İslam düşüncə ənənəsində metafizik bilik yolları əsasən iki böyük istiqamət üzərində qurulub: Məşşai və İşraqi yanaşma. Bu iki yol arasındakı ən mühüm fərqlərdən biri “riyazət” anlayışı ətrafında ortaya çıxır. Bu mövzunu sistemli şəkildə işləyənlərdən biri də məşhur alim Fəxrəddin Razidir. Onun Əl-Mətalibül-Aliyə adlı əsərində hər iki metodun güclü və zəif tərəfləri müqayisə olunur, həqiqətə çatmağın yalnız bir yolunun olub-olmadığı müzakirə edilir.
Razi və ilkin suallar
Razi əsərinin əvvəlində Allahın zatı və sifətləri ilə bağlı gətirilmiş bütün dəlilləri tənqid edir. O, bu dəlillərin çoxunun hissi müşahidələrə bağlı olduğunu, hətta İbn Sinanın güclü görünən “imkan dəlili”nin də tamamilə saf ağıl üzərində qurulmadığını vurğulayır. Bu nöqtədə alim, metafizik bilik axtarışında hansı yolların seçilə biləcəyini araşdıraraq, nəzər və istidlal (burhan) metodu ilə riyazət metodunu qarşılaşdırır.
İki əsas metod
1. Nəzər və istidlal (burhan) yolu
-
Bu yanaşma filosoflar və kəlamçılar tərəfindən işlədilib.
-
Əsas xüsusiyyəti ətraflı və sistemli bilik təqdim etməsidir. İnsan bu yolda məntiqdən tutmuş botanika, minerologiya, təbiət hadisələri, tibb, psixologiya, riyaziyyat və hətta astronomiyaya qədər geniş sahələri öyrənməli olur.
-
Burada mərkəzi mövqedə müəllim yox, metodun özüdür. Yəni əsas məsələ, bilginin necə qurulacağı, hansı qaydalarla səhvdən qaçılacağıdır. Aristoteldən İbn Sinaya qədər işlənmiş bu metod sonrakı dövrlərdə kəlamçılar tərəfindən də zənginləşdirilib və formalaşdırılıb.
2. Riyazət yolu
-
Bu metod daha çox sufilər tərəfindən tətbiq olunub. Razi’nin dövründə İşraqilik hələ tam bir fəlsəfi məktəb kimi formalaşmamışdı, amma riyazət artıq bir təcrübə və həyat tərzi idi.
-
Bu yolun məqsədi ətraflı elmi məlumat toplamaq deyil. Əksinə, artıq biliyin çoxluğu maneə kimi görülür, çünki “masiva” – yəni Allahdan başqa şeylər – həqiqi məqsəddən yayındırır.
-
Bu yolda əsas mərkəz mürşiddir. Çünki riyazət çətin imtahanlarla doludur: az yemək, təklik, nəfsin arzularına qarşı dayanmaq. Bu prosesdə insanın şüuru çaşa və ya yanlış təcrübələrə qapıla bilər. Ona görə də sufilərə görə, mürşid olmadan həqiqi nəticəyə çatmaq mümkün deyil.
Yəqinlik və obyektivlik məsələsi
Razi maraqlı bir məqama toxunur: nəzər və istidlal yolu ilə əldə olunan biliklərdə insanın qəlbi tam rahat olmur. Məntiqi dəlillər güclü olsa da, həmişə “bəs əslində doğurdan da belədir?” sualı açıq qalır. Riyazətdə isə əldə olunan yəqinlik hissi çox güclüdür. Bu səbəbdən bir çox alimlər öyrəndiklərini təsdiqləmək üçün sonradan təkkəyə üz tutublar.
Digər tərəfdən, tənqidçilər riyazət təcrübəsini şəxsi və subyektiv hesab edirlər. Amma sufilər və Şihabəddin Sührəvərdi bunun tam əksini iddia edir: onların fikrincə, riyazət prosesində dərvişlərin yaşadıqları mərhələlər və gördükləri halların mənaları müəyyən qədər ortaqdır. Yəni bir mürşidin rəhbərliyi altında bu təcrübələr subyektiv deyil, “zümrə içində obyektiv” bilik xarakteri daşıyır. Sührəvərdi hətta öz Hikmətül-İşraq əsərini oxumaq üçün tələbələrin əvvəlcə 40 gün riyazətə girməsini şərt qoyurdu.
Hiç yorum yok:
Yorum Gönder