20 Kasım 2025 Perşembe

Pulun Tərifi, Mənşəyi və Fəlsəfəsi | İslam İqtisadına Giriş - 3

Bu gün “pul” dedikdə, dövlət tərəfindən buraxılan və ölkə daxilində rəsmi ödəniş vasitəsi kimi istifadə olunan, üzərində nominal dəyəri yazılmış kağız və ya metal vasitə nəzərdə tutulur.

“Pul” sözünün mənşəyi

  • Türk dillərindəki “para” sözü, fars dilində “parça” mənasını verən fare sözündən gəlir.

  • Ərəb dilində pul üçün daha çox nəqt (cəm halı nuqut) ifadəsi işlədilir. Bundan əlavə, mal sözü də pulu da əhatə edən daha geniş bir məna daşıyır.

  • İngilis dilindəki money sözünün kökü isə qədim yunan dilinə — moneta sözünə dayanır. “Moneta” əslində Roma tanrıçası Yunonun ləqəblərindən biri idi. Onun Kapitolin təpəsindəki məbədində metal pullar hazırlandığı üçün, bu söz zamanla “pul” mənasında işlənməyə başlayıb və orta əsrlərdə indiki money formasını alıb.

Pulun fəlsəfəsi, “Pul nədir?” və “Varlıq olaraq niyə mövcuddur?” kimi suallara cavab axtaran bir sahədir. Bu mövzuda hamının qəbul etdiyi vahid bir nəzəriyyə yoxdur.
Məsələn, 1914-cü ildə İnnes tərəfindən irəli sürülən “kredit nəzəriyyəsinə” görə, pul əslində hər dövrdə və hər yerdə bir kredit formasıdır. Digər yanaşmalarda isə pul, insanlar arasında razılaşdırılmış bir müqavilə, iqtisadi fəaliyyət üçün bir təşviq vasitəsi və ya dəyəri qoruyan bir simvol kimi izah olunur.

Pulun iqtisadi sistemdə üç əsas funksiyası vardır:

  1. Mübadilə vasitəsidir (mal və xidmətlərin dəyişdirilməsini təmin edir).

  2. Ümumi dəyər ölçüsüdür (qiymətlərin müəyyənləşməsini mümkün edir).

  3. Dəyər saxlama vasitəsidir (insanlara gələcəyi üçün sərvət toplama imkanı yaradır).

Pul bu funksiyaları yerinə yetirə bilmək üçün müəyyən xüsusiyyətlərə sahib olmalıdır: asan daşına bilməli, bölünə bilməli, uzunömürlü və eyni keyfiyyətdə (homojen) olmalıdır.
Bu xüsusiyyətlər əsasında bu gün də müxtəlif müzakirələr aparılır — məsələn, kriptovalyutaların “əsl pul” olub-olmaması kimi.

Pulun yaranması ilə bağlı ən çox qəbul edilən fikir, iqtisadi münasibətlərin əvvəlcə təbii mübadilə (barter) ilə başladığı, daha sonra metal və kağız pullara keçildiyi istiqamətindədir.
Lakin antropoloq David Graeber bu fikrə qarşı çıxaraq, qədim cəmiyyətlərdə “barter iqtisadiyyatı”nın əsas sistem olmadığını bildirir. Onun fikrincə, o dövrlərdə daha çox hədiyyələşmə və borc münasibətləri üstünlük təşkil edib. Tarix boyunca pul konkret maddədən daha çox abstrakt bir anlayışa çevrilib. Əsas pul növləri aşağıdakılardır:

  1. Daxili Dəyərli Pullar (Qızıl və Gümüş) – Öz dəyərini tərkibindəki metaldan alan pul növüdür. Qızıl və gümüş, kimyəvi xüsusiyyətlərinə görə bu məqsədə ən uyğun metallardır.

  2. Təmsilçi Pullar – I Dünya müharibəsindən 1970-ci illərə qədər davam edən Bretton Woods sistemində istifadə olunub. Bu dövrdə dünya valyutaları ABŞ dollarına, dollar isə qızıla bağlı idi.

  3. Etibar (Etibari) Pullar – Müasir dövrdə istifadə olunan kağız pullardır. Özündə real dəyər daşımır, dəyərini cəmiyyətin və dövlətin ona olan etibarından alır.

  4. Qeyri-Nağd (Qeydi) Pullar – Bank sisteminin kredit və depozit mexanizmləri vasitəsilə yaratdığı pullardır. Banka yatırılan məbləğin yalnız bir hissəsi ehtiyatda saxlanılır, qalan hissə kredit kimi yenidən dövriyyəyə daxil olur.

  5. Rəqəmsal və Kripto Pullar – Elektron mühitdə mövcud olan, fiziki qarşılığı olmayan müasir pul formalarıdır.

Bəzi İslam qaynaqlarında bəzən belə bir fikir qeyd olunur ki, ilk insan və eyni zamanda ilk müsəlman olan Hz. Adəmə (ə.s) pulun adı və mahiyyəti də öyrədilmişdi. Maqrizi kimi bəzi tarixçilər isə Hz. Adəmin ilk dinar və dirhəmi istifadə edən insan olduğunu qeyd edirlər. Qurani-Kərimdə pul və qiymət anlayışları peyğəmbərlərin hekayələri çərçivəsində keçir:

  • Hz. Musa (əs.) ilə bağlı ayələrdə, görülən işə qarşılıq haqq alınmasının mümkünlüyü qeyd olunur.

  • Hz. Yusif (ə.s) hekayəsində isə o, az miqdarda dirhəmə satılır və burada “səmən” (bədəl) anlayışı işlədilir.

  • Kəhf əhlinin hekayəsində, mağaradan çıxan gənclərin yemək almaq üçün istifadə etdiyi pul vəriq sözü ilə ifadə olunur.

Hz. Muhəmməd (sav) dövründə Bizans imperiyasının dinarı (qızıl pul) və Sasani imperiyasının dirhəmi (gümüş pul) əsas tədavüldə idi. Bundan əlavə, tərkibində daha az qiymətli metal olan fəls adlanan mis və bürünc pullar da istifadə olunurdu. İslam dünyasında ilk rəsmi müsəlman pulu Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan dövründə (VIII əsrdə) buraxılıb. Daha sonralar, Osmanlı imperiyasında 1840-cı ildə ilk dəfə kağız pul – qaimə dövriyyəyə buraxılıb. Əvvəlcə faizli borc sənədi kimi qəbul edilən qaimələr, xalqın mənfi münasibəti səbəbindən geri yığılaraq faizsiz şəkildə yenidən tədavülə buraxılmışdı. Əhməd Cəvad Paşanın qeyd etdiyinə görə, qaimələrin miqdarı artdıqca dəyəri azalıb və 500 min torbadan çox qaimənin inflyasiya yaratdığı bildirilmişdi. İslam tarixində istifadə olunan bəzi ölçü və pul vahidləri bunlardır:

  • Dinar, dirhəm, danik (dirhəmin 1/6 hissəsi),

  • uqiyyə (40 dirhəm), rıtıl (12 ukiyyə), nəş, nəvat, misqal və s.

Bu vahidlər, xüsusilə zəkat hesablamalarında böyük əhəmiyyət daşıyır. Çünki dinar və dirhəmin müasir dəyəri adətən qızıl və gümüşün qramı ilə hesablanır. 

Hiç yorum yok:

Yorum Gönder

Oruc: Gizli və Fərdi Bir İbadət

Oruc, zahirdə ibadətlərin içində daha sadə görünə bilər. Məsələn, namaz gündə beş dəfə qılınmalı, bəzən səfərdə, bəzən xəstəlik halında belə...