17 Mart 2026 Salı

Modern Dünyada Dinin Yenidən İnşası

Müasir dövr, dinin cəmiyyətdəki mövqeyini və gələcəyini davamlı şəkildə sorğulayan bir dövrdür. Xüsusilə XIX əsrin sonlarına doğru bəzi düşüncə sahibləri belə bir qənaətə gəlmişdilər ki, gələcəkdə dinin insanlıq üçün bir əhəmiyyəti qalmayacaq və bir əsr sonra bəlkə də “din” adlı anlayışdan söz açmaq mümkün olmayacaq. Onlara görə din – xüsusilə də təskinlik verən, insanı real həyatla üzləşməkdən yayındıran, xəyallar satan bir vasitədir. Belə bir baxış bucağına əsasən, din səbiri, təvəkkülü və razılığı təşviq etməklə insanı inqilab ruhundan və dəyişiklik ehtiyacından uzaqlaşdırır, mövcud ədalətsizliklərlə üzləşmək əvəzinə gücü axirətə yönəldir.

Lakin tarixi və sosial təcrübələr göstərir ki, din bu gözləntilərə zidd olaraq, insan həyatında çox dərin və qalıcı bir yerə malikdir. Din, kənardan gələn və lazım olduqda yola salınacaq bir “qonaq” deyil; əksinə, insanın içində doğulduğu, gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən bir fenomendir. Bu səbəbdən “çıx get” deməklə onu uzaqlaşdırmaq mümkün deyil, çünki dərin köklərə sahibdir. Üstəlik, müasir insanın dini təkrar-təkrar kəşf etməyə başlaması, dinin mənasını daha da gücləndirir.

Din İdarəetmə Vasitəsidirmi?

Dinin cəmiyyətdəki funksiyası ilə bağlı müzakirələrin mühüm bir istiqaməti də onun idarəetmə vasitəsi olub-olmaması ilə bağlıdır. Tarix boyu bəzi fəlsəfi yanaşmalar dinin, üst siniflərin yaratdığı və ya istifadə etdiyi bir struktur olduğunu iddia etmişlər. Bu fikrə görə din, siniflər arasında olan gərginliyi yumşaltmaq, insanların acılarına səbir və şükür pərdəsi çəkmək, ədalətsizlikləri və zülmü razılıqla ört-basdır etmək məqsədilə istifadə olunmuşdur. Hətta şəhidlik anlayışının belə insanları uzaq savaşlara yönəltmək üçün bir idarəetmə aləti olduğu irəli sürülmüşdür. Belə bir düşüncə, dinin siyasət və ya ticarət alətinə çevrilməsi ehtimalını da inkar etmir. Bu gün bəzi dini qrupların və camaatların bu kontekstdə daha soyuqqanlı şəkildə müzakirəyə ehtiyacı var.

Müasir Dünyanın Öz “Sekulyar Dinləri”

Müasir cəmiyyət, hüquq və siyasət vasitəsilə dini idarəetmədən kənarlaşdırmağa çalışsa da, bu proses öz içində yeni bir paradoks doğurmuşdur. Çünki müasir dünya da müəyyən mənəvi dayaqlara söykənən və bəzən dinə bənzər şəkildə işləyən “sekulyar dinlər” yaratmışdır. Demokratiya, insan hüquqları və digər bu qəbildən olan anlayışlar, artıq yalnız hüquqi və ya siyasi deyil, bir növ müqəddəs mənəvi dəyər kimi təqdim olunur. Bir vaxtlar ABŞ dolları üzərində yazılan “In God We Trust” ifadəsinin bu gün hansı anlamı daşıdığı ciddi şəkildə sual altına alınır. Bu ifadə sadəcə tarixi bir simvol olaraqmı qalır, yoxsa müasir dünya hələ də dini mənəviyyata ehtiyac duyurmu – bu, hələ də açıq qalan suallardandır.

Əsas məsələ budur: əgər müasir dünya dini idarəetmə vasitəsi olaraq kənarlaşdırıbsa, onun yerinə nə qoyub? Bu gün insanları yönləndirən və təsir altına alan yeni mənəvi dayaqlar hansılardır? Onlar insanı necə formalaşdırır, necə rahatlaşdırır, necə "susdurur"? Bəzi araşdırmalar göstərir ki, müasir dünyanın “yeni tiryəkləri” demokratiya, insan hüquqları və digər oxşar anlayışlardır. Beləliklə, tənqid yalnız dini deyil, onun əvəzində təqdim olunan “dinsiz ideologiyaları” da əhatə etməlidir.

Hiç yorum yok:

Yorum Gönder

Modern Dünyada Dinin Yenidən İnşası

Müasir dövr, dinin cəmiyyətdəki mövqeyini və gələcəyini davamlı şəkildə sorğulayan bir dövrdür. Xüsusilə XIX əsrin sonlarına doğru bəzi düşü...