24 Eylül 2025 Çarşamba

İnanc və Qorxu

Tarix boyu insanın Tanrıya necə inandığı sualı filosofların, ilahiyyatçıların və antropoloqların maraq dairəsində olub. Xüsusilə müasir dövrdə bu məsələ mədəniyyət tarixi, sosiologiya və sivilizasiyalar üzərində çalışan düşüncə adamlarının diqqətini çəkib. Onlar dilin, dəyərlərin, hüququn, əxlaqın və dini düşüncənin necə formalaşdığını sorğulayıb, müxtəlif yanaşmalar ortaya qoyublar.

Qorxu və Ehtiyacdan Doğan İnanc Tənqidi

Modern dönəmdə bəzi tənqidçilər iddia edirlər ki, insan Tanrını zəif, aciz və qorxaq olduğu üçün “uydurub”. Bu yanaşmaya görə, insan əvvəl gücü öz içində tapır, zamanla bu güc strukturlara çevrilir, siyasi hakimiyyətlər və elitalar formalaşır, bununla da müqəddəs anlayışlar meydana gəlir. Beləcə güc, inanc və dəyər anlayışları bir-birinə bağlanır.

Bu düşüncəyə əsasən, insan təbiət hadisələrindən – ildırım, zəlzələ, tufan kimi hadisələrdən qorxduğu üçün bir pənah axtarıb və Tanrını da bu qorxularının qarşılığı olaraq “kəşf edib”. “Düşən təyyarədə ateist olmaz” kimi ifadələr də bu iddianın yumorla bəzədilmiş versiyası kimi təqdim edilir.

Amma bu nöqteyi-nəzər, ciddi şəkildə tənqidə məruz qalmalıdır. Əgər Tanrı inancı sırf qorxuya və acizlik hissinə söykənirsə, o zaman din anlayışı yalnız zəifliyə bağlı bir ehtiyac olaraq qalır. Belə bir əsas üzərində qurulan inanc, insan inkişaf etdikcə və təhlükəsizlik hissi artdıqca zəifləyəcək, nəticədə dinin özü mənasızlaşacaq. Bu isə, inancı orta əsr insanının qorxularını “haqlı” çıxaran bir mexanizmə çevirər və nəticədə Tanrı anlayışı insanın “qorxudan sığındığı bir qalaya” çevrilər. Bu isə müasir çağın tam da istədiyi nəticədir.

İnanca Fərqli Bir Yanaşma: Həqiqətə Söykənən Münasibət

Tanrıya olan inanc qorxuya deyil, həqiqət axtarışına əsaslanmalıdır. İnam, insanın daxili aləmində var olan bir həqiqətin tanınmasıdır. İbn Ərəbi (r.a) düşüncəsində bu fikir daha da dərinləşir.

İbn Ərəbiyə görə:

  • Allah insanın varlığında əvvəldən mövcuddur.

  • İnanc, bir “kriz” anında yaranmır; əksinə, mövcud olan inanc həmin anda üzə çıxır.

  • Məsələn, Musa peyğəmbərin (ə.s) bir adamı bilmədən öldürüb qaçması qorxudan deyil, həyat eşqindən doğur. İbn Ərəbi deyir ki, insan qorxduğuna görə qaçmaz, yaşamaq istədiyi üçün qaçar. Deməli, hərəkətin təməlində müsbət bir dəyər – sevgi və istək durur.

Bu yanaşma, inancın qorxu və zəiflikdən doğmadığını, əksinə, Allahın varlığı səbəbilə insanın güclü bir varlıq olaraq yaradıldığını göstərir. İnsanla Allah arasında təməl bir bağlılıq, bir münasibət mövcuddur. Bu münasibət bəzən çarəsizlikdə, bəzən güc anlarında, bəzən də fərqli bir hissin içində ortaya çıxır. Əsas məsələ bu bağlılığın qorxuya və ehtiyaca söykənməməsidir.

Mənə görə insan Tanrını yox olmaq qorxusundan deyil, daha yaxşı davranışlar axtardığı, daha kamil həyat arzuladığı və bir mənanı dərk etmək istədiyi üçün tapır. Qorxu və onun törəmələri dağıdıcı və tormozlayıcı hisslərdir; insanı inkişaf etdirməz, düşüncəni qabağa aparmaz.

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...