir mövqedir. İman isə bu münasibəti genişləndirən və dərinləşdirən bir anlayışdır. İnsanın fitrətində Allahı hiss etmə, Onu tanıma meyili var. Çətin anlarda, insanın səmimi şəkildə Allaha yönəlməsi də bu fitrətin təzahürüdür.
Bu mənada dinin məqsədi sadəcə bir inancı qəbul etdirmək deyil, həmin inancı insan həyatının mərkəzinə yerləşdirmək və onu həyatın bütün sahələrinə yaymaqdır. Buna görə də Quranda “şükür və küfr” qarşıtlığı adi bir emosional vəziyyət deyil, insanın Allahla olan münasibətində hansı mövqedə dayandığını göstərən əsas meyardır.
Hiç yorum yok:
Yorum Gönder