Şiəliyin mahiyyəti və məsum imam inancı
Şiəlik tarixən əsasən Hz. Əliyə tərəfdarlıq və onun xüsusi məqamına vurğu ətrafında formalaşmış bir məzhəbi cərəyan kimi ortaya çıxmışdır. Sonrakı tarixi prosesdə Şiəlik müxtəlif qollara ayrılmışdır. Bu qollar arasında İmamiyyə (On iki imam) şiəliyi, Zeydilik, İsmaililik və başqa cərəyanlar qeyd olunur. Bu gün Şiəliyin ən geniş yayılmış qollarından biri İmamiyyə şiəliyidir. Coğrafi baxımdan isə şiə icmalarına İran, İraq, Yəmən, Səudiyyə Ərəbistanının bəzi bölgələri, Azərbaycan, Livan, Pakistan, Əfqanistan və digər ərazilərdə rast gəlinir.
Şiə etiqadı ilə Əhli-Sünnə etiqadı arasındakı ən mühüm ayrılıq məsələlərindən biri imamət anlayışıdır. İmamiyyə etiqadında imamət adi siyasi rəhbərlik və ya tarixi idarəçilik məsələsi kimi deyil, dinin əsas etiqadi məsələlərindən biri kimi qəbul edilir. Bu anlayışa görə, Hz. Peyğəmbərdən (s.ə.s.) sonra müəyyən imamlar Allah tərəfindən seçilmiş və xüsusi ilahi rəhbərlik məqamına sahib olmuşlar. İmamların günah və xətadan qorunduğu, dini məsələlərdə xüsusi elmə sahib olduğu və onların dini rəhbərliyinin məcburi xarakter daşıdığı qəbul edilir. İmamiyyə anlayışında imamla peyğəmbər arasında əsas fərqlərdən biri imamın yeni vəhy gətirməməsi və özündən əvvəlki peyğəmbərin şəriətinə tabe olmasıdır. Bununla belə, imamların məqamı olduqca yüksək tutulur. Həmçinin hər peyğəmbərin bir vəsisi olduğu və Hz. Peyğəmbərin (s.ə.s.) vəsisinin də Hz. Əli olduğu düşüncəsi mühüm yer tutur. İmamların müxtəlif dilləri və elmləri bilməsi, ehtiyac olduqda onlara xüsusi ilham yolu ilə məlumat çatması kimi fikirlər də şiə mənbələrində yer alır. Bu baxımdan imam yalnız siyasi və ya ictimai rəhbər deyil, həm də dini həqiqətin xüsusi daşıyıcısı kimi təqdim edilir. Əməli və fiqhi baxımdan İmamiyyə şiələri özlərini əsasən İmam Cəfər əs-Sadiqin adına nisbətlə “Cəfəri” adlandırırlar. Lakin Əhli-Sünnə alimlərinin yanaşmasına görə, sonrakı dövrlərdə formalaşmış İmamiyyə fiqhi ilə İmam Cəfər əs-Sadiq arasında birbaşa və tam şəkildə səhih tarixi-fiqhi əlaqənin qurulması çox çətin bir məsələdir və ciddi araşdırmalad tələb edir.
Təqiyyə anlayışı və şiə kimliyindəki yeri
Şiə etiqadında diqqət çəkən digər məsələlərdən biri də təqiyyə anlayışıdır. Təqiyyə ümumi mənada insanın canına, malına və ya dini təhlükəsizliyinə ciddi təhlükə yarandığı zaman öz etiqadını açıq şəkildə bildirməməsi və ya qarşı tərəfə fərqli görünməsi kimi izah edilir. İmamiyyə ənənəsində təqiyyəyə xüsusi əhəmiyyət verilir. Şiə mənbələrində İmam Cəfər əs-Sadiqə nisbət edilən “Təqiyyə mənim və atalarımın dinidir” və buna bənzər ifadələr təqiyyənin əhəmiyyətini göstərən əsas nümunələrdən biridir. Burada bir məsələni də nəzərə almaq lazımdır: təqiyyənin hansı hallarda tətbiq edilə biləcəyi və onun dini hökmünün nə dərəcədə ümumi olduğu barədə şiə alimləri arasında müxtəlif izahlar mövcuddur. Buna görə də təqiyyə anlayışını yalnız “aldatma” kimi təqdim etmək də həmişə düzgün olmaz. Tarix boyu şiə icmalarının müxtəlif siyasi hakimiyyətlər və əksəriyyəti təşkil edən başqa məzhəblərlə birlikdə yaşadığı dövrlərdə təqiyyə anlayışının müəyyən sosial funksiyası da olmuşdur. Şiə icmalarının öz dini kimliklərini qoruma üsullarından biri kimi bu anlayışdan istifadə etdikləri görülür.
Kərbəla hadisəsi və Hz. Hüseynin şəhadəti
Kərbəla hadisəsi İslam tarixinin ən faciəli hadisələrindən biridir. Hz. Hüseynin (r.a) və yanında olan insanların şəhid edilməsi həm tarixi, həm də dini baxımdan son dərəcə mühüm hadisədir. Əhli-Sünnə baxımından Hz. Hüseynin haqsız yerə öldürüldüyü və onun şəhid edilməsi böyük bir cinayət olduğu qəbul edilir. Hz. Hüseyn Əhli-Beytin ən mühüm simalarından biri və Hz. Peyğəmbərin (s.ə.s.) nəvəsidir. Bu səbəbdən onun şəhadəti müsəlmanların tarixində böyük bir faciə kimi qiymətləndirilir. Lakin Kərbəla hadisəsinin arxa planına baxdıqda məsələni yalnız Yezidin şəxsiyyəti üzərindən izah etməyin kifayət etmədiyini görürük. Məsələn, Hz. Əlinin (r.a) qətlində iştirak edən şəxsin xaricilərdən olduğu tarix mənbələrində geniş şəkildə qeyd edilir. Hz. Həsənin (r.a) zəhərlənməsi məsələsində isə şiə ənənəsində Müaviyənin məsuliyyət daşıdığına dair rəvayətlər mövcud olsa da, bu məsələnin tarixi baxımdan qəti şəkildə sübuta yetirilməsi mübahisəlidir ki, əlimizdə səhih rəvayətlər mövcud deyil bu barədə. Hz. Həsənin vəfatından sonra Hz. Hüseynin Müaviyə sağ olduğu müddətdə ona qarşı açıq şəkildə qiyam etməməsi də bu kontekstdə diqqət çəkən məsələlərdəndir.
Kərbəla hadisəsinə gəldikdə isə Hz. Hüseynin Kufəyə dəvət olunması prosesində Kufə əhalisinin göndərdiyi məktubların mühüm rolu olmuşdur. Hz. Hüseynin Kufəyə getməsi üçün çoxsaylı məktublar göndərilmiş, Müslim ibn Əqil də vəziyyəti araşdırmaq və Hz. Hüseyn üçün dəstək toplamaq məqsədilə Kufəyə göndərilmişdir. Lakin vəziyyət dəyişdikdən sonra Ubeydullah ibn Ziyad Kufədə hakimiyyəti ələ almış və Hz. Hüseynə dəstək verən insanların bir hissəsini təhdid, təzyiq və müxtəlif vasitələrlə geri çəkilməyə məcbur etmişdir. Nəticədə Hz. Hüseyn Kərbəlada tək və az sayda tərəfdarı ilə qalmış və şəhid edilmişdir. Bu hadisənin məsuliyyətinin kimlərin üzərinə düşməsi barədə tarixşünaslıqda müxtəlif yanaşmalar mövcuddur. Bəzi müəlliflər Kufədə Hz. Hüseyni əvvəlcə dəvət edib daha sonra onu tək qoyan çevrələrin roluna xüsusi diqqət çəkirlər. Əbubəkir Sifil də bu çevrələrdən danışarkən “politbüro” ifadəsindən istifadə edir. Kərbəladan sağ qalan Hz. Hüseynin oğlu İmam Əli Zeynəlabidinin həmin hadisədən sonra Kufə əhalisinə yönəltdiyi sərt etiraz da bu baxımdan diqqətəlayiqdir. Rəvayətlərdə onun Hz. Hüseyni əvvəlcə dəvət edən, daha sonra isə onu müdafiəsiz qoyan insanlara etiraz etdiyi bildirilir. Bununla belə, Kərbəla hadisəsinin bütün məsuliyyətini yalnız bir qrupun üzərinə qoymaq və ya tarixi hadisəni bir neçə cümlə ilə izah etmək doğru olmaz. Hadisənin siyasi, ictimai və məzhəbi tərəfləri ayrıca nəzərə alınmalıdır.
Səhabə anlayışı və Əhli-Sünnə ilə əsas ayrılıq
Əhli-Sünnə ilə Şiəlik arasındakı ən mühüm fərqlərdən biri səhabələrə münasibət məsələsidir. Əhli-Sünnəyə görə səhabələr məsum deyillər. Onlar insan olduqları üçün səhv edə, ictihadlarında yanılа və günah işləyə bilərlər. Lakin Quranda və Sünnədə səhabələrin fəzilətinə dair çoxsaylı təriflər olduğu üçün Əhli-Sünnə ümumilikdə səhabələrə hörmətlə yanaşır və onlar haqqında xeyirli düşüncəni qoruyur. Əhli-Sünnə eyni zamanda səhabələri fəzilət baxımından eyni səviyyədə hesab etmir. Onların İslamı qəbul etmə vaxtı, Peyğəmbərə yaxınlığı, xidmətləri və fədakarlıqları baxımından müxtəlif dərəcələri vardır. Məsələn, Hz. Əli ilə Hz. Müaviyə (r.anhuma) arasındakı siyasi qarşıdurmada Əhli-Sünnənin əsas mövqeyi Hz. Əlinin haqlı tərəf olmasıdır. Lakin bu, Hz. Müaviyənin səhabəlik məqamının inkar edilməsini və ya onun təhqir və təkfir edilməsini tələb etmir.
Şiə düşüncəsində isə səhabələrə münasibət daha fərqli şəkildə formalaşmışdır. İmamiyyə ənənəsində Hz. Əlinin imamətini qəbul edən və onun yanında dayanan müəyyən səhabələr xüsusi hörmətə sahibdir. Salman əl-Farisi, Miqdad ibn Əsvəd və Əbu Zərr əl-Ğifari kimi şəxslər bunların arasında xüsusi yer tutur. Bunun qarşılığında Hz. Əlinin imamətini qəbul etməyən səhabələrə (şiə düşüncəsinə görə) münasibət daha sərt olmuşdur. Şiə mənbələrində onların böyük bir hissəsinə qarşı ciddi tənqid və hətta təkfir xarakterli ifadələrə rast gəlinir. Bununla belə, bütün şiə qollarının və bütün şiə alimlərinin səhabələrin hamısına eyni münasibət göstərdiyini söyləmək də düzgün olmaz. Əhli-Sünnə isə Əhli-Beytə olan sevgini öz etiqadının mühüm hissələrindən biri hesab edir. Əhli-Beytə məhəbbət göstərmək şiəlik demək deyil. Başqa sözlə, Əhli-Beytə sevgi ilə Şiə məzhəbinin imamət doktrinası eyni şey deyil.
Mehdilik, fiqh və təkfir məsələsi
Mehdilik məsələsi
İmamiyyə şiəliyində on ikinci imamın qeybə çəkilməsi və gələcəkdə yenidən zühur edəcəyi inancı mühüm yer tutur. Bu inanca görə, Məhəmməd ibn Həsən əl-Məhdi qeybə çəkilmiş və qiyamətə yaxın zühur edərək ədaləti bərpa edəcəkdir. Əhli-Sünnə ənənəsində də Mehdi inancı mövcuddur. Lakin burada imamət doktrinasındakı kimi qeybə çəkilmiş məsum imam anlayışı yoxdur. Əhli-Sünnə mənbələrində Mehdi Hz. Peyğəmbərin (s.ə.s.) nəslindən gələcək və zülmlə dolmuş dünyada ədaləti bərpa edəcək, saleh və ədalətli bir rəhbər olacaq. Bu iki yanaşma arasındakı əsas fərq Mehdinin kimliyi və onun imamət sistemi daxilindəki statusu ilə bağlıdır.
Fiqh məsələsi
Əhli-Sünnə fiqhinin əsas metodoloji dayaqları Quran, Sünnə, icma və qiyas kimi üsullardır. Müxtəlif məzhəblər bu mənbələrdən istifadə metodunda müəyyən fərqlərə sahib olsalar da, ümumi üsul bu əsaslar ətrafında formalaşmışdır. İmamiyyə fiqhində isə imamların dini hakimiyyəti və onlardan nəql edilən rəvayətlər mühüm mənbə hesab olunur. Sonrakı dövrlərdə müctəhid alimlərin ictihadı və təqlid sistemi də mühüm yer tutmuşdur. Burada “Əhl-i Beyt məktəbi” ifadəsinin istifadəsinə də diqqət etmək lazımdır. Çünki Əhli-Beytin bütün alim və imamları İmamiyyə imamət sistemində eyni statusda qəbul edilmir. Məsələn, İmam Zeyd kimi Əhli-Beyt alimləri imamiyyə doktrinasındakı on iki məsum imam sisteminə daxil edilmir.
Təkfir məsələsi
Təkfir məsələsində də Əhli-Sünnə ilə Şiəlik arasında ciddi fərqlər mövcuddur. Əhli-Sünnənin ümumi prinsiplərinə görə qiblə əhli olan bir müsəlmanı asanlıqla kafir elan etmək olmaz. Bir şəxsin və ya qrupun İslam dairəsindən çıxarılması üçün əsas dini prinsiplərdən birinin açıq şəkildə inkar edilməsi kimi ciddi meyarlar nəzərə alınır. Bu səbəbdən Əhli-Sünnə alimlərinin böyük hissəsi bütün şiələri avtomatik şəkildə kafir hesab etməmiş, onları bidət əhli kimi qiymətləndirmişdir. Bununla yanaşı, Şiəlik daxilində ifrata gedən və İslamın əsas prinsipləri ilə ziddiyyət təşkil edən bəzi qruplar ayrıca qiymətləndirilmiş və lazım olduqda təkfir edilmişdir. Xüsusilə səhabələrin hamısını təhqir və ya təkfir edən, Qurana dair əsas etiqadları inkar edən və yaxud dinin zəruri prinsiplərinə açıq şəkildə zidd mövqelər qəbul edən ifrat qruplar haqqında Əhli-Sünnə alimlərinin daha sərt hökmləri olmuşdur. İmamiyyə şiəliyində isə əsasən 12 imamı qəbul etməyənlər iman dairəsi xaricində görülərək təkfir edilir.
Nəticə etibarilə Əhli-Sünnə ilə Şiəlik arasındakı fərqləri yalnız siyasi tarix və ya Hz. Əli məsələsi ilə məhdudlaşdırmaq düzgün deyil. Əsas ayrılıqlar imamətin mahiyyəti, imamların məsumluğu, dini hakimiyyətin mənbəyi, səhabələrə münasibət, təqiyyə, Mehdilik, fiqh üsulu və bəzi digər etiqadi məsələlər ətrafında formalaşmışdır. Eyni zamanda bu məsələləri araşdırarkən bütün şiələri eyni düşüncə və eyni mənbələrə sahib vahid qrup kimi təqdim etmək də elmi baxımdan düzgün olmaz. Zeydilik, İsmaililik və İmamiyyə kimi müxtəlif şiə cərəyanlarının bir-birindən fərqli etiqadi və fiqhi xüsusiyyətləri vardır. Buna görə də Əhli-Sünnə ilə Şiəlik arasındakı fikir ayrılıqlarını müzakirə edərkən konkret məzhəbin, konkret mənbənin və konkret etiqadi görüşün nəzərə alınması daha doğru yanaşmadır.
Hiç yorum yok:
Yorum Gönder